Vaqif Musayev – 85
İnsan daşıdığı adın mənasını şəxsiyyəti və fəaliyyəti ilə doğruldanda ikiqat xoş təəssürat yaradır. Molla Pənah Vaqifdən üzübəri bu adla tanınan dəyərli soydaşlarımızın siyahısı uzundur. Onlardan bizə bəlli olan 4-nün soyadı ortaqdır – Musayevdir. İqtisad elmələri doktoru, lerikli sabiq deputat Vaqif Rəsul oğlu, qubalı nasir Vaqif Məmmədyusif oğlu, laçınlı Vaqif Musaoğlu və qaxlı Əməkdar jurnalist Vaqif Məmməd oğlu. Bu gün həmkarımız Vaqif Musayevin dünyaya gəldiyi gündür. Azərbaycanın tanınmış, nüfuzlu ahıl jurnalistinin ömür təqvimində 85-ci il tamam olur.
Vaqif Musayev 1940-cı il sentyabrın 17-də Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunun Qax-Muğal kəndində Məmməd kişinin ailəsində dünyaya göz açıb. İkinci Dünya müharibəsinin dəhşətləri bu ailədən də yan ötməyib. Atası minlərlə azərbaycanlıdan biri kimi, qanlı-qadalı savaşda itkin düşüb.
Fələyin növbəti zərbəsi onu yenidən silkələyib, 8 yaşı olanda anası Fətmət xanım dünyasını dəyişib. Bütün bu ağrılara baxmayaraq, Vaqif boynubükük gəzməyib. Gecə-gündüz oxuyub, çalışqanlığı ilə həmyaşları arasında seçilib. Bir sözlə, həyatdan möcüzə gözləməyib, ömrün yolları ilə öz gücünə irəliləyib. 1957-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub.
Universiteti bitirəndən sonra o, “Xəzərdəniztikinti” Trestinin inşaat hissələri zavodunda betonçu kimi əmək fəaliyyətinə başlayıb və düz 1 il orada çalışdıqdan sonra Şamaxı rayonunda tarix müəllimi işləyib. O, müxtəlif illərdə fəhlə-gənclər məktəbində texniki işçi, yataqxana tərbiyəçisi, Baş Mətbuat İdarəsində senzor vəzifələrində çalışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasını bitirən və bir çox məqalələri elmi jurnallarda dərc olunan Vaqif müəllimin mənalı ömür yolu qələmə sədaqətlə keçib. Maraqlı tərcümələri ilə də tanınıb.
Onun həyatında Azərbaycan Sovet Ensiklopediyası (ASE) Baş Redaksiyasının xüsusi yeri olub. Burada elmi redaktor kimi işə başlayıb və qısa vaxt ərzində böyük elmi redaktor, redaksiya müdiri vəzifələrinə qədər yüksəlib. Ensiklopediyadakı səmərəli fəaliyyətinə görə Əməkdar jurnalist fəxri adına layiq görülüb.
1991-ci ildən başlayaraq Vaqif Musayev ömrünün böyük hissəsini Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AZƏRTAC) həsr edib. Buraya tanınmış jurnalist Şamil Şahməmmədovun dəvəti ilə gəlib, müxtəlif vəzifələrdə çalışıb. İstedadı, qabiliyyəti, bacarığı sayəsində agentliyin baş direktorunun 1-ci müavini vəzifəsinə qədər yüksəlib.
Təxminən, 30 il əvvəlki ilk tanışlığımızda Vaqif müəllim mənə necə mədəni, xoşsima, təmkinli təsir bağışlamışdısa, sonrakı bütün görüşlərimizdə də onu elə o cür – dəyişməz gördüm. Ulu öndərin Prezident Administrasiyasındakı qəbullarında, xarici səfərlərdə AZƏRTAC-ı layiqincə təmsil etdiyi kimi, sadə insanlığını, ləyaqətini də qoruyub saxlayıb.
Əməkdar jurnalist Vaqif Musayev həm də prinsipial, haqqı nahaqqa verməyən bir jurnalistdir. Xalq şairi Rəsul Rzanın rəhbərliyi dövründə ASE-də çalışdığı vaxt ensiklopediyanın ilk cildinə böyük ziyalı şəxsiyyət Ağaoğlu Məhəmməd haqqında məqalə yazmışdı. Bu, həmin Ağaoğlu idi ki, görkəmli sənətşünas kimi tanınmışdı, sovet rejimini bəyənmədiyinə görə növbəti xarici səfərindən SSRİ-yə qayıtmamışdı. Bəzilərində qıcıq yaradan da bu idi. Sov.İKP MK-nın Partiya Nəzarəti Komitəsindən Bakıya gələn nümayəndə heyətinin rəhbəri Sokolov ensiklopedik nəşrdə “millətçilik” məqamlarını araşdırarkən bu faktı əsas götürərək, Vaqif müəllimdən soruşub ki, nəyə görə “üzüdönük” şəxslərdən yazırsınız. O, üzrxahlıq əvəzinə, gözlədiyinin tam əksi olan cavab almışdı.
Özü də partiya bürosunun katibi olan Vaqif Musayev Sokolovun sualına sualla cavab verərək demişdi ki, məgər Lenin tərəfindən Rusiyanın xalq artisti adına layiq görülmüş, ölkədən müvəqqəti getmək adı ilə vətənini həmişəlik tərk etmiş opera müğənnisi Fyodor Şalyapin haqqında Moskva ensiklopediyalarında məlumat verilmir? Yaxud sovet hakimiyyəti qurulandan sonra Rusiyadan getmiş bəstəkar Sergey Raxmaninov xarici milyonçular qarşısında çıxışlar etdiyi halda, bəs nəyə görə sovet ensiklopediyalarının hamısında onun haqqında məqalələr var? Bu cavab moskvalı partiya funksionerini qane etməsə də, ensiklopediya cildinin çıxmasına imkan verilməmişdi.
Daim çalışqanlığı ilə seçilən Vaqif Musayev hələ 1978-ci ildə “Bakı” qəzetində çap etdirdiyi “Molla İbrahimxəlil real şəxsiyyətdir” adlı yazısında Mirzə Fətəli Axundovun qəhrəmanının Şəki qəzasının gerçək sakini olduğunu konkret faktlarla sübut edib. Yazıb ki, Axundov şəxsən Molla İbrahimxəlilin kimliyindən xəbərdar imiş və Tiflisdə Qafqaz canişinliyinin dəftərxanaslında işlədiyi vaxt onun filizdən gümüş alması ilə bağlı rəsmi sənədlərlə də tanış olubmuş. Jurnalist araşdırmaları nəticəsində, bax, belə bir cəlbedici məqalə alınmışdır.
AZƏRTAC kimi mötəbər agentlikdə işləməyin çətin, məsuliyyətli, amma şərəfli olduğunu ilk gündən dərk edən Vaqif Musayev bu illər ərzində çox yuxusuz gecələr keçirib. Operativliyi, çevikliyi, peşəkar müqayisə – təhlil-nəticə bacarığı, yetkin düşüncə sahibi olması ilə seçilib. Onlarla gənc jurnalistin yetişməsinə, püxtələşməsinə dəstək olub. O, redaktə etdiyi hər bir informasiyaya əsl redaktor kimi öz möhürünü vururdu.
Yetkin qələm sahibinin redaktəsindən sonra rəsmi informasiylar oxucular maraqla oxunurdu. Vaqif müəllim hər bir yazını təkcə oxumurdu, sanki ona yeni bir nəfəs verirdi. Müəlliflərin nə demək istədiyini, amma dəqiq deyə bilmədiyini ilk andan başa düşən peşəkar redaktor kimi hər bir xəbərə elə müdaxilə edirdi ki, müxbirlər buna görə ona qəlbən təşəkkür etməli olurdular.
Başqa sözlə, Vaqif Musayevin qəlbində gəzdirdiyi insanlıq və səmimiyyət, zehnində formalaşmış peşəkarlıq hər zaman özünü açıq-aydın göstərib. Bütün bunlar onun istedadının və peşəşinə sonsuz sevginin nəticəsində mümkün olub. Məsələn, 1999-cu ildə “Dədə Qorqud” dastanlarının 1300 illik yubileyi ilə əlaqədar Fransa paytaxtında UNESCO-nun iqamətgahında keçirilən beynəlxalq elmi simpoziumdan operativ olaraq hazırlayıb, “isti-isti” AZƏRTAC-a göndərdiyi silsilə yazıları bir neçə gün dalbadal KİV-lərdə dərc olunaraq fərəhli əks-səda doğurmuşdu. Nümayəndə heyətinin üzvləri rəsmi proqram tədbirlərindən vaxt tapan kimi Parisin görməli yerlərinə gəzintiyə çıxdıqları halda, Vaqif Musayev hotel otağında qeydlərini sahmana salıb Bakıya göndərməklə məşğul olurdu.
Elə bu özəl keyfiyyətləri səbəbindən də onun AZƏRTAC-dakı fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, 2005-ci ildə o, Azərbaycan “Tərəqqi” medalı ilə təltif edilib.
AZƏRTAC-ın əməkdaşı Abdulla Suvar öz ustadından sevgi ilə söz açdı:
– Hamı Vaqif Musayevi təmkinli, insanlara qarşı olduqca mehriban, duyğusal bir ziyalı kimi tanıyır. Tale mənə də Vaqif Musayevin AZƏRTAC-da işlədiyi illərdə onunla bir kollektivdə çalışmaq xoşbəxtliyi nəsib edib. Çoxları kimi, mən də ondan nəsə öyrənmək istəmişəm və öyrənmişəm. Vaqif müəllimin iş prosesində tez-tez təkrar etdiyi sözləri xatırlayıram: “İnsanlığın şərəf və xüsusiyyəti gördüyü işlərlə ölçülür. Hamı çalışır, yüksəlir, qiymət və etibar isə əmələ görə verilir. Ən xeyirli adam insanların ən faydalı olanıdır, insanlığa gərəkli işlər görənidir”.
Vaqif Musayev üçün söz namusdur. Namuslu sözlə yaşayıb-yaradan Vaqif Musayev özünü bu müqəddəs hisslərə kökləməyi bacaran söz sərraflarındandır. O, heç zaman qələminə xəyanət etməyib, sözün ucalığını daim zirvədə saxlayıb. Bəlkə elə bu səbəbdən də qələminin ucunda göyərən sözlər onun yoluna daim yaşıl işıq yandırıb.
Pensiyaya çıxsa da, qələmini yerə qoymayan, dərin təhlili yazıları ilə heyrət yarada bilən ustad jurnalist Vaqif Musayev gənclər üçün əsl örnəkdir. Bu baxımdan bizim “Xalq qəzeti”ndə İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Bakı neftinin oynadığı mühüm roldan bəhs edilən araşdırma yazısını, “525-ci qəzet”də milli tariximizin geniş ictimaiyyətə bəlli olmayan səhifələrindən, konkret olaraq 1877–78-ci illər Rusiya–Türkiyə müharibəsində Qaxın İlisu kəndindən olan gənclərin igidliyindən söz açılan oçerkini və s.-ni misal çəkmək olar.
O, betonçuluq da edib, tərbiyəçi-müəllim, texniki işçi, tərcüməçi də olub. Jurnalist, baş direktorun 1-ci müavini kimi çətin və şərəfli yol keçib. Hər zaman işini böyük həvəs və məsuliyyətlə yerinə yetirib. Həyatda nail olduqlarını məhz zəhməti bahasına qazanıb.
Hazırda ömrünün layiq olduğu xoşbəxt pensiyaçı dövrünü yaşayan 3 övlad atası Vaqif Musayev doğma Qax-Muğal kəndində xoş günlər keçirir. El-oba arasında hörmətli ağsaqqaldır. Gənclərlə söhbətlərində Vətən məhəbbətinin doğma kəndə, ulu adət-ənənələrə bağlılıqdan su içdiyini anladır. Deyir ki, İlahinin bəxş etdiyi ömür payını şərəflə yaşadığına, xəyallarının qanad açmasına görə ata ocağına borcludur. Qoy, ömür yolunun yoxuşu-enişi 85 yaşlı həmkarımızın nurani görkəminə, ziyalı yaddaşına bir daha güc versin, ruhunu daim cavan saxlasın.
Əli NƏCƏFXANLI
XQ