Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb.
Dövlət Xidmətinin Əsasnaməsində də göstərildiyi kimi, bu qurum “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçir. Xidmətin fəaliyyət istiqamətlərindən biri də tarix və mədəniyyət abidələrinin bərpasına, mühafizəsinə və istifadəsinə dair layihələrin hazırlanması, bu binaların təhlükəsizliyini təmin etmək üçün onların mühafizə zonalarında qabaqlayıcı tədbirlər görülməsidir.
Onu da xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı” qəbul edilmiş, milli mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, həmin abidələrin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsi üzrə məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Bildiyimiz kimi, Bakıda, xüsusilə də şəhərin mərkəzində çoxlu turistlər olur. Onlar tarixi binaların, dahilərin abidələrinin önündə ayaq saxlayır, maraqla baxır və şəkil çəkdirirlər. Bu zaman obyekt barədə məlumat əldə etmək zərurəti yaranır və məlumat lövhələri olanda bununla bağlı müşkül olmur. Özü də bu, təkcə xarici turistlər üçün deyil, elə yerli camaat üçün də çox vacibdir. Ən azından gördüyün bina, kompleks haqqında qısa bilgi ala bilirsən.
Amma bu da sirr deyil ki, paytaxtda heç də hər tərəfdə və hər tarixi binada bu cür məlumat lövhələri yoxdur, olanların da bəzisi Azərbaycan və rus dillərində, kiril əlifbası ilə yazılanlardır. Ölkəmizin digər şəhər və rayonlarında da məlumat lövhələri ilə bağlı vəziyyət ideal deyil. Artıq bu sahəyə diqqətin gücləndirilməsi təqdirəlayiq haldır.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bununla bağlı XQ-yə açıqlamasında dedi:
– Elə yeni layihəmizin əsas məqsədi də abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının alınmasıdır. Mərhələli şəkildə həyata keçiriləcək layihə çərçivəsində 2025-ci il ərzində Bakı şəhəri və bölgələrdə yerləşən 1200-dən artıq abidəyə məlumat lövhəsinin quraşdırılması planlaşdırılır. Lövhələrdə yer alan bütün məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Yeni lövhələrdə hər bir tarixi abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə zəruri məlumatlar öz əksini tapır. Bu da həm yerli sakinlər, həm də ölkəmizi ziyarət edən turistlər üçün abidələrimiz haqqında aydın və etibarlı mənbə rolunu oynayacaq.
Dövlət Xidməti bir daha bütün vətəndaşları tarix-mədəniyyət abidələrinin qorunmasına dəstək göstərməyə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.
Ə.ƏLİYEV
XQ