Riyaziyyat və mexanikanın müasir problemləri

post-img

Dünən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçı­lığı ilə “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XII Bey­nəlxalq elmi konfransın açılış mərasi­mi keçirilib.

Mərasimi giriş nitqi ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərda­nov qonaqları salamlayaraq riyaziyyat və mexanikanın müasir elm və texnologiya­dakı rolu haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, bu kimi beynəlxalq tədbirlər elm adamları arasında əməkdaşlı­ğın möhkəmləndirilməsi, təcrübə və ideya mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyətə malikdir. Misir Mərdanov çıxı­şında Azərbaycanda riyaziyyat elminin ta­rixini və bu sahənin müasir mərhələlərini də ətraflı təhlil edib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akade­mik Rasim Əliquliyev riyaziyyat fənninin tədrisi və elmi tədqiqatlarda tətbiqi ilə bağ­lı bir sıra vacib məsələlərə toxunub. Alim qeyd edib ki, müasir dövrdə riyaziyyat yal­nız fundamental elm sahəsi kimi deyil, həm də süni intellekt, informasiya texnologi­yaları, iqtisadiyyat, mühəndislik və digər sahələrdə əsas metodoloji baza kimi çıxış edir. Bu baxımdan, riyaziyyatın daha geniş auditoriyaya, xüsusilə də müxtəlif sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərə düz­gün və sistemli şəkildə öyrədilməsi mühüm zərurətə çevrilib. 

Konfrans çərçivəsində Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Maksad Kalimoldayev çıxış edərək riyaziyyat elmi­nin müasir çağırışları və elmi innovasiya­ların əhəmiyyəti barədə fikirlərini bölüşüb. 

Açılış mərasimindən sonra konfrans öz işini plenar sessiyalar və tematik seksiya­larla davam etdirib.

Qeyd edək ki, üç gün davam edəcək konfransda 10-dan artıq ölkədən tanınmış alimlərin iştirakı ilə məruzələr təqdim olu­nacaq, həmçinin gənc tədqiqatçılar üçün elmi seminarlar və panel müzakirələri ke­çiriləcək.

Qabil YUSİFOĞLU
XQ



Təhsil