Azərbaycan əsilli rejissor Kann qalibidir

post-img

Fransanın Cənub sahilindəki məşhur kurort şəhəri Kannda keçirilən 78-ci Beynəlxalq Film festivalı tarixə qovuşdu. 10 gün ərzində neçə-neçə bədii və siyasi ruhlu ekran əsərinin nümayiş olunduğu sənət yarışmasının bütün nominasiyalarda mükafatları təqdim edilib.

Fərəhli haldır ki, festivalın əsas mükafatı olan “Qızıl palma budağı” bu dəfə iranlı tanınmış rejissor, ssenarist və redaktor, 1960-cı ildə Miyanə şəhərində doğulmuş Azərbaycan əsilli Cəfər Pənahinin “Bir sadə qəza” trillerinə verilib. Bu film Pənahinin öz dissident-məhkumluq təcrübələrindən bəhs edir. Xatırladaq ki, soydaşımız 2015-ci ildə Berlin Beynəlxalq Film Festivalında “Qızıl ayı”, 2000-ci ildə isə Venesiya Film Festivalında “Qızıl şir” mükafatlarının lauretatı olub. Bu soydaşımız da İran Prezidenti Məsud Pezeşkian kimi, “mən türkəm, evimdə də tükcə danışram” deyə qürurlanması ilə yadda qalıb.

Festivalın “Böyük mükafatı”na norveçli rejissor Yoакim Trierin “Sentimental dəyər” adlı komediya-dramı layiq görülüb. Film, ailə bağları və keçmişlə əlaqəli emosional bir hekayəni izhar edir . “Jüri mükafatı” isə 2 film – Oliver Laksenin “Sirаt” və Maşa Şilinskinin “Yıxılmanın sədası” filmləri arasında bölüşdürülüb. Braziliyalı aktyor Vaqner Moura isə “Sirаt”dakı performansına görə “Ən yaxşı aktyor” nominasiyasında fərqlənib. Yeri gəlmişkən, fransız aktrisa Nadia Melliti “La Petite Dernière” (Kiçik Bacı) filmindəki debüt roluna görə “Ən yaxşı aktrisa” seçilib.

Braziliyalı rejissor Kleber Mendonça Filho “Gizli Agent” filminə görə “Ən yaxşı rejissor”, belçikalı rejissor qardaşlar Jan-Pyer və Lük Darden “Gənc Analar” filmi ilə “Ən yaxşı ssenari” mükafatına layiq görülüblər. Festivalda bir sıra digər nominasiyaların qalibləri də müəyyənləşib.

Xatırladaq ki, bu il ilk dəfə olaraq Azərbaycanın “kinoyazar. az” saytı mötəbər festivalda iştirak üçün qeydiyyatdan keçib. Bu, Azərbaycan Kinematoqraflar İttifaqının təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytımızdır. Saytın müxbiri, kinotənqidçi Hacı Səfərov Kanndan Vətənə gündəlik olaraq maraqlı məlumatlar ötürüb.

Ümid edirik ki, yaxın gələcəkdə A kateqoriyasına aid beynəlxalq kino festivallarının iştirakçı və qalibləri arasında ölkəmizin təmsilçiləri də olacaqlar.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət