Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Almaniyanın Əsas Dəyərlər və Xalqlararası Anlaşma Fondunun nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan rektor, dosent Aqil Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Tədris prosesinin ölkəmizdəki mövcud tolerant, multikultural mühit nəzərə alınmaqla təşkil edildiyini, ali təhsil ocağında bakalavriat, magistratura və doktorantura pillələrinin mövcud olduğunu vurğulayan ali məktəb rəhbəri Aİİ-də təhsilin tamamilə ödənişsiz həyata keçirildiyini qeyd edib. O, institutun ilahiyyat sahəsində tanınmış xarici ölkə universitetləri ilə beynəlxalq əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.
Almaniya heyətinin rəhbəri Erix Alfred Tilo Braun görüşdən məmnunluğunu ifadə edib. Ölkəmizdə mövcud tolerant, multikultural mühiti və bu istiqamətdə aparılan siyasəti yüksək qiymətləndirib. Qonaq, müxtəlif məzhəb nümayəndələrinin eyni məsciddə ibadət etmələrinin nümunəvi addım olduğunu və bu təcrübənin bütün dünyada təşviq edilməsinə ehtiyac duyulduğunu bildirib.
Mehparə ƏLİYEVA
XQ