Azərbaycan musiqisinin növbəti sorağı Pekin Milli İfaçılıq Mərkəzindən gəldi. Beynəlxalq səviyyəli bir məkanda milli musiqimizin səsləndirilməsi önəmli hadisədir.
Mərkəz Çin Xalq Respublikasının ən mötəbər mədəniyyət ocaqlarından biri olaraq tanınır və "Su damlası" adlandırılan nadir memarlığı ilə diqqət çəkir. Burada azərbaycanlı musiqiçilərin çıxışı mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət edir.
Konsertin əsas siması olan dirijor Əyyub Quliyevin Çin Milli Balet Teatrının simfonik orkestri ilə əməkdaşlığı təsadüfi deyil. Bu, iki ölkə arasında incəsənət sahəsində formalaşmış uzunmüddətli münasibətlərin davamıdır. Ə.Quliyev daha əvvəl Çində “1001 gecə” baletinin təqdimatı ilə böyük uğura imza atmışdı. Bu cür əməkdaşlıqlar azərbaycanlı sənətkarların beynəlxalq arenada tanınmasına, onların peşəkarlığının dünyaya çatdırılmasına və Azərbaycan musiqisinin füsunkar aləminin fərqli mədəniyyətlərlə tanış olmasına zəmin yaradır.
Konsert proqramı dinləyicilərə Azərbaycan musiqisinin zənginliyini bütün əlvanlığı ilə təqdim edib. Dahi bəstəkarlar Üzeyir Hacıbəyli və Fikrət Əmirovun əsərləri milli musiqimizin klassik təməllərini nümayiş etdirərkən, gənc bəstəkar Tamilla Əhədovanın “Fortepiano və orkestr üçün konsert” əsərinin premyerası müasir Azərbaycan musiqisinin dinamik inkişafından xəbər verib. T.Əhədovanın ifa etdiyi Üzeyir Hacıbəyliyə həsr olunmuş əsəri tamaşaçılar böyük rəğbətlə qarşılayıb və bu da gənc istedadın yaradıcılığının beynəlxalq səviyyədə qəbul edildiyinin sübutudur.
Konsertdə dünya klassiklərindən – O.Respiqi, D.Şostakoviç və P.Çaykovskinin əsərlərinin səslənməsi gecəyə xüsusi rəng qatıb. Dinləyicilərin istəyi ilə Çində ən çox sevilən “Wanquang River” əsərinin səsləndirilməsi isə mədəniyyətlərarası dialoqun nə qədər səmimi və təsirli olduğunu bir daha sübut edib. Belə çıxışlar yalnız musiqi mübadiləsi deyil, həm də xalqlar arasında dostluq və anlaşmanın möhkəmlənməsinə töhfə verir.
Arzu ƏLİYEVA
XQ