İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında İnkişafın maliyyələşdirilməsinə dair “Sevilya öhdəliyi” sənədi qəbul edilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Samir Şərifov iyulun 1-də konfransın plenar iclasında çıxış edib. S.Şərifov davamlı inkişafın maliyyələşdirilməsinə həsr olunmuş tədbirin vacibliyini vurğulayaraq, Azərbaycan Hökumətinin 3-cü konfransdan ötən dövrdə “2030-Davamlı İnkişaf Gündəliyi”nin icrası üzrə Azərbaycanın həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
Bildirilib ki, Azərbaycan dünyada Davamlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edən ilk 5 ölkə sırasındadır, regionda isə birincidir. Ölkəmiz Milli Maliyyələşdirmə Çərçivəsi və “DİM İnvestor Xəritəsi” kimi təşəbbüslərin tətbiqi nəticəsində icmal büdcə xərclərinin 80 faizindən çoxunun DİM-ə uyğunlaşdırılmasına nail olub.
Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu günədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub.
S.Şərifov daha sonra bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub.
Baş nazirin müavini konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, azad olunmuş ərazilərin bərpası ilə əlaqədar Azərbaycan Hökumətinin üzərinə kifayət qədər yüksək maliyyə yükünün düşməsinə baxmayaraq, ölkəmiz beynəlxalq inkişafa yardım sahəsində fəal rol oynamaqda davam edir. Belə ki, Azərbaycan son 5 ildə inkişaf etməkdə olan ölkələrə 350 milyon ABŞ dollarından çox yardım göstərib.
Sonda S.Şərifov Azərbaycanın inkişaf naminə çoxtərəfli əməkdaşlıqda bundan sonra da fəal iştirak edəcəyini və DİM-ə nail olmaq üçün öz töhfəsini verəcəyini bildirib.
Xatırladaq ki, Sevilya konfransı 164 dövlətin və 49 beynəlxalq təşkilatın nümayəndələrini bir araya gətirərək Monterrey (2002-ci il), Doha (2008-ci il) və Əddis-Əbəbədən (2015-ci il) sonra BMT-nin inkişafın maliyyələşdirilməsi üzrə dördüncü böyük tədbiridir.