Sənətin çeşidli sahələrinə aid maraqlı müəlliflərin orijinal yazılarını təqdim edən “Qobustan” toplusunun yaz sayı işıq üzü görüb. Üz qabığında Xalq rəssamı Səttar Bəhlulzadənin “Bahar əfsanəsi” tablosu yer alıb.
Dərgi sənətsevərlərin zövqünü oxşamaq ənənəsinə yenə də sadiq qalıb. Yaz sayında akademik Teymur Kərimlinin “Şərq və Qərb rəssamlarının əsərlərində insan gözəlliyinin bədii təqdimi” məqaləsi xüsusilə diqqət çəkir. Burada iki fərqli mədəniyyətin təmsilçilərinin insana baxışı və təsviri sənətdə bunun necə ifadə edilməsi müqayisə olunur. Həmçinin klassik ədəbiyyatımızda sözlə çəkilən təsvirlərin Şərq miniatürçü rəssamların əsərlərində necə göstərilməsi əyani izah edilir. Dünyanın zamandan asılı olan dərkinin sənətə təsiri məqalənin əsas ideyasını təşkil edir.
Professor Vilayət Quliyev isə “Şuşadan Miçiqana uzanan yol – Qəmər Ağa-oğlu” məqaləsində Amerika elm-sənət cameəsində böyük uğurlara imza atmış Qəmər Ağaoğlunun tale və yaradıcılıq yoluna nəzər salır. Xatırladaq ki, hələ ötən əsrin 70-ci illərində “Qobustan” necəsə senzuranın gözündən yayındırmaqla, Qəmər xanımın həyat yoldaşı, Amerika azərbaycanlısı, incəsənət professoru Məhəmməd Ağaoğlu haqqında Mövsüm Əliyevin kiçik məlumatını çap etmişdi. Həmin yazıdan V.Quliyevin məqaləsinə giriş kimi istifadə olunub.
Filologiya elmləri doktoru Pərvanə Məmmədli bu sayda Xalq yazıçısı Mirzə İbrahimovun Cənubi Azərbaycanla bağlı böyük işlərindən, professor Rahid Ulusel elmlə incəsənətin vəhdətindən söz açır. Bu il yubileyləri olan Xalq yazıçısı Maqsud İbrahimbəyov (Narıngül Nadir) və unudulmaz aktrisamız, Əməkdar artist Ətayə Əliyeva (Esmira Nəzərli) haqqında orijinal məqalələr də dərginin bu sayında oxuculara təqdim edilib.
Təsviri sənətin təbliğatına xüsusi önəm verən “Qobustan” Xalq rəssamı Səttar Bəhlulzadə haqqında Mahcamal Şərifin xatirələrinə və istedadlı gənc rəssam Samirə Abdullayevanın “Zamanın salnaməsi” sərgisi ilə bağlı Züleyxa Baxışovanın məqaləsinə yer ayırıb. Azərbaycan rəssamlarının əsərlərini geyimlərə həkk edən “Amorini consept” brendinin müəllifi, modelyer Günay Əliyeva haqqında təqdimat da müasir oxucu zövqünü oxşamağı hədəfləyir.
Fatimə Fərəhin “Rənglərin aşiqi” məqaləsi xalçaçı rəssam Kamil Əliyevə, musiqişünas Leyla Nəzərlinin “Hər zaman yeni Vaqif” yazısı unudulmaz cazmen Vaqif Mustafazadəyə həsr edilib. Gənc sənətşünas Özləm Əliyevanın animasiyalar barədə araşdırma yazısı isə cizgi filmi tariximizə işıq tutur.
Hər zaman səhifələrində yeni imzalara yer verən “Qobustan”ın budəfəki debütçüsü 87 saylı orta məktəbin şagirdi Gülnarə Məmmədlidir. Onun müsabiqələrdə yer tutan “Möcüzə” hekayəsi ədəbiyyat həvəslisi olan balaca müəllifin möcüzəyə inamının ifadəsidir.
Dərginin yaz sayı da ənənəvi olaraq baş redaktor Pərvinin məqaləsi ilə qapanır. Müəllifin Avropa səfərindən növbəti məqaləsi Amsterdam şəhərinə və impressionist rəssam Van Qoqun muzeyini ziyarətinə aid təəssüratlarını əks etdirir.
Qeyd edək ki, dərgidə yer alan məqalələr rəngli rəsm əsərləri, illüstarasiya və fotolarla təqdim olunub. Həmçinin mətnlərə aid video materialların, musiqi əsərlərinin QR kodlarda səhifələrdə yer alması xüsusi özəllikdir.
Ə.ƏLİYEV
XQ