Dünya birjalarında neft qiymətləri artım nümayiş etdirib. Fevralın 23-nə olan məlumata görə, Londonun Inter Continental Exchange (ICE) birjasında “Brent” markalı neftin bir bareli 0,68 dollar bahalaşaraq 72,17 dollara yüksəlib. Nyu-Yorkun New York Mercantile Exchange (NYMEX) birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar artaraq 66,94 dollar təşkil edib.
Qeyd edək ki, son həftələr qlobal enerji bazarlarında müşahidə olunan qiymət artımı beynəlxalq iqtisadi gündəliyin əsas mövzularından birinə çevrilib. Xüsusilə xam neft bazarında qeydə alınan bahalaşma yalnız tələb-təklif balansı ilə izah olunmur. Proses daha çox geosiyasi risklərin və maliyyə bazarlarında formalaşan gözləntilərin təsiri altında baş verir.
Hazırkı mərhələdə qiymət artımının başlıca amillərindən biri ABŞ ilə İran arasında davam edən gərginlik və bu münasibətlərin qeyri-müəyyən xarakter daşımasıdır. Tərəflər arasında ritorikanın sərtləşməsi, mümkün sanksiya mexanizmləri və regionda hərbi-siyasi risklərin artması bazarlara dərhal öz təsirini göstərir.
Vaşinqton–Tehran xəttində gərginliyin yüksəldiyi dövrlər enerji daşıyıcılarının qiymətlərində artımla müşayiət olunur. Əksinə, dialoq siqnalları və nisbi sabitlik fonunda qiymətlərdə müəyyən korrektə müşahidə edilir.
Xüsusilə Hörmüz boğazı kimi strateji nəqliyyat marşrutları ətrafında qeyri-müəyyənlik yarandıqda, bu, neft qiymətlərinə dərhal təsir göstərir. Çünki dünya üzrə neft daşımalarının mühüm hissəsi məhz bu marşrutdan həyata keçirilir. Bu səbəbdən bölgədə hər hansı gərginlik və ya təhlükə ehtimalı yarandıqda, bazar iştirakçıları mümkün tədarük riskini nəzərə alaraq qiymətləri yüksəldirlər. Yəni real fasilə baş verməsə belə, risk ehtimalı özü qiymət artımına səbəb olur. Qiymət artımına təsir edən bir neçə əsas amil var.
İlk növbədə, OPEC və onun tərəfdaşlarının hasilat siyasəti bazarda tarazlığa birbaşa təsir göstərir. Əgər əsas ixracatçı ölkələr neft hasilatını azaldırsa, bazarda təklif azalır və bu, qiymətlərin yüksəlməsinə şərait yaradır.
İkinci amil, ABŞ-dakı vəziyyətlə bağlıdır. ABŞ-ın Energetika Nazirliyi tərəfindən idarə olunan strateji neft ehtiyatlarından istifadə və ölkədə şist nefti hasilatının dəyişməsi bazara əlavə təsir göstərir. Bu proseslər neftin ümumi təklif həcmini artırıb-azalda və nəticədə qiymətlərdə dəyişiklik yarada bilər.
Üçüncüsü, bu məsələdə dünya iqtisadiyyatının inkişaf tempi mühüm rol oynayır. Xüsusilə Asiya ölkələrində sənaye istehsalının artması enerji tələbatını yüksəldir. Tələb artdıqda isə qiymətlər adətən yuxarı istiqamətdə hərəkət edir.
Nəhayət, maliyyə mühitidir. Neft beynəlxalq bazarlarda əsasən ABŞ dolları ilə satıldığı üçün onun məzənnəsi də qiymətlərə təsir edir. Dollar zəiflədikdə neft alışı digər valyutalarla alıcılar üçün daha əlverişli olur.
Məhz bu baxımdan deyə bilərik ki, hazırkı bahalaşma yalnız geosiyasi qarşıdurma ilə izah olunmur. Proses, eyni zamanda, risklərin bazar tərəfindən necə qiymətləndirilməsi, spekulyativ kapitalın hərəkəti, əsas istehsalçı ölkələrin hasilat siyasəti və qlobal makroiqtisadi gözləntilərlə bağlıdır. Əgər yaxın müddətdə ABŞ–İran münasibətlərində qeyri-müəyyənlik qalarsa, enerji bazarlarında qiymət dalğalanmalarının davam etməsi yüksək ehtimal olunur.
Yeri gəlmişkən, qlobal enerji bazarlarında qiymət artımı Azərbaycan üçün əlverişli iqtisadi mühit yaradır. Enerji ixracatçısı kimi ölkə üçün neftin bahalaşması, ilk növbədə, büdcə gəlirlərinin artması deməkdir. Dövlət büdcəsində neftin baza qiyməti 65 dollar səviyyəsində götürüldüyü halda, faktiki satış qiymətinin 70 dolları aşması əlavə fiskal imkanlar formalaşdırır. Bu fərq dövlət büdcəsinə əlavə gəlir gətirir və gözlənilməz xərclərin qarşılanması üçün əlavə maliyyə imkanı yaradır.
Neft sektorundan daxilolmaların artması sosialyönümlü xərclərin, infrastruktur layihələrinin və regionların inkişaf proqramlarının maliyyələşdirilməsini genişləndirir. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma proseslərinin sürətlənməsi də məhz bu əlavə resurslarla sıx bağlıdır. Kapital qoyuluşlarının artması tikinti, nəqliyyat, logistika və xidmət sektorlarında məşğulluğa müsbət təsir göstərir, daxili tələbi gücləndirir və multiplikativ effekt yaradır.
Fiskal dayanıqlılığın əsas dayaqlarından biri Azərbaycan Dövlət Neft Fondudur. Neftin bahalaşması fondun aktivlərinin artımını sürətləndirir, strateji valyuta ehtiyatlarını gücləndirir və uzunmüddətli maliyyə təhlükəsizliyinə xidmət edir. Fond vasitəsilə büdcəyə edilən transfertlər dövlətin investisiya və sosial öhdəliklərini sabit şəkildə yerinə yetirməsinə imkan yaradır. Eyni zamanda, yüksək neft gəlirləri tədiyə balansının profisitlə formalaşmasına şərait yaradır ki, bu da milli valyutanın sabitliyini dəstəkləyir və inflyasiya təzyiqlərini yumşaldır.
Ancaq qiymət artımının geosiyasi gərginlik fonunda baş verməsi qorxu amilini də gündəmdə saxlayır. Regional təhlükəsizlik baxımından Tehran–Vaşinqton xəttində davam edən qeyri-müəyyənlik məqsədəuyğun deyil.
Eldəniz ƏMİROV,
iqtisadçı
Qlobal enerji bazarlarında qiymət artımının əsas səbəbi hazırkı mərhələdə ABŞ və İran arasında davam edən və zaman-zaman kəskinləşən qeyri-müəyyənlikdir. Enerji qiymətlərinin artım dinamikası ilə ABŞ–İran münasibətlərində gərginliyin yüksəldiyi dövrləri müqayisə etdikdə, onların düz mütənasib olduğunu görmək mümkündür. Bu isə o deməkdir ki, tərəflər arasında qarşıdurma dərinləşdikcə enerji daşıyıcılarının qiyməti yüksəlir.
Əksinə, nisbi sakitləşmə və dialoq platformasının formalaşması fonunda qiymətlərdə müəyyən sabitləşmə və ya enmə müşahidə olunur. Mövcud dinamika daha çox davranış iqtisadiyyatının təsiri ilə izah edilir. Burada əsas amil tələbin real dəyişməsi deyil, qlobal investorların mövcud təhdidləri proqnozlaşdırması və təhlükəsizlik risklərini yüksək qiymətləndirməsidir. Bu gözləntilər enerji daşıyıcılarının qiymətinə birbaşa təsir göstərir.
Yaxın günlərə gəldikdə isə, tərəflər arasında münasibətlər bu məcrada davam etdiyi təqdirdə qiymət dalğalanmalarının da nəzərə çarpması gözləniləndir. Enerji kontekstində bu prosesin Azərbaycan üçün müəyyən müsbət tərəfləri var. Belə ki, büdcədə neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulsa da, hazırda satış qiyməti 70 dollardan yuxarıdır.
Lakin regional təhlükəsizlik və qarşıya qoyulmuş digər strateji hədəflər baxımından davam edən qeyri-müəyyənlik arzuolunan hal hesab edilə bilməz. Azərbaycan İran ətrafında yaranmış məsələlərin ən qısa zamanda və sülh yolu ilə həllini dəstəkləyir.
Musa BAĞIRLI
XQ


