Yaxud hər görəndə anamı xatırladığım qadın
Məhluqə Sadıqovanı bir neçə dəfə öz verilişimə – dövlət radiosunun Xəbərlər baş redaksiyasının “Səhər” musiqili informasiya proqramına dəvət etmişdim. Hər dəfə “vaxt olsa gələrəm” və ya “o barədə sonra danışarıq” kimi bəhanələrlə əlimi boşda qoymuşdu. Düşünürdüm ki, bu bəhanələrin təməlində onun haqqında Rafael Hüseynov, Məmməd Aslan, İntiqam Mehdizadə, Tahir Talıblı kimi tanınmış qələm sahiblərinin hazırladıqları materiallar dayanır. Yəqin radioda o qədər də təcrübəsi olmayan bir əməkdaşa müsahibə vermək istəmir.
Qərəz, bir gün radionun proqram baş redaksiyasının direktoru, mərhum Zöhrab Zeynalov dedi ki, qardaşım Fərhadın (o zamankı Azərbaycan Dövlət Universitetinin professoru, görkəmli türkoloq Fərhad Zeynalovu nəzərdə tuturdu) işlədiyi kollektivin texniki işçilərindən birinin oğlu şəhid olub. Qardaşım xahiş edir ki, həmin şəhid haqqında radioda veriliş hazırlansın. Mən də səni nəzərdə tutub dedim, baş üstə. Həmin süjeti hazırla, sonra mən də sənin hansısa xahişini yerinə yetirərəm.
Süjeti hazırladım, efirə getdi və Zöhrab müəllim bəyəndiyini söylədi. Elə həmin an ondan xahiş etdim ki, Məhluqə xanımın mənim verilişimə gəlməsinə kömək etsin. “Baş üstə” dedi və həmin müqtədir sənətkarın verilişimə gəlməsini təmin etdi.
…Səsyazma studiyasındakı ilk arqumentim, təxminən, belə olmuşdu: “Hörmətli dinləyicilər, Xalq artisti Məhluqə xanım Sadıqovanın təqdim edilməsinə ehtiyac yoxdur. Ölkədə onun səsinə, sənətinə heyran olmayan tapılmaz. Ancaq öz atamı təqdim etməyə ehtiyac hiss edirəm. Atam – sadə bir kənd adamı 20 ildən çoxdur ki, “Bulaq” verilişinin heç bir sayını ötürmür. Toyda və ya yasda olsa belə, özünü həmin verilişədək evə çatdırır. Üstəlik, radioda çalışdığım 3 ilə yaxın müddətdə tez-tez məndən soruşur ki, “Bulaq” verilişini aparan qadının həyatdakı səsi, söhbəti də elədirmi?”
Bütün bunları deyəndən sonra əlavə etdim ki, Məhluqə xanım, sizə xüsusi bir sualımız yoxdur. Amma “Bulaq” verilişinin yaranması, buraya gəlməyiniz, həmin efir əsərinə 20 illik sədaqətiniz barədə eşitmək istərdik.
Məhluqə xanım “O vaxtlar…” – deyə söhbətə başladı və mən 10 illər boyu heyranı olduğum səsi eşitdikcə, sanki, “uyuyurdum”. 5 dəqiqə üçün nəzərdə tutulmuş lent yazısının 10 dəqiqəyə başa çatdığını bilmədim.
Veriliş efirə gedəndən sonra əməkdaşımız Zərxanım Əhmədli eyhamla gülərək dedi: “Səhər”dən “Bulaq” səsi gəlirdi. Ancaq Məhluqə xanımın söhbətin əvvəlində dediyi fikir səni necə tutmuşdusa, sual verə bilmədin”.
Xatırladım ki, Məhluqə xanım mənim səsimin bu qəbildən olan verilişlər üçün uğurlu olduğunu demişdi və həmin an mən özümü, sanki, “Oskar” mükafatı almış kimi hiss etmişdim.
Allah o böyük sənətkara rəhmət eləsin! Aprelin 28-də onun 119-cu ad günüdür.
İ.QAÇAYEV


