Rəqəmsal transformasiya və dayanıqlı maliyyə məsələləri diqqət mərkəzindədir
Azərbaycan paytaxtında IX Beynəlxalq Bankçılıq Forumu keçirilir. Məclis Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı, eləcə də MasterCard beynəlxalq ödəniş şirkətinin tərəfdaşlığı ilə ərsəyə gəlib. Müzakirələr “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” devizi altında keçirilir və nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, açıq bankçılıq, kapital bazarları və yeni ödəniş ekosistemləri kimi aktual mövzuları əhatə edir. Məqsəd bank-maliyyə sektorunda qlobal və yerli trendləri dəyərləndirmək, innovativ həlləri araşdırmaq və dayanıqlı maliyyə sistemi quruculuğu istiqamətində fikir mübadiləsi aparmaqdır.
Qeyd edək ki, forumda 1500-dən çox yerli və xarici iştirakçı – dövlət qurumlarının nümayəndələri, bank rəhbərləri, tənzimləyicilər, fintek ekosistemi təmsilçiləri və maliyyə ekspertləri – bir araya gəlir. İki gün ərzində 50-dən artıq spikerin iştirakı ilə müxtəlif mövzuları əhatə edən 9 panel iclası təşkil olunur. Bu miqyaslı iştirak və geniş gündəm tədbirin həm Azərbaycanın bank sektoru, həm də beynəlxalq maliyyə ictimaiyyəti üçün mühüm platforma olduğunu göstərdi.
Forumun ilk günü aktual çıxışlarla yadda qaldı. Aparıcı simalar bankçılığın və ümumən Azərbaycanın iqtisadiyyat sahəsində gələcəyi barədə vacib fikirlər səsləndirdilər. Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev rəqəmsal ödəniş infrastrukturunun gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, Azərbaycanda "card-to-card" ödəniş əməliyyatları ilə bağlı qanunvericiliyə yeni tələblər əlavə ediləcək. Bu addım rəqəmsal ödənişlərin inkişaf meyillərini qorumaq və nağd dövriyyədən asılılığı azaltmaq məqsədi daşıyır. O, adi Ödənişlər Sisteminin imkanlarından tam istifadə olunmalı olduğunu, həmçinin alternativ ödəniş vasitələrinin (QR kod, NFC və s.) tətbiqinin genişləndirilməsinin vacibliyini qeyd etdi.
"Mastercard" şirkətinin regional rəhbəri Eren Özkan da forumun natiqlərindən biri idi. O, süni intellekt texnologiyalarının bank xidmətlərində inqilabi dəyişikliklər yaratdığını diqqətə çatdırdı. Onun sözlərinə görə, qlobal banklar hər il AI sahəsinə təxminən 600 milyard dollar sərmayə qoyurlar. E.Özkan bildirir ki, 2030-cu ilə qədər bank sektorunda müştəri xidmətlərinin böyük hissəsi süni zəka vasitəsilə icra olunacaq. Həmçinin rəqəmsal aktivlərin hazırda dünya ÜDM-nin 3 faizini təşkil etdiyini, 2030-cu ildə bu rəqəmin 10 trilyon dollara çatmasının proqnozlaşdırıldığını qeyd etdi.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında ölkədə iqtisadi artımı sürətləndirmək üçün böyük investisiya potensialı olduğunu bildirdi: “İqtisadi artımı stimullaşdıracaq əsas istiqamət investisiya xətti olacaq. Hazırda 2027-30-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyası üzərində işlər aparılır və sənəddə 10 milyard manatdan artıq əsaslı vəsait qoyuluşu nəzərdə tutulur. Eyni zamanda, "Böyük Qayıdış" proqramı çərçivəsində 2027-30-cu illərdə 13,2 milyard manatlıq investisiya yatırılması planlaşdırılır”. Bununla yanaşı, planlaşdırılan iri infrastruktur layihələrinin icrası ilə dövlətin illik əsaslı yatırım həcmi təxminən 4 milyard manata yüksələcək ki, bu da iqtisadi artımın daha dayanıqlı olmasına imkan verəcək.
Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin sədri Fərid Osmanov dövlət və bank sektorunun rəqəmsal inteqrasiyası barədə danışdı. Onun sözlərinə görə, "myGov" elektron hökumət portalının aktiv istifadəçi sayı 800 mindən çoxdur, ümumi istifadəçi sayı isə 2 milyona yaxınlaşıb. F.Osmanov qeyd etdi ki, maliyyə sektoru ilə dövlət sistemlərinin “Digital Finance” adlı inteqrasiya platforması vasitəsilə əlaqələndirilməsi sayəsində bugünədək 300 milyona yaxın tranzaksiya həyata keçirilib. Artıq dövlət qurumları arasında bütün yazışmalar tam elektronlaşdırılıb və kağızsız hökumət modelinə keçid prosesi sürətlə gedir.
Bununla yanaşı, bir sıra məsələlərlə bağlı XQ-yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirdi ki, bank sektorunun inkişafı ilə əlaqədar Azərbaycanda bir sıra banklar açıq bankçılıq üzərindən həyata keçirilən ödənişlərə qoşulub. “Artıq bir neçə bankın mobil tətbiqlərində açıq bankçılıq üzərindən işləyən xidmətlər mövcuddur. Bu, əsasən, hesab və transaksiya məlumatlarını əhatə edir. Strategiyamızda olan yol xəritəsinə uyğun olaraq bankların sistemə qoşulması davam edir. Maliyyə institutları kibertəhlükəsizlik qaydalarına uyğunlaşma prosesindədir. Kibertəhlükəsizliklə bağlı bizim cari qaydalarımız, yanaşmamız var”.
Sədr Ani Ödənişlər Sistemi üzrə ödənişlərdən də danışdı: “Burada ödənişlər 25 dəfə artıb və ciddi yüksəliş qeydə alınır. Ani Ödənişlər və AZQR standartı həm regionlarda, həm də Bakı üzrə nağdsız ödənişlərin genişlənməsinə, xərclərin azalmasına imkan verəcək. Bu isə həm vətəndaşların, həm də sahibkarların ödəniş xərclərini əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur.
IX Beynəlxalq Bankçılıq Forumuna xarici ölkələrdən gələn, bankçılıq sahəsində qlobal nüfuza sahib rəsmilər də böyük maraq göstərir. Natiqlərdən biri kimi, Polşa Banklar Assosiasiyasının vitse-prezidenti Vlodzimyej Kiçinski beynəlxalq əməkdaşlıq imkanları haqqında auditoriyaya geniş məlumat verərək bildirdi ki, Polşa Banklar Assosiasiyası Azərbaycanın bank sektorunu strateji tərəfdaş kimi görür və iki ölkə arasında bankçılıq sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini prioritet hesab edir. Kiçinski Polşanın bank sisteminin rəqəmsallaşma üzrə dünya liderlərindən olduğunu qeyd edərək, ən qabaqcıl 34 rəqəmsal bank arasında 4 Polşa bankının yer aldığını vurğuladı.
Qeyd edək ki, forum çərçivəsində panel iclaslarında bank sektorunu maraqlandıran bir sıra mühüm mövzular ətrafında müzakirələr aparıldı. “Sərhədsiz bankçılıq: maliyyə mühitini yenidən müəyyən edən qlobal qüvvələr”, “Risklər və tənzimləyici təkamül”, “Yerli banklar növbəti artım dalğasını necə formalaşdırır” və “Etibarlı, təhlükəsiz və davamlı bank işi” kimi panellərdə müvafiq olaraq qlobal bankçılıq trendləri, risk menecmenti və tənzimləmə islahatları, bank sektorunda lokomotiv rolunun gücləndirilməsi və dayanıqlı maliyyə prinsipləri müzakirə olundu.
Bununla yanaşı, forum boyu rəqəmsal transformasiya və innovativ texnologiyalar əsas müzakirə mövzusu idi. Açıq bankçılıq (Open Banking) ekosisteminin inkişafı, ödəniş sistemlərinin modernizasiyası (ani ödənişlər, QR ödənişlər, rəqəmsal valyutalar) və kibertəhlükəsizlik məsələləri üzrə təqdimatlar edildi. Dayanıqlı maliyyə və ESG meyarlarının tətbiqi, iqlim risklərinin nəzərə alınması kimi mövzular da gündəmdə idi. Ümumilikdə, iştirakçılar maliyyə ekosisteminin gələcəyini, innovativ həllərin tətbiqini və sektorun uzunmüddətli dayanıqlılığını təmin etmək yollarını geniş müzakirə etdilər.
Forumun nəticəsi olaraq bir sıra vacib təşəbbüslər diqqətə layiq oldu. İlk növbədə, rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə kartdan-karta köçürmələr üzrə yeni qaydaların tətbiqi anons edildi. Bu dəyişiklik nağdsız ödənişlərin payını artırmaq və əməliyyatların şəffaflığını gücləndirmək məqsədi daşıyır. Bundan başqa, ölkədaxili Ani Ödənişlər Sisteminin imkanlarının genişləndirilməsi və alternativ ödəniş texnologiyalarının (QR, NFC və s.) sürətlə tətbiqi qərarlaşdırıldı. Forum çərçivəsində Azərbaycan ilə qonşu ölkələr arasında birgə fintech sandbox yaratmaq təşəbbüsü də irəli sürüldü ki, bu, regional innovasiya mühitinə töhfə verə bilər. Müzakirələrdə bank sektorunda maliyyə savadlılığının artırılması və aparılan islahatların sektor tərəfindən dəstəklənməsi zərurəti də xüsusi vurğulandı.
Forumda səslənən fikirlər Azərbaycanda bank sektorunun gələcək inkişafına dair bir yol xəritəsi formalaşdırır. Rəqəmsal texnologiyaların və innovativ həllərin geniş tətbiqi bank xidmətlərinin keyfiyyətini yüksəldib müştəri məmnuniyyətini artıracaq, eyni zamanda nağdsız ödənişlərin payını böyüdərək iqtisadiyyatın şəffaflaşmasına təkan verəcək. Müzakirə olunan investisiya planları və dayanıqlı maliyyə yanaşmaları bank sektorunun real iqtisadiyyata dəstəyini gücləndirə bilər – planlaşdırılan iri layihələrin maliyyələşməsində bankların fəal iştirakı ümumi iqtisadi artım tempinə pozitiv təsir göstərəcək. Beynəlxalq əməkdaşlıq istiqamətində qurulan əlaqələr isə yerli banklara qlobal təcrübədən yararlanmaq imkanı verəcək və sektorun rəqabət qabiliyyətini yüksəldəcək.
Nurlan ABDALOV
XQ


