Emin Ağalarov “Dream Fest”də yeniliklər, tədbirin büdcəsi və yeni layihələr barədə danışıb

post-img

İyulun 23-dən 26-dək Xəzər dənizinin sahili - Bakıdakı “Sea Breeze Resort” yenidən “Dream Fest” beynəlxalq musiqi festivalına ev sahibliyi edəcək. Azərbaycanın Xalq artisti, müğənni, musiqiçi və biznesmen Emin Ağalarov (EMIN) jurnalistlərlə keçirdiyi görüşdə bu genişmiqyaslı musiqi bayramının pərəstişkarlarını gözləyən sürprizlərdən bəhs edib.

AZƏRTAC xəbər verir ki, festival MDB, Avropa ölkələri, Böyük Britaniya, Türkiyə və Kanadadan olan 50-dən artıq artisti bir araya gətirəcək. Məşhur musiqiçi qeyd edib ki, bakılıları və paytaxtın qonaqlarını ən əyləncəli dörd gün gözləyir. Ənənəyə uyğun olaraq ehtimal etmək olar ki, bu festival Azərbaycanın mədəni həyatında parlaq məqamlardan birinə çevriləcək.

Festivalın açılışı iyulun 23-də olacaq. Həmin gün səhnəyə çıxacaq Azərbaycan estradasının ulduzları Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Tünzalə Ağayeva, Roza Zərgərli, Zamiq Hüseynov bu musiqi bayramının parlaq açılışını Nikol Şerzinger, EMIN, Jony, Sevanna, IVKA, MONA, ASIA, Merab Amzoyevi, Brendon Stoun ilə paylaşacaqlar.

İyulun 24-ü Müslüm Maqomayevin xatirəsinə ehtiramla əlamətdar olacaq, həmin axşam dahi müğənninin pərəstişkarlarını unikal duetlər və solo çıxışlar gözləyir. Tamaşaçılar qarşısında Alessandro Safina, EMIN, Alsu, Ani Lorak, Brendon Stoun, İrina Dubtsova, JONY, MONA, ASIA, “Artik&Astik”, İrakli, Maksim Fadeyev, SEREBRO, Stas Pyexa, Merab Amzoyevi, həmçinin Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva çıxış edəcəklər.

İyulun 25-i ötən əsrin 80-90-cı illərinə aid diskoteka musiqisi həvəskarlarının bayramı olacaq. “Super Star Day” proqramında EMIN, “Ruki Vverx”, Alsu, Alyona Apina, Stas Pyexa, Irakli, həmçinin OTTOWAN və “In-Grid” var.

İyulun 26-da festival pərəstişkarları EMIN, TIMATI, JAN KHALIB, MOT və EGOR KREED-in ifasında ən məşhur hitləri nümayiş etdirəcək “Super Hit Day” proqramını səbirsizliklə gözləyə bilərlər.

EMIN-in sözlərinə görə, ifaçıların sayının azaldılması ilə bağlı qərar qəbul edildiyi üçün festivalın formatı müəyyən dəyişikliklərə məruz qalıb. O qeyd edib: “Keçən il biz 8 milyon dollar xərcləməyi planlaşdırmışdıq, amma sonda bu, bizə 14,5 milyon dollara başa gəldi. Büdcə xeyli artıb, çünki gözlənilməz xərclər olub, ona görə də ötən il festival rentabelsiz olub və bununla əlaqədar bu il festival günlərinin sayı azaldılıb. Festivalın hər günü 1,5 milyon dollara başa gəlir – səhnə, səs, işıq, logistika, heyət və sairə. Amma buna baxmayaraq, festival yenə də gəlirsiz olacaq. Bu layihə “Sea Breeze”i təşviq etmək üçün güclü bir vasitədir, çünki o, məkanın tanınmasını, populyarlığını və ona olan marağı artırır. Müxtəlif ölkələrdən insanlar Bakıya gəlir, burada qalır və gələcəkdə mənzil alırlar”.

Festival iştirakçılarının sayından danışan müğənni və biznesmen bildirib ki, bu il sənətçilərin sayı ötən illə müqayisədə bir qədər az olacaq. Bu, kompleks logistika səbəbindən tədbirin bir gün qısaldılması qərarı ilə bağlıdır. EMIN xarici ifaçıların iştirakını xüsusi qeyd edib. Məsələn, amerikalı müğənni Nikol Şerzinger bir neçə mahnı ifa etdiyi keçənilki çıxışından fərqli olaraq, bu festivalda tam komplektasiya ilə çıxış edəcək: “Biz bu dəfə daha az xarici sənətçilərin iştirakına qərar verdik, çünki onların böyük rayderləri, mürəkkəb maddi-texniki bazası var və səhnədə bir sənətçini digəri ilə əvəz etmək çox vaxt aparır. Bu il mən də qərara gəldim ki, festivalı yenidən formatlaşdıraq və hər birimiz seçdiyimiz bir neçə artisti səhnəyə buraxacağıq. Bu, yenidən montaj prosesində uzun pauzalar yaranmamasını təmin edərdi”.

EMIN builki festivalın daha dinamik olacağına əminliyini də ifadə edib. Sənətçilərin sayının az olmasına baxmayaraq, onların çıxışları daha uzun olacaq. Onun sözlərinə görə, iştirakçılar iki-üç mahnı deyil, dörd-beş mahnı ifa edəcək və şou daha əhatəli olacaq.

O, jurnalistlərlə mümkün sürprizlərini də bölüşərək bir çox sənətçilərlə davam edən danışıqlardan da bəhs edib: “Hazırda Araşla əlaqə saxlayırıq. Onun iştirakının təsdiqlənəcəyini bilmirəm, məntiqi çətinliklər var. Amma yadınızdadırsa, Jony və Araşın mahnısı bu yaxınlarda işıq üzü görmüşdü, ona görə də gəlsə, həm Aysel (Teymurzadə - red.), həm də Jony ilə məmnunluqla çıxış edəcək. Həmçinin Elvis Preslinin dul xanımı aktrisa Pirtsilla Presli ilə danışıqlar aparılır. Əgər gəlməyə razı olsa, o, “Sea Breeze”dəki “Şöhrət xiyabanı”nda Elvis Preslinin adlı ulduzunun təntənəli mərasimində iştirak edəcək.

Festivalda keçən il iştirak etməyən bir çox sənətçi olacaq. Əhəmiyyətli tədbirlərdən biri Müslüm Maqomayevə həsr olunmuş gecədir. EMIN bildirib: “Dostum və tərəfdaşım Timur Vaynşteynlə konsertin konsepsiyasını müzakirə etdik. Onun mahnılarına yeni interpretasiya etmək istəyirik. Bu dəfə onlar gənc sənətçilərin ifasında olacaq. Onların bir çoxu onun bəstələrini ilk dəfə ifa edəcək. Bununla yanaşı, nəzərdə tutulub ki, bu tədbir mənim üçün ən əlamətdar olan duet gecəsidir. Onu qaçırmaq olmaz”.

Festivalın vaxtının və iştirakçıların azaldılmasına baxmayaraq, Emin Ağalarovun qeyd etdiyi kimi, builki yay proqramı parlaq və zəngin olacaq: “Daha çox solo konsertlər əlavə olunub. Bu il Bastanın çıxışı olacaq, yayda başqa solo konsertlər də əlavə olunacaq. Castin Timberleyki də unutmayın - biz onun konsertini Azərbaycanda 60 min tamaşaçıya təqdim edəcəyik. Burada məni maraqlandıran odur ki, satılan 40 minə yaxın biletin 20 minini əcnəbilər alıb: “Mən onların əhəmiyyətli bir hissəsinin “Sea Breeze”də yaşamasını istəyirəm”, - deyə Emin Ağalarov planlarını jurnalistlərlə bölüşüb.

O, yeni konsert məkanı yaratmaq planlarından da danışıb: “Düşünürəm ki, iki il ərzində biz “Sea Breeze”də “Dream Fest”in keçirildiyi səhnəyə bənzər açıq səma altında səhnə tikəcəyik. O, 50 min nəfər üçün nəzərdə tutulacaq və daimi infrastrukturla təchiz olunacaq. Bu, festivala böyük sənətkarları cəlb etməyə, onları burada yerləşdirməyə imkan verəcək. Məkanın ilkin adı “Dream Arena”dır.

EMIN Yana Rudkovskaya ilə birgə layihə haqqında da danışıb, qeyd edib ki, “Sea Breeze”də buz sarayının tikintisi sürətlə davam edir: “Biz Yana ilə fəal şəkildə layihələşdirməyə davam edirik. Bunun həm buz arenası, həm də xokkey meydançası – çoxfunksiyalı kompleks olmasını planlaşdırırıq. Biz, həmçinin tribunalar və konsert zonası da nəzərdə tuturuq ki, festivalın bütün dünyaya yaydığı şou burada, “Sea Breeze”də nümayiş olunsun. Paralel olaraq, padel mərkəzinin tikintisi də həyata keçirilir”.

E.Ağalarov qeyd edib ki, dünyada ən sürətlə inkişaf edən idman növlərindən biri olan padel artıq bütün ilboyu Azərbaycan sakinlərinin və qonaqların istifadəsinə veriləcək. O əlavə edib: “Bunlar mövsümdən asılı olmayaraq fəaliyyət göstərən qapalı kortlardır. Artıq yay meydançalarımız var, indi ilboyu olanları, həmçinin tennis akademiyasını tikirik. Beləliklə, idmanla ciddi məşğul olacağıq”.

Artist onu da bildirib ki, iyulun 18-də “Sea Breeze”də ilk dəfə ideyası Timur Vaynşteynə məxsus olan beynəlxalq HUMOR FEST keçiriləcək: “Birgünlük tədbirlə başlamaq qərarına gəldik və uğurlu olarsa, onu bir neçə günə genişləndirmək olar. Mərkəzi tədbirlərdən biri KVN komandasının yenidən bir araya gəlməsi və Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş gecə olacaq. Tamaşaçılar onlardan ötrü çox darıxıblar. Ona görə də onların hamısını eyni səhnədə görmək xoşdur və inanıram ki, bu, bütün postsovet məkanında ilin ən əyləncəli axşamı olacaq.

Festivalın aparıcısı Sergey Burunov və Qarik Xarlamov olacaqlar. Ağalarovun sözlərinə görə, Xarlamov təyyarədə uçmaqdan qorxur və bu səbəbdən “Bakıya demək olar ki, piyada gələcək”.

Görüşün sonunda Emin Ağalarov qeyd edib ki, “Sea Breeze” dünyada aktual olan hər şeyin həyata keçirildiyi şəhər kimi inkişaf edir: “İndi bizdə basketbol üzrə dünya çempionatı olacaq, yayda tennis turnirləri keçiriləcək. Stand-up, musiqi, komediya, idman - bunların hamısı zamanla məhz burada olacaq. Böyük tədbirlər turizmin inkişafına kömək edir və Azərbaycan əcnəbilər üçün daha cəlbedici olur. Ola bilsin ki, Azərbaycanı tərk edən kimsə Castin Timberleykin möhtəşəm konsertinə baxmaq üçün geri qayıtmaq istəsin”.

Biznesmen və məşhur ifaçı buna misal olaraq 30 il əvvəl turizmin inkişafı strategiyasını seçən Dubayı misal çəkib: “Onlar qərara gəldilər ki, 2020-ci ilə qədər turizm gəlirləri neft gəlirlərini üstələməlidir və buna nail oldular. Hesab edirəm ki, Azərbaycanın da eyni uğuru əldə etməsinə heç nə mane olmur”.

Mədəniyyət