Azərbaycanın zəngin mədəniyyətini və milli rəqslərini Böyük Britaniyada təbliğ edən həmyerlimiz Səkinə Muxtarlı Lids şəhərində həm peşəkar fəaliyyətini, həm də milli incəsənətimizi tanıtmaq missiyasını davam etdirir. O, Lids Şəhər Bələdiyyəsində menecer kimi çalışmaqla yanaşı, həftə sonları azərbaycanlı və müxtəlif millətlərdən olan uşaqlara milli rəqslərimizi öyrədir. AZƏRTAC-a müsahibəsində Səkinə Muxtarlı rəqsə olan marağının necə yarandığından, xaricdə Azərbaycanı təmsil etməyin ona bəxş etdiyi qürurdan və gənc rəqs həvəskarlarına verdiyi tövsiyələrdən danışıb.
– İlk olaraq, oxucularımıza özünüzü təqdim edərdinizmi? Rəqsə marağınız necə yaranıb, ilk səhnə təcrübəniz nə vaxt olub?
– Mən iki tarixçinin sonbeşik qızıyam. Bakıda doğulub boya-başa çatmışam, 17 yaşıma qədər orada yaşamışam. Daha sonra təhsil almaq üçün Türkiyənin Ankara şəhərinə köçdüm. Bir bacım var. Valideynlərim tarixçi olsa da, ailəmizdə sənətlə məşğul olanlar da olub. Anam uzun illər tar ifaçısı, xalam kamançaçı, dayım isə musiqiçidir. Nənəmin də böyük təsiri olub. O, ədəbiyyat müəlliməsi idi, amma teatrla da məşğul olur, şeirlər yazırdı. Yoldaşım da həm rəqqas, həm də tarzəndir. Bir sözlə, ailəmizdə sənətə həmişə maraq olub.
Mənim rəqsə marağım isə uşaqlıqdan yaranıb. Dayım musiqi ifa edərdi, mən də oynayardım. Hələ uşaq bağçasında rəqs dərslərinə gedirdim. Sonra anam həvəsimi görüb məni və bacımı “Cücələrim” rəqs ansamblına yazdırdı. İlk addımlarımı orada atdım. “Cücələrim”, “Nəlbəki”, “Ləzginka” kimi rəqsləri orada mənimsədim. Müxtəlif tədbirlərdə çıxış edirdik, ilk səhnə təcrübəm də həmin ansamblda oldu.
– Londona nə vaxt köçmüsünüz və burada əsas fəaliyyət sahəniz nədir?
– 2019-cu ildə Londona köçdüm. Daha sonra yoldaşımın işi ilə əlaqədar Lids şəhərinə yerləşdik. Burada Lids Şəhər Bələdiyyəsində sağlamlıq, əməyin həhlükəsizliyi və mühafizəsi üzrə menecer işləyirəm. Bununla yanaşı, həftə sonları rəqs dərsləri keçirirəm, uşaqlara milli rəqslərimizi öyrədirəm. Əsas məqsədim buradakı balaca həmyerlilərimizə Azərbaycan rəqslərini tanıtmaqdır.
– Rəqs müəllimi kimi dərslərinizi harada və necə təşkil edirsiniz? Daha çox hansı rəqs növlərini öyrədirsiniz?
– Həmişə çalışıram dərsləri peşəkar rəqs zallarında keçim. Çünki milli rəqslərimiz xüsusi diqqət tələb edir. Rəqqas güzgü qarşısında məşq etməlidir ki, həm qaməti düz olsun, həm də hərəkətlərini daha yaxşı görüb səhvlərini tez düzəltsin. Həmçinin döşəmə də uyğun olmalıdır, sürüşkən olmamalıdır, çünki bu, qəzalara səbəb ola bilər. Hazırda məktəblərin tətili və insanların məzuniyyətdə olması səbəbindən dərslər müvəqqəti dayandırılıb, amma yaxın vaxtlarda yenidən başlayacağıq.
– Şagirdləriniz arasında daha çox kimlər üstünlük təşkil edir? Onların Azərbaycan rəqslərinə münasibəti necədir?
– Lidsdə şagirdlərimin çoxu İngiltərədə doğulmuş azərbaycanlılardır. Yarı azərbaycanlı, yarı ingilis uşaqlar da var. Keçən il bir mövsüm Kembric və Londonda da dərslər keçmişdim. Orada ingilis, rus, özbək, iranlı, ispan, yunan uşaqlar da iştirak edirdi. Hamısı milli rəqslərimizə böyük maraq göstərirdi. Bəziləri üçün rəqslərimiz çətin və ritmik gəlirdi, amma hər dərsin sonunda çox əyləndiklərini deyirdilər. Onların sevinci məni də çox xoşbəxt edirdi.
– Londonda Azərbaycan mədəniyyətinə aid rəqsləri öyrətmək və ölkəmizi təmsil etmək sizə hansı duyğuları yaşadır?
– Böyük qürur hissi keçirirəm. Biz başqa ölkədə yaşasaq da, hər zaman öz vətənimizin təmsilçisiyik. Azərbaycanı, mədəniyyətimizi tanıtmaq mənim üçün həmişə şərəf olub. Xüsusilə də tədbirlərdən sonra insanlar yaxınlaşıb milli geyimlərimiz və rəqslərimiz barədə suallar verəndə qürur hissi duyuram. Bu maraq bizə həm həvəslə, həm də məsuliyyətlə çalışmaq gücü verir.
– Azərbaycandan Londona köçəndə ən çox hansı çətinliklərlə üzləşdiniz? Bu gün fəaliyyətiniz sizə hansı üstünlükləri qazandırır?
– Ən böyük çətinliyim vətən həsrəti olub və hələ də davam edir. Hər nə qədər gedib-gələ bilsək də, vətənin yerini heç nə vermir. Ancaq fəaliyyətim sayəsində dövlət səviyyəsində tədbirlərdə iştirak etmək, yeni insanlarla tanış olmaq, dostluqlar qurmaq imkanım oldu. Bu, mənim üçün böyük üstünlükdür.
– Sizcə, Azərbaycan rəqslərinin və ümumiyyətlə mədəniyyətimizin dünyada daha çox tanınması üçün nələr edilməlidir?
– Dövlətimiz mədəniyyətimizə böyük diqqət göstərir, bir çox ölkədə Azərbaycan mədəniyyət günləri keçirilir. Amma biz, xaricdə yaşayan azərbaycanlılar da öz üzərimizə düşəni etməliyik. Kiçik tədbirlər, sərgilər, musiqi və rəqs günləri təşkil edilməlidir. Beynəlxalq festivallara qatılıb Azərbaycanı tanıda bilərik. Xaricdə çox savadlı, istedadlı gənclərimiz var və onların da fəal olması vacibdir. Ən əsası, birlikdə çalışmaq və ruhdan düşməmək lazımdır.
– Azərbaycandan gələn gənc rəqs həvəskarlarına və müəllimlərinə hansı tövsiyələri verərdiniz?
– Hər zaman yeniliklərə açıq olmaq lazımdır. Əsas mahiyyətə toxunmadan yeni quruluşlar və ifalar səhnəyə həyat gətirir. Unudulmuş rəqslərimizi təkrar səhnəyə çıxarmaq vacibdir. Rəqs bizim yaşayan tariximizdir və biz onu unutturmamalıyıq.
Həyat bəzən insanı səhnədən uzaqlaşdırır. Amma heç vaxt ruhdan düşməsinlər. Mənim elə vaxtım olub ki, dərsə yalnız bir şagird gəlib. Amma yenə də dərsi sanki qarşımda 20 nəfər varmış kimi keçmişəm. Çünki bir nəfərə belə yeni nələrsə öyrətmək böyük uğurların qapısını aça bilər. Yaddaşlarda qalacaq rəqslərimiz bizim gələcək mirasımızdır. Ona görə deyirəm: yaşayın və yaradın.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London