Xəzər Universiteti 35 illiyini qeyd edir

post-img

Bu il Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan Xəzər Universiteti fəaliyyətə başlamasının 35 illiyini qeyd edir. 
1991-ci ildə tanınmış alim və ictimai xadim, professor Hamlet İsaxanlı tərəfindən təsis edilən universitet ölkədə müasir və beynəlxalq standartlara uyğun ali təhsilin formalaşmasına mühüm töhfələr verib.  

Ötən  illər ərzində Universitet təhsil, elm və beynəlxalq əməkdaşlıq sahəsində bir çox uğurlar əldə edib. Təhsil ocağında müxtəlif ixtisaslar üzrə minlərlə tələbə təhsil alıb, yüzlərlə məzun dövlət qurumlarında, özəl sektorda və beynəlxalq təşkilatlarda fəaliyyət göstərir.    
Xəzər Universiteti Azərbaycanda ingilisdilli təhsil modelinin tətbiqi və inkişafında öncül ali məktəblərdən biri kimi tanınır. Universitet dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurur və tələbə-müəllim mübadiləsi proqramlarında fəal iştirak edir. 

Müasir tədris infrastrukturu, güclü professor-müəllim heyəti və innovativ təhsil yanaşması ilə ölkənin ali təhsil sistemində özünəməxsus yer tutur. Əsas məqsəd yüksək ixtisaslı, yaradıcı düşüncəyə malik və qlobal çağırışlara hazır mütəxəssislər yetişdirməkdir. Hazırda universitetdə 5 mindən artıq tələbə təhsil alır, onlardan 12 nəfəri şəhid övladıdır. Tələbələrin 67 faizi isə dövlət sifarişi  əsasında təhsil alır. 

35 illik yubiley münasibətilə universitetdə elmi konfranslar, görüşlər, mədəni tədbirlər və məzunlarla görüşlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlər ali təhsil müəssisəsinin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, gələcək strategiyasında müəyyənləşdirməyə xidmət edəcək.

XQ

Təhsil