Azərbaycan ilə Türkiyə arasında münasibətlər artıq klassik siyasi və enerji əməkdaşlığı çərçivəsini aşaraq rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar müstəvisində yeni keyfiyyət mərhələsinə daxil olur. Növbəti addım olaraq Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” çərçivəsində əldə olunan bu razılaşma türk dünyası üçün böyük perspektiv vəd edir.
Forumun əsas mahiyyəti məhz iki qardaş ölkə arasında rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovasiya ekosistemlərinin inteqrasiyası və ortaq texnoloji bazarın formalaşdırılmasıdır. İmzalanmış strateji sənəd təkcə niyyət bəyanatı deyil, konkret fəaliyyət istiqamətlərini və mexanizmləri müəyyənləşdirən yol xəritəsidir. Sənəd innovasiya, startap ekosistemi, süni intellekt, rəqəmsal hökumət, kibertəhlükəsizlik və texnologiya transferi kimi sahələri əhatə edir.
Müzakirələrə qoşulan Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün iki ölkə arasında texnoloji əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq bildirdi ki, Azərbaycan və Türkiyə artıq ənənəvi iqtisadi əlaqələr modelindən innovasiya əsaslı əməkdaşlıq modelinə keçir. Natiqin fikrincə, rəqəmsal transformasiya yalnız iqtisadi artım vasitəsi deyil, həm də dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və regional rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Forum çərçivəsində səsləndirilən əsas mesajlardan biri də elektron imzaların qarşılıqlı tanınmasına texniki hazırlığın tamamlanması oldu. Bu addım iki ölkə arasında rəqəmsal sənəd dövriyyəsinin sadələşdirilməsinə, biznes əməliyyatlarının sürətlənməsinə və sərhədlərarası xidmətlərin genişlənməsinə imkan yaradacaq. Elektron imzanın qarşılıqlı tanınması faktiki olaraq ortaq rəqəmsal məkanın formalaşmasına doğru atılmış praktik addımdır.
Rəqəmsal hökumət sahəsində əldə olunan nəticələr də forumun diqqət mərkəzində idi. Azərbaycanda “myGov” platformasının istifadəçilərinin sayının 2,5 milyonu keçməsi rəqəmsal xidmətlərə artan etimadın və dövlət xidmətlərinin transformasiyasının real göstəricisidir. Bu modelin Türkiyə təcrübəsi ilə inteqrasiyası yeni nəsil rəqəmsal xidmətlərin yaradılmasına zəmin yarada bilər.
İki ölkə arasında 110 maddədən ibarət yeni fəaliyyət planının hazırlanması əməkdaşlığın sistemli xarakter aldığını göstərir. Bu plan konkret sektorlar üzrə əməkdaşlıq mexanizmlərini, birgə layihələri və institusional koordinasiyanı nəzərdə tutur. Xüsusilə informasiya-kommunikasiya texnologiyaları, sənaye rəqəmsallaşması, logistika və enerji sahələrində ortaq təşəbbüslərin genişləndirilməsi diqqət çəkir.
Məclisdə Azərbaycanın süni intellektin tətbiqinə hazırlıq üzrə regionda lider mövqedə olduğu vurğulandı. Süni intellekt texnologiyalarının dövlət idarəçiliyində, maliyyə sektorunda və sənayedə tətbiqi istiqamətində görülən işlər Azərbaycanın rəqəmsal transformasiya strategiyasının əsas sütunlarından birinə çevrilib. Türkiyə ilə bu sahədə əməkdaşlıq bilik və texnologiya mübadiləsini daha da sürətləndirə bilər.
Eyni zamanda, beynəlxalq texnoloji şirkətlərin Azərbaycandakı fəaliyyətinin genişlənməsi ölkənin regional innovasiya mərkəzinə çevrilmək iddiasını gücləndirir. Bu kontekstdə Türkiyə şirkətlərinin Azərbaycandakı layihələrdə fəal iştirakı, ortaq startap fondlarının yaradılması və texnologiya parkları arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Türkiyə tərəfinin rəqəmsal texnologiyaların bütün sahələrdə dəyər yaratdığını vurğulaması forumun fəlsəfi əsasını da ortaya qoyur. Rəqəmsallaşma artıq ayrı-ayrı sektorların deyil, bütövlükdə iqtisadi modelin transformasiyası deməkdir. İki ölkə arasında innovasiya və texnologiya sahəsində imzalanan strateji sənəd bu transformasiyanı koordinasiyalı və uzunmüddətli əsasda həyata keçirməyə yönəlib.
Bu forum göstərdi ki, Azərbaycan–Türkiyə münasibətləri yeni mərhələdə texnoloji inteqrasiya müstəvisində inkişaf edir. Enerji və nəqliyyat layihələri ilə möhkəmlənmiş strateji tərəfdaşlıq indi rəqəmsal iqtisadiyyat sahəsində daha dərin və kompleks məzmun qazanır.
Rəqəmsal transformasiya və texnologiya körpüsü anlayışı artıq rəmzi ifadə deyil. Bu, gerçək layihələr, konkret sənədlər və davamlı mexanizmlərlə təmin olunan strateji istiqamətdir. İmzalanan sənəd və forumda səslənən mesajlar göstərir ki, Azərbaycan və Türkiyə gələcəyin iqtisadi modelini birlikdə formalaşdırmaq niyyətindədir.
Nurlan ABDALOV
XQ

