bp Azərbaycan Deflimpiya Komitəsinin yerli tərəfdaşı oldu

post-img

Dünən bp və Azərbaycan Deflimpiya Komitəsi arasında yerli tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədə Azərbaycan Respublikası Deflimpiya Komitəsi İdarə Heyətinin sədri Anar Bayramov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imza atıblar.

Sazişə əsasən, bp şirkəti 2027-ci il dekabrın 31-dək ADK-nin Azərbaycandakı rəsmi tərəfdaşı kimi fəaliyyət göstərəcək. Yeni saziş bp-nin milli idmanın inkişafına dəstək və Azərbaycanda daha inklüziv cəmiyyətin təşviqi öhdəliyində yeni bir səhifə açır.

İmzalanma mərasimində çıxış edən Deflimpiya Komitəsi İdarə heyətinin sədri Anar Bayramov ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və bu kateqoriyaya aid olan şəxslərə çoxşaxəli sosial dəstəyin göstərilməsini aparılan siyasətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O deyib: “Deflimpiya hərəkatının dəstəyi bu istiqamətdə görülən işlərdəndir. Deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslərin yalnız idmana cəlb edilməsi deyil. Bu, cəmiyyətə inteqrasiyanın, bərabər imkanların və insan ləyaqətinin təşviqidir, eşitmə məhdudiyyətli şəxslərin özünəinamın bərpası və həyat keyfiyyətinin yüksəlməsidir”.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə Azərbaycan Deflimpiya Komitəsinin rəsmi tərəfdaşı olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Yeni sazişin əsasında Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə onilliklərdir davam edən tərəfdaşlığımız durur. Bu tərəfdaşlıq sayəsində hər iki təşkilata milli idmanın, komandaların və idmançıların inkişafına dəstək vermişik.

Bu yeni tərəfdaşlıq isə daha da geniş sosial missiya daşıyır, çünki idmanı təbliğ etməklə yanaşı, eşitmə məhdudiyyətli şəxslər üçün idmanı inkişaf etdirmək və eşitmə qüsurlu idmançıları dəstəkləmək imkanları yaratmaqla inklüziv cəmiyyəti təşviq edir. Bu gün bu sazişi imzalamaqla, bütün şəxslər və icmalar üçün bərabər imkanların yaradılmasında ölkəni dəstəkləmək öhdəliyimizi bir daha təsdiqləyirik. ADK ilə rəsmi tərəfdaş kimi sıx əməkdaşlıq edərək qarşıdakı illərdə bu təşkilatın öz vacib missiyasını irəli aparmasına dəstək verəcəyik”.

XQ

İqtisadiyyat