Müsabiqə və olimpiada qalibləri mükafatlandırılıb

post-img

Respublika fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən mərasimdə agentliyin direktor müavini, paytaxt təhsil idarəsi müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, şöbə və bölmə rəhbərləri, məktəb direktorları, müsabiqə və olimpiadada qalib gələn şagirdlər iştirak ediblər.

Qalibləri təbrik edən Nərminə Hüseynova bildirib ki, istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq təhsilin əsas hədəflərindən biridir. N.Hüseynova bu cür müsabiqə və olimpiadaların şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların elmi potensialının üzə çıxarılmasında, yaradıcı və analitik düşünmə qabiliyyətlərinin formalaşmasında mühüm rol oynadığını söyləyib.

Fuad Qarayev olimpiada və müsabiqələrin ölkədə istedadlı şagirdlərin aşkarlanması və dəstəklənməsi baxımından əhəmiyyətindən danışıb, bu yarışların təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini və gələcək uğurlar üçün mühüm zəmin yaratdığını vurğulayıb.

Daha sonra qaliblərə diplom və mükafatlar təqdim olunub. Mərasimdə 3 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında kompozisiyalar nümayiş etdirilib.

Əli SADIQOV
XQ



Son xəbərlər