İki mədəniyyəti birləşdirən tarixi əsər - “Heinrix və Leyla”

post-img

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın “Heinrix və Leyla” adlı simfonik əsəri Detmold şəhərində yerləşən Christuskirche abidə zalında ifa olunub.

Azərbaycan və Almaniya arasında dostluq münasibətlərinin 200 illik tarixinə həsr olunan konsert proqramında beynəlmiləl tərkibli “Bridge of Sound” orkestri çıxış edib. Dirijor Fərhad Qarayusiflinin rəhbərliyi ilə səsləndirilən əsər Şərq və Qərb musiqisinin unikal sintezini yaradaraq tamaşaçılara dərin təsir bağışlayıb. 12 hissədən ibarət olan "Heinrix və Leyla" əsərində Avropa klassik orkestr alətləri ilə yanaşı, Azərbaycan muğam elementlərinə geniş yer verilib. Əsər musiqinin dili ilə milli irsimizin zənginliyini beynəlxalq auditoriyaya çatdıraraq, xalqlar arasında mədəni körpü rolunu oynayıb.

Bəstəkar Xədicə Zeynalova əsərin yaranma tarixindən, musiqidə əks olunan hadisələrdən və Azərbaycan-Alman dostluğunun tarixi köklərindən danışıb. 

Almaniyalı tədqiqatçı Mayk Flek bu layihəyə görə müəllifə təşəkkürünü bildirib və layihəni iki xalq arasında mədəni dialoqun mühüm nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, uzun illərdir Almaniyada yaşayan və fəaliyyət göstərən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı və sədri Xədicə Zeynalova Almaniyanın Mədəniyyət Nazirliyinin 2024-cü ilin ən yaxşı bəstəkarı adına və "Artist in Residence" nominasiyasına layiq görülüb. Almaniyada "Harmony of sound" adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri olan soydaşımız Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti, Almaniya, Hollandiya, İngiltərə, Azərbaycan və Yaponiyada çap edilən sayca 40-dan çox elmi kitab, əsər və dərsliklərin müəllifidir. Xədicə Zeynalova Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin "Nizami" adına medalına, Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalına layiq görülüb.

XQ













Mədəniyyət