Sentyabrın 3-də Təhsilin İnkişafı Fondu və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə keçirdiyi görüşdə dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, eləcə də təhsil və gənclərin inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirilib ki, Azərbaycan Texniki Universitetinin nəzdində yerləşən Davamlı İnkişaf Mərkəzində təşkil edilən müzakirədə İCMA-ya üzv və “Marsol Group”a daxil olan şirkətlərin nümayəndələri də iştirak ediblər.
Məclisi açıq elan edən Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov fondun sahibkarlıq subyektləri ilə əməkdaşlığının təhsil sektoruna gətirəcəyi faydalardan, dövlət–özəl tərəfdaşlığının əhəmiyyətindən söz açıb. O, yeni imkanların yaradılmasına və təhsilin əmək bazarının tələblərinə uyğun inkişafına xidmət etməsinə diqqət çəkib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ali məktəblərlə özəl sektor arasında qurulan əlaqələrin təhsil prosesinin keyfiyyətinin artırılmasındakı müsbət rolundan danışıb.
İCMA-nın İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev özəl sektorun təhsilə dəstəyinin əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində fondun ümumi fəaliyyət istiqamətləri, xüsusilə TələbəPlus kartı və Qarabağ Təqaüd Proqramı barədə təqdimatlar keçirilib.
Sonda Təhsilin İnkişafı Fondu ilə İCMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb. İştirakçılar üçün İT təhsil layihəsi olan “Peerstack Academy”, eləcə də Kitabxana İnformasiya Mərkəzinə infotur təşkil olunub.
Ləman TƏHMƏZ
XQ