Şuşada təşkil edilən 6-cı İƏT biznes forumunda təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, regional investisiya imkanları haqqında müzakirələr aparılıb.
Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən “İƏT Həftəsi” çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, İƏT-nin və digər beynəlxalq qurumların təmsilçiləri, İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri iştirak ediblər.
Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın İƏT çərçivəsində davamlı iqtisadi əməkdaşlığa sadiqliyini, təşkilatın məqsədlərinə nail olmaqda ölkəmizin dəstəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın üzv ölkələrlə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin ilk beş ayında İƏT ölkələri ilə ticarət dövriyyəsi 3,5 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
Azərbaycanın regionda strateji rolu, iqtisadi potensialı və regional inteqrasiya məqsədi ilə atılan addımlar haqqında məlumat verilib. Üzv ölkələrlə investisiya, enerji keçidi, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.
İƏT-nin baş katibi Əsəd Məcid Xan qurumun 2026-2035-ci illəri əhatə edən yeni inkişaf sənədində əksini tapan məsələlərə özəl sektorun baxışı, eləcə də ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat, yaşıl və dairəvi iqtisadiyyat sahələrində işbirliyinin gücləndirilməsi potensialı barədə danışıb.
İƏT Ticarət və Sənaye Palatasının prezidenti Atif İkram Şeyx regional ticarətin inkişafı, investisiyaların təşviqi ilə bağlı tətbiq edilən mexanizmlərin səmərəliliyinin artırılmasına dair fikirlərini bölüşüb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin təşkilatçılığı ilə İƏT ölkələri ilə həyata keçirilən ikitərəfli forumlar, investisiya layihələri barədə məlumat verərək forumun dövlət-özəl tərəfdaşlığını daha da intensivləşdirəcəyini bildirib.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizin İƏT üzvü olan dövlətlərlə ortaq biznes perspektivləri barədə məlumat veriblər.
Forumda İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının nümayəndələri transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Regional dəyər zəncirlərinin inkişafı, nəqliyyat-logistika sistemlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platformaların yaradılması kimi məsələlərə toxunulub. Qeyd edilib ki, özəl sektorun regional strategiyaların formalaşdırılmasında daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının institusional əsaslarla gücləndirilməsi önəm kəsb edir.
Forum “biznes-dövlət” (B2G) və “biznes-biznes” (B2B) formatında görüşlərlə davam edib. Tədbir çərçivəsində sahibkarların Ağdam Sənaye Parkına səfəri təşkil olunub.