“Anladım. Tanıdım. Yaşadım” – Fazil Mustafadan yeni kitab

post-img

Azərbaycan ictimai-siyasi fikir həyatında özünəməxsus yeri olan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı işıq üzü görüb. “Anladım. Tanıdım. Yaşadım” adlı bu əsər müəllifin həm öz yaşam təcrübəsini, həm də milli-mədəni düşüncə axtarışlarını əhatə edir.

Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə “AVE Print”də gün üzü görən nəfis kitab, müəllifin müxtəlif vaxtlarda qələmə aldığı esselərdən ibarətdir. Burada Fazil Mustafanın oxuduğu, öyrəndiyi, tanıdığı və birgə mübarizə apardığı şəxsiyyətlər haqqında düşüncələri təqdim olunur. Əsər xatirə və publisistik mətnlər toplusu olmaqla yanaşı, həm də düşüncə panoramı, millət və cəmiyyət fəlsəfəsinin aydın mənzərəsidir.

Kitab üç əsas bölmədən ibarətdir:

“Anladım” – müəllifin tarixdə və mədəniyyətdə dərin iz qoymuş şəxsiyyətlər haqqında esseləri;

“Tanıdım” – müəllifin şəxsən tanış olduğu və yaxından müşahidə etdiyi ədiblər, sənətkarlar, ictimai-siyasi və dövlət xadimləri ilə görüşləri, fikir mübadilələri;

“Yaşadım” – Fazil Mustafanın öz həyat yoluna, ideoloji mövqeyinə və mənəvi dünyasına səmimi baxışıdır. 

Müəllif son bölümdə özünə belə bir sual ünvanlayır: “Xeyirli ömür yaşadımmı?” – Və sualına “Yaşadım”– deyə cavab verir.

“Anladım. Tanıdım. Yaşadım” bir müəllifin şəxsi təəssüratlarının toplusu olmaqla yanaşı, Azərbaycançılıq ideyasının, milli kimlik və mədəni yaddaşın, insan ömrünün fəlsəfi dəyərinin bədii-fəlsəfi ifadəsidir. Kitab oxucunu həm tarixin dərslərini anlamağa, həm çağdaş dönəmin insanlarını tanımağa, həm də öz ömrünü yaşamağa sövq edir.

Fazil Mustafanın yeni kitabı özünü və millətini dərk etmək istəyən oxucular üçün düşüncə, eyni zamanda, yaddaş kitabı kimi xarakterizə oluna bilər.

Zərifə BƏŞİRQIZI

XQ 

Mədəniyyət