Ət bazarı bahalaşmanın ön xəttinə çıxıb

post-img

Yerli istehsal azalır, idxalın artması isə tələbatı ödəmir

Ötən il Azərbaycana Monqolustandan 3,6 milyon ABŞ dolları dəyərində 897 ton quzu və qoyun əti idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin ölkədən ət idxalı əvvəlki illə müqayisədə həcm baxımından 77 faiz, məbləğ baxımından isə 77,8 faiz çoxalıb. Ümumiyyətlə, 2024-cü ildə respublikaya 2 milyon 25 min ABŞ dolları dəyərində 506 ton qoyun və quzu əti gətirilib. 2025-ci ildə Azərbaycana idxal edilən dondurulmuş qoyun ətinin həcmi isə, təqribən, 300 tona (illik müqayisədə 65 faiz çox) yüksəlib. Bununla yanaşı, respublikada 2021-ci ildə 8 milyon 900 min baş qoyun və keçi qeydə alınıb. Hesabat ilində isə həmin göstərici 2 milyon 50 min baş azalaraq 6 milyon 850 min olub.

Aqrar rəhbərlik hara baxır?

Bəs ölkədə xırda heyvanların sayının azalması, ət idxalının artması nə ilə bağlıdır? Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bunun ölkədə bir sıra struktur problemləri ilə əlaqədar olduğunu deyir və hər il respublikaya, təxminən, 240-250 min baş xırdabuynuzlu heyvanın kəsim üçün gətirildiyini, bu göstəricinin isə Azərbaycanda ətə daimi tələbatdan xəbər verdiyini qeyd edir. Mütəxəssis tələbatın çox, qiymətin isə yüksək olduğu bir şəraitdə kəndlinin bu sahəyə marağının azalmasının əsas səbəbini ölkəmizdə yem bazasının zəif olması ilə əlaqələndirir.

V.Məhərrəmlinin sözlərinə görə, əvvəllər Azərbaycanda 2 milyon 400 min hektar örüş və təbii biçənək olub. Son 15 ildə isə bu sahələr azalıb. Bu səbəbdən də heyvandarlıqda xəstəliklər çoxalıb, arıqlama, zəifləmə halları genişlənib. Buna görə də əvvəllər bir heyvanda bir gün ərzində qeydə alınan çəki artıq üç günə əldə olunub. Nəticədə, kəndli üçün heyvandarlığın, necə deyərlər, cazibədarlığı getdikcə azalıb. Belə şəraitdə isə məcburiyyət üzündən çox vaxt heyvanlarını kəsiminə, ya da satılmasına üstünlük verilib.

Ekspert qeyd edir ki, Azərbaycanda ancaq örüş sahələrinin yenidən canlanlandırılması, suvarma, otarma, toxum səpini və gübrələmənin diqqət mərkəzində saxlanılması ilə bu sahədə məhsuldarlığın artması mümkündür. Eyni zamanda, ölkədə örüş sahələrinin bələdiyyələrin ixtiyarına verilməsi zəruridir. Lakin, təəssüf ki, hazırda bələdiyyələrdə bunun əksi nəzərə çarpır. Halbuki həmin ərazilərin, örüş yerlərinin kəndlilərin ictimai istifadəsinə verilməsi əvəzinə, qanunsuz şəkildə satılması, sahələrin məmurlar, imkanlı şəxslər tərəfindən mənimsənilməsi, özününküləşdirilməsi ciddi narahatlıq doğurur.

Əgər sadalanan problemlər aradan qaldırılmasa, respublikada heyvandarlıq daha da geriləyəcək və xarici ölkələrdən asılılıq getdikcə artacaq. Bu da, əlbəttə, ət qiymətlərinin daha da bahalaşmasına səbəb olacaq. Digər tərəfdən, bazarlarda dondurulmuş, mənşəyi bəlli olmayan, keyfiyyətsiz ət məhsullarının getdikcə artması, bəzi hallarda isə xəstə və ya ölü heyvan ətlərinin satışa çıxarılması ilə insan sağlamlığına ziyan vuracaq ciddi təhlükələr də getdikcə artacaq. Hazırkı vəziyyətin davam edəcəyi təqdirdə, vətəndaş məcburi şəkildə məhz idxal məhsullardan asılı olacaq.

Başqa bir problem isə xaricdən ucuz qiymətə alınıb gətirilən xırdabuynuzlu heyvanların satışı ilə bağlıdır. Tovuzlu sahibkar İsa Həsənovun sözlərinə görə, Azərbaycanda yüksəkkeyfiyyətli qoyun cinsləri olsa da, son illər fermerlər tərəfindən “Qaradolaq” cinsinə daha çox üstünlük verilir. Qarabağ bölgəsində, Ağcabədi rayonunun Qaradolaq kəndində yaranan bu cins qoyunlara hazırda respublikanın bütün bölgələrində rast gəlinir. Böyüklüyünə, ətinin yüksək keyfiyyətinə və çox bala verməsinə görə seçilən bu cins qoyunlar adıçəkilən rayondan damazlıq kimi alınaraq təsərrüfatlarda sürətlə çoxaldılır.

Fermerlər bildirirlər ki, “Qaradolaq” cinsindən olan elə qoçlar var ki, 100 kiloqram ət verir. Ana qoyunlar içərisində isə əkiz və üçəm doğanlar daha çoxdur. Hər 100 qoyundan 120-130 bala alınır. Beləliklə, ölkədə həm ətinin çox və dadlı olmasına, həm də balavermə qabiliyyətinə görə ən üstün sort “Qaradolaq”dır. Odur ki, digər bölgələrdən bu qoyunlar damazlıq kimi alınır. Yaşlı qoyun 350-400 manata, cavanlar 600-800 manata satılır. Seçim zamanı isə 1500 manata təklif edilir. Bu cins qoyunlara bəslənildiyi təsərrüfatlarda arpa və yoncanın getdikcə bahalaşdığı, eləcə də örüş yerlərinin çatışmazlığı səbəbindən çox xərc çəkildiyi bildirilir.

Çıxış yolları nədədir?

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlının sözlərinə görə, respublikada heyvandarlığın inkişafı üçün zəngin potensial var. Həm təbii şərait, həm su mənbələri, həm də yem bazası mövcuddur. Təəssüf ki, bu potensial lazımi səviyyədə qiymətləndirilmir. Respublikada əsas problem heyvandarlığın inkişafının ekstensiv yolla, yəni müasir texnologiya ilə deyil, yalnız miqdar, sahə və resursların artırılması (kəmiyyət) hesabına genişləndirilməsidir. Başqa sözlə, bu üsulda əlavə investisiya və ya yeni texnologiyalar əvəzinə, daha çox işçi qüvvəsi, torpaq və ya avadanlıq istifadə edilir. Belə şəraitdə heyvan sayı çox, məhsuldarlıq isə aşağı olur. Əldə edilən həm ət, süd, həm də yunun həcmi çəkilən zəhmətə uyğun gəlmir.

Respublikada heyvandarlıq potensialından səmərəli istifadənin aşağı səviyyədə olması səbəblərindən biri də təsərrüfatlarda işlərin həyata keçirilməsində elmi yanaşmanın diqqətdə saxlanılmaması, pərakəndə fəaliyyətə üstünlük verilməsidir. Buna görə də təsərrüfatların sayı çox, səmərəlilik dərəcəsi isə aşağıdır. Bu, kənd təsərrüfatında “kiçik təsərrüfat hakimiyyəti” adlandırılır. Belə təsərrüfatlarda isə proqressiv metodları tətbiq etmək, keyfiyyətə nail olmaq çox çətin olur.

Digər bir problem yem bazası ilə bağlıdır. Belə ki, sovet dönəmində respublikada müəyyən yem təsərrüfatları var idi. Həmin təsərrüfatlar hazırda əvvəlki səviyyədə fəaliyyət göstərmir. Heyvandarlıqda narahatlıq doğuran ciddi çətinliklərdən biri də örüş yerlərinin az olması ilə bağlıdır. Qarabağ işğal altında olduğu vaxtlarda bu ərazidə, eləcə digər bölgələrimizdə heyvandarlıq sahəsi tənəzzüllə üzləşdi. Başqa sözlə, bu torpaqlarda bir çox önəmli yem bazası, qış və yay otlaqları sıradan çıxdı. İndi düşməndən geri alınan və bərpaolunan ərazilərin səmərəli istifadəsi heyvandarlığın inkişafına, məhsuldarlığın artımına öz mühüm töhfəsini verir.

Q.Bayramlının sözlərinə görə, sovet dövründə geniş fəaliyyət göstərən damazlıq təsərrüfatları var idi. İndi həmin təsərrüfatların da sayı azalıb. Xaricdən gətirilən heyvanların yerli iqlimə uyğunlaşdırılmasının özü də bir problemə çevrilib. Belə ki, bəzən xaricdən gətirilən heyvanlar bu baxımdan lazımi keyfiyyət tələblərinə cavab vermir. Digər tərəfdən, onların yerli şəraitə uyğunlaşması üçün müəyyən hazırlıq tədbirləri görülmür. Buna görə də idxal yolu ilə alınan heyvanlardan çox vaxt istənilən nəticə əldə edilmir.

Hazırda ölkədə mövcud heyvan cinslərində bir cırlaşma nəzərə çarpır. Belə vəziyyəti aradan qaldırmaq üçün bu sahədə elmi müəssisələr yaradılmalı və yeni heyvan cinslərinin əldə olunması üçün fermerlərə müəyyən kömək edilməlidir. Respublikada qış otlaqları ilə bağlı da ciddi problemlər yaşanılır. Ən ağrılı məsələ qış otlaqlarının bu sahə ilə məşğul olan imkanlı şəxslər tərəfindən əl keçirilməsidir. Maddi imkanı zəif fermerlər isə çox zaman özlərinə qışlaq yeri tapa bilmirlər.

Maldarlar dəstəyə möhtacdırlar

Heyvandarlıq sahəsinə ayrılan kreditlərin də məbləği az, faizləri isə yüksəkdir. Bu sahədə əlavə təşviq vasitələri tətbiq olunmalıdır. Subsidiyalar ayrılsa da, onların miqdarı azdır. Bəzi bölgələrdə subsidiyaların şəffaflıqla verilməsində də müəyyən problemlər, bürokratik əngəllər mövcuddur. Heyvandarlıq məhsullarının bazara çıxarılmasında da müəyyən problemlərlə üzləşilir. Bazar fəaliyyəti pərakəndə şəkildə həyata keçirilir. Səmərəli fəaliyyət göstərən tədarük məntəqələri isə demək olar ki, yoxdur. Həmin məhsulların alqı-satqısını aparan müəyyən vasitəçi qurumlar var ki, onların fəaliyyəti çox vaxt qiymətlərin bahalaşmasına gətirib çıxarır. Ölkədə yun satışında da ciddi problemlər var.

Mütəxəssislərin fikrincə, fermerlərin yerlərdəki vəziyyəti ciddi şəkildə araşdırılmalıdır. Belə ki, onlar üçün çox sayda yüksək səviyyəli və davamlı treninqlər təşkil olunmalıdır. Düzdür, az da olsa, belə təşəbbüslər gerçəkləşdirilir. Lakin bu, bütün fermerləri əhatə etmir. Heyvandarlıq sahəsində maarifləndirmə zəif aparılır. Fermerlərin bir çoxu elektron resurslardan yararlana bilmir. İnkişaf etmiş ölkələrin demək olar ki, hamısında kənd təsərrüfatı üzrə ayrıca televiziya kanalları var. Bu kanallar həm bitkiçiliyin, həm də heyvandarlığın problemlərini, sahənin aşağı səviyyədən daha yüksək və təkmil bir formaya doğru inkişaf meyillərini əks etdirir.

Bölgələrdə təcrübəli, yüksək bacarıqlı baytarlar da çatışmır. Onların savadının artırılması, müasir elmi biliklərə yiyələnməsi üçün əlverişli şərait yaradılmalıdır. Eyni zamanda, heyvandarlıq sahəsi üzrə mütəxəssislərin iştirakı ilə səmərəli bir proqram da hazırlanmalı, heyvandarlara verilən kreditlərin miqdarı artırılmalı və faizlər azaldılmalı, subsidiyaların verilməsində şəffaflıq diqqət mərkəzində saxlanılmalıdır. Respublikadakı mövcud şərait yerli istehlakçıları heyvandarlıq məhsulları ilə təmin etmək üçün yetərlidir. Amma bu potensialdan lazımi formada istifadə olunmur. Nəticədə, xaricdən heyvan idxalı zərurəti ilə üzləşilir.

Heyvandarlıq zəncirində qırılma

Beləliklə, mövcud vəziyyət göstərir ki, problem təkcə istehsalın azalması deyil, həm də aqrar idarəetmədə koordinasiyanın zəifliyidir. Heyvandarlıq zənciri – yem istehsalından başlayaraq damazlıq, baytarlıq xidməti, emal və satış mərhələsinədək vahid sistem kimi fəaliyyət göstərməlidir. Əgər bu zəncirin hər hansı bir həlqəsi zəifləyirsə, nəticədə, bütün sektor zərər görür.

Azad olunmuş ərazilərdə geniş qış və yay otlaqlarının mərhələli şəkildə dövriyyəyə qaytarılması, iri fermer təsərrüfatlarının yaradılması və kooperasiya modelinin təşviqi ət istehsalını əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, yem bitkilərinin əkini üçün subsidiya mexanizmlərinin genişləndirilməsi, aşağı faizli uzunmüddətli kreditlərin verilməsi və baytarlıq xidmətlərinin gücləndirilməsi zəruridir.

Bu məsələdə rəqəmsal monitorinq sistemlərinin tətbiqi də mühüm rol oynaya bilər. Heyvanların qeydiyyatı, hərəkəti və sağlamlıq vəziyyəti barədə vahid elektron baza formalaşdırılarsa, həm məhsuldarlıq artar, həm də keyfiyyətə nəzarət güclənər. Nəticə etibarilə, Azərbaycan öz təbii və iqtisadi potensialı hesabına daxili bazarı yerli istehsal hesabına təmin etmək imkanına malikdir. Bunun üçün isə sistemli, elmi əsaslara söykənən və uzunmüddətli aqrar siyasətin həyata keçirilməsi əsas şərtdir.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

İdxal qıtlığın aradan qaldırılmasına xidmət etsə də, uzunmüddətli perspektivdə yerli istehsalın gücləndirilməsi əsas prioritet olmalıdır. Amma Monqolustan, Ukrayna, Braziliya və digər ölkələrdən gətirilən ət, şübhəsiz ki, Azərbaycanda yaranmış bu məhsul çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyır. Ümumiyyətlə, Monqolustan ətinin Azərbaycan bazarına daxil olması və qıtlığın qarşısının alınması müsbət haldır. Lakin, ümumilikdə, bazarın xarici istehsaldan asılı vəziyyətdə qalması da ciddi narahatlıq yaradır. Bu, ölkədə kənd təsərrüfatı siyasətinin yetərincə səmərəli olmadığından xəbər verir.

Mənə Perudan Malik adlı tanışım illərdir ki, zəng edir və kənd təsərrüfatı, xüsusilə heyvandarlıq siyasəti ilə bağlı fikirlərini bölüşür. O qeyd edir ki, Azərbaycanda heyvandarlıq sahəsində böyük potensial var. Təəssüf ki, qarşıya qoyulan proqramlar, iri təsərrüfatların və ya aqrar müəssisələrin yaradılması istiqamətində planlar lazımi səviyyədə həyata keçirilmir.

Hesab edirəm ki, bir az əvvəl vurğuladığım kimi, səmərəli kənd təsərrüfatı siyasətinə ciddi ehtiyac var. Başqa sözlə, əhalinin otlaq problemi həll edilməlidir. Fermerlərə real dəstək mexanizmləri tətbiq olunmalıdır. Kənd təsərrüfatının inkişafı üçün konkret və nəticəyönümlü təşviq mexanizmləri hazırlanmalıdır.

Hökumət bütün bu məsələləri daim diqqətdə saxlayarsa, səmərəli kənd təsərrüfatı siyasəti həyata keçirərsə, xüsusilə azad olunmuş torpaqlarda böyük fermer təsərrüfatlarının yaradılmasını gerçəkləşdirərsə, bu zaman ət istehsalını əhəmiyyətli dərəcədə artıra və mövcud qıtlığı aradan qaldıra bilər. Əgər məsul qurumlar bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr apararsa, boş və azad olunmuş torpaqlarda səmərəli aqrar siyasət tətbiq edərsə, düşünürəm ki, qarşıdakı yaxın illər ərzində bu problem həllini tapa bilər. Əks halda, ət istehsalı aşağı səviyyədə qalacaq, qıtlıq davam edəcək və qiymət artımı ilə bağlı problemlər daha da dərinləşəcək.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat