“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub

post-img

Norveçin Nerdrum Muzeyində keçirilən “İpək Yolundan Stavernə” adlı Azərbaycan Mədəniyyəti Günləri, “Earth and East” Festivalı çərçivəsində böyük izdihamla reallaşıb.

AZƏRTAC xəbər verir ki, hər gün 700-dən artıq qonağın iştirak etdiyi tədbir Azərbaycan ilə Norveç arasında mədəni körpülərin qurulmasına xidmət edib.

Festivalın dörd əsas təşkilatçısı – Nerdrum Muzeyi, Sjoparken, Thor Heyerdahl İnstitutu və Norveçdə fəaliyyət göstərən CAN –Təşkilatı olub.

Tədbiri rəsmi olaraq Nerdrum Muzeyinin icraçı direktoru Martin Romberg açaraq festivalın Azərbaycan mədəniyyətini Norveç auditoriyasına tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra məşhur norveçli rəssam Odd Nerdrumun qızı Aftur Nerdrum və CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur milli geyimlər, mədəni irs və ortaq dəyərlər mövzusunda qonaqlara Azərbaycan mədəniyyətinin zənginliyi haqqında geniş məlumat veriblər.

Tədbirin diqqətçəkən hissəsi Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın Qarabağ xalçalarından ibarət şəxsi kolleksiyası olub. Bu xalçalar öz rəngləri, naxışları və simvolizmi ilə qonaqlara qədim İpək Yolunun mədəni zənginliyini hiss etdirib.

Xüsusilə “Ata vəsiyyəti – oğulun zəfəri” adlı xalça tamaşaçılarda böyük təəssürat yaradıb. İpək və yundan ikitərəfli toxunmuş, 2 il 4 ay müddətində ərsəyə gətirilən bu sənət əsərinin bir tərəfində Ümummilli Lider Heydər Əliyevin gələcəyə verdiyi vəsiyyət, digər tərəfində isə Prezident İlham Əliyevin həmin vəsiyyəti yerinə yetirməklə əldə etdiyi zəfər təsvir olunub.

Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, dosent Gülzadə Abdulovanın və Alaca milli geyim brendinin təqdim etdiyi milli geyim kolleksiyası böyük maraqla qarşılanıb. Bu geyimlər tanınmış jurnalist Nigar İbrahimovanın təqdimatında norveçli modellər tərəfindən nümayiş etdirilib.

















Mədəniyyət