Haqsız rəqabətə görə cəza

post-img

Agentliyə daxil olmuş şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində altı təsərrüfat subyektinin rəqabət qanunvericiliyini pozduğu müəyyən edilib və onlar barəsində icrası məcburi göstərişlər verilib.

Agentliyin məlumatına görə, aparılan ilkin araşdırmalar “Baku Electronics” MMC, “ABC Telecom” MMC, “Trust Lux” MMC, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu, Qurbanov Vüsal Nəriman oğlu və Vəliyev Dadaş Azadəli oğlu barəsində haqsız rəqabət əlamətlərini təsdiqləyib. Bununla əlaqədar qeyd olunan subyektlər üzrə rəqabət qanunvericiliyinin pozulması faktları əsasında işlər qaldırılıb və müvafiq qərarlar qəbul olunub.

Araşdırma nəticəsində məlum olub ki, “Baku Electronics” MMC “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışında istehlakçıları çaşdıra biləcək məlumatlardan istifadə edib. Məhsulların faktiki istehsalçısı Çin və Özbəkistan olsa da, reklam və qablaşdırmada “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrin işlədilməsi onların Yaponiyada istehsal olunduğu təsəvvürü yaradıb. Bu hal Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Oxşar hal “ABC Telecom” MMC-nin satdığı “HOFFMANN” markalı elektrik qızdırıcılarında qeydə alınıb. Məhsullar Çində istehsal olunsa da, qablaşdırmada Almaniyaya aid təsvir və ifadələrdən istifadə olunaraq istehlakçılarda yanlış təəssürat yaradılıb.

“Trust Lux” MMC tərəfindən satılan “Y.A.Ş” markalı sanitar-texniki məhsulların qablaşdırılmasında da istehsal ölkəsi barədə yanlış məlumatlara yol verildiyi müəyyən edilib. Çin istehsalı olan bu məhsulların üzərində Türkiyəyə aid xəritə təsviri və ifadələrin yerləşdirilməsi onların Türkiyə istehsalı kimi təqdim olunmasına səbəb olub.

Fiziki şəxs Quliyev Pərviz Məmmədhüseyn oğlu fəaliyyət göstərdiyi obyekt və sosial şəbəkələrdə reklam zamanı başqa sahibkara məxsus “ZAGAR BAKU” əmtəə nişanından qanunsuz istifadə edib. Bu hal da haqsız rəqabət kimi qiymətləndirilib.

Qurbanov Vüsal Nəriman oğlu tərəfindən satışa çıxarılan “AUXs” markalı kontrafakt kondisionerlərin üzərində Azərbaycan ərazisində qorunan “AUX” əmtəə nişanının qanunsuz istifadəsi müəyyən edilib. Məsələdə cinayət tərkibi əlamətləri olduğuna görə araşdırma materialları Baş Prokurorluğa göndərilib.

Digər sahibkar Vəliyev Dadaş Azadəli oğlu isə istehsal etdiyi süd məhsullarının etiketlərində “İVANOVKA” coğrafi göstəricisindən əsassız istifadə etməklə istehlakçılarda yanlış təsəvvür yaradıb və bununla rəqabət qanunvericiliyinin tələblərini pozub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi rəqabət mühitinin pozulması hallarının qarşısının alınması üçün adıçəkilən təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər təqdim edib. Göstərişlərdə qanun pozuntularının dərhal aradan qaldırılması və gələcəkdə təkrarlanmaması tələb olunur.

Agentlik işgüzar münasibətlərdə şəffaflığın qorunması, ədalətli rəqabət mühitinin təmin olunması və istehlakçıların aldadılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdiriləcəyini bildirib.

XQ

İqtisadiyyat