Onun rənglər dünyası

post-img

Təqvim yada salır

Azərbaycan təsviri sənətində iz qoymuş rəssam Yaqub Mehdiyev 26 mart, Azərbaycan təsviri sənətində iz qoymuş rəssamlardan biri olan monumentalçı rəssam Yaqub Mehdiyevin (1948-2013) anadan olmasının 78-ci il dönümüdür. Onun çoxşaxəli yaradıcılığı özünəməxsus dəst-xətti ilə fərqlənir. 

Əsərlərində milliliyin və müasirliyin tandemini əks etdirməyə nail olan Yaqub Mehdiyev Xalq rəssamı Ağa Mehdiyevin ailəsində dünyaya göz açmışdır. İncəsənət adamlarının əhatəsində böyüməsi onun dünyagörüşünə və gələcəyinə təsir etmişdir. Belə ki, 1962–1967-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra isə 1967-1972-ci illərdə S.G.Stroqanov adına Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasında təhsilini davam etdirmişdir. 1975-ci ilədək Moskva Bədii Fondunda monumentalçı-rəssam kimi çalışmış, yaradıcılıqla məşğul olmuşdur. 

Həmin il Bakıya qayıdan Yaqub Mehdiyev Azərbaycan Bədii Fondunda rəssam və Bakı Şəhər Tərtibat və Reklam İdarəsində monumental tərtibatçı işləmişdir. 1993–1998-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində Dekorativ-tətbiqi sənət kafedrasında rəsm, rəngkarlıq və kompozisiya fənlərini tədris etmiş, 1996–2003 cü illərdə Bakıdakı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində, 2002–2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təsviri sənət və rəsmxət müəllimi kimi fəaliyyət göstərmişdir. Rəssam eyni zamanda 1999–2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq kafedrasında, 2001–2011-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəsm kafedrasında pedaqoji fəaliyyətini davam etdirmişdir. 

Monumentalçı rəssam Yaqub Mehdiyev yaradıcılığında həm mozaik əsərlərə, həm dəzgah rəngkarlığına, həm qrafikaya, həm xalçaya yer vermişdir. O, parlaq rənglərə, zəngin kompozisiya həllinə malik əsrarəngiz əsərlər yaratmışdır. Yaqub Mehdiyevin irihəcmli və kiçikölçülü mozaikalarına ənənəvilik, millilik, zəriflik, həyatilik həmçinin müasirlik, sərbəstlik, optimizm hissi xasdır. M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) interyerini bəzəyən “Axundov və onun müasirləri” və “Bərəkətli süfrə”, Maştağa qəsəbəsində “Məhsul bayramı”, Xırdalanda ticarət mərkəzinin eksteryerində “Azərbaycan diyarının zənginliyi”, Şamaxıda “Təbiət”,  Astara şəhərində “Məhsul bayramı”, Naxçıvan şəhərində “Avtovağzal” mehmanxanasının eksteryerində “Qonaqpərvərlik”,   Sumqayıtda “Qarabağ” teatrının eksteryerində “Teatr dünyası”, Nəqliyyat Nazirliyinin eksteryerini bəzəyən “Yol-nəqliyyat-sürət” kimi irihəcmli əsərlərinin müəllifi Yaqub Mehdiyevdir. 

Öz dəst-xətti ilə seçilən rəssamın digər irihəcmli əsərləri sırasında divar boyakarlığı olan Səhiyyə Nazirliyinin Respublika Sanitariya Maarifi Evinin interyerini bəzəyən “Təbabət elmi” əsəri kompozisiya cəhətdən çox dolğundur. Bu nümunələr milli rəng duyumumuz əsasında qurularaq, incə zövq, orijinal yanaşma tərzi, zəngin dekor xüsusiyyətləri ilə tamaşaçını valeh edir. 

Yaqub Mehdiyev kiçik həcmli mozaikalar da işləmişdir. Qadın, ana, məhəbbət mövzulu mozaik əsərlərə “Aşiq və məşuq”, “İntizar”, “Çayda”, “Düşüncələr”, “Əks”, “Gözəllik”, “Görüş”, “Gözəl”, “Gözəlçə”, “Güzgülü”, “Könül”, “Qəzəl”, “Məhəbbət”, “Milli geyimli qız”, “Nar”, “Nənə”, “Portret”, “Sevgi”, “Ağbəniz”, “Şairə”, “Ana”, “Örpəkli qadın”, “Kuzəli qız”, “Təmizlik”, “Burulğan”, “Böyük partlayış”, “Sonsuzluq”, “Aylı gecə”, “Ekologiya”, “Kainat”, “Zöhrə dan ulduzu” adlı nümunələri misal göstərmək olar. Yaqub Mehdiyevin müəllifliyi ilə hazırlanmış daha bir irihəcmli əsəri tariximizi və müasirliyimizi özündə əks etdirən, ipəklə toxunmuş “Azərbaycan ulduzları” xalı-pərdəsidir. 150 kvadratmetrlik xalı-pərdə 1998-2012-ci illərdə Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) səhnəsini bəzəmişdir. Hazırda xalı-pərdə Azərbaycan Milli Xalça Muzeyinin fondunda saxlanılır. 

Monumentallıq və xüsusiyyətləri əksər dekorativlik monumentalçı rəssamların dəzgah yaradıcılığında özünü büruzə verir. Rəssamın yağlı boya ilə çəkilmiş əsərlərindən “Nahar fasiləsi”, “Düşüncələr”, “Gənclik”, “Neftçinin portreti”, “Dostum”, “Buruq qazanlar”, “Nümayiş”, “Cüdoçularımız”, “Güllər”, “Xarıbülbül”, “Buket”, “Qızıl gül”, “Günorta”, “Çovğun”, “Lahıcda” əsərləri bu mənada diqqətçəkən nümunələrdir. Bu əsərlərin hər birində rəssamın vahid məkan yaratmaq, mürəkkəb kompozisiyalı, çoxplanlı rəsm əsəri qurmaq, rənglərin balansına nail olmaq bacarığı özünü qabarıq şəkildə göstərir. 

Çoxşaxəli yaradıcılığa malik olan Yaqub Mehdiyevin istər smalta ilə, istər yağlı boya və ya qrafik əsərlərində ifadəli, plastik xətlər əsas təsvir vasitəsinə çevrilir, rəssamın tablolarına bədii forma verir, ideya məzmunun açılmasına xidmət edir və onun dəst-xəttini digər sənətkarların işlərindən fərqləndirir. Fırça ustasının əsərləri Azərbaycan Rəssamlar İttifaqının fondunda, Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin ölkəmizdə və xaricdə şəxsi kolleksiyalarda saxlanılır. 2014-cü ildə rəssamın yaradıcılığını özündə əks etdirən “Monumentalçı rəssam Yaqub Mehdiyev” haqqında kitab kataloq nəşr olunmuşdur. Yaradıcılıq yolu ilə fərqlənən dolğun həyat yolu yaşamış, həmkarlarının, dostlarının və ailəsinin yaddaşında daima xoş xatirələrlə anılan Yaqub Mehdiyev Azərbaycan təsviri sənətində əsərləri ilə yadda qalan iz qoymuşdur. 

Könül ƏZİMOVA,

Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas   

 

 









Mədəniyyət