Məhsəti, Natəvan şeiriyyətinin çağdaş davamçısı

post-img

Firuzə Məmmədli – 85

Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti tanınmış şair, dilçi alim və pedaqoq Firuzə Məmmədlinin anadan olmasının 85 illiyini qədirbilənliklə qeyd edir. Azərbaycan Yazıçılar Birliyində və Xaçmaz rayonunda keçirilən yubiley mərasimlərində qocaman söz ustasının mənalı ömür yoluna sevgi-sayğı ilə nəzər salınıb, milli idealları əks etdirən yaradıcılığına yüksək dəyər verilib.

Sevimli Firuzə xanımla gec tanış olsam da, mənəvi zənginliyindən çox pay götürmüşəm. Həmyerli olmağımızdan ikiqat artıq sevinc və qürur duymuşam. Yazıçılar Birliyində düzənlənmiş yubiley məclisində iş yoldaşlarının, tələbələrinin, dostlarının, tanışlarının, ədəbiyyatçıların, elm adamlarının onun haqqında söylədiklərindən, ona verdikləri dəyərdən nə qədər fərəhləndiyimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Firuzə xanımın boya-başa çatdığı Xaçmaz rayonunda keçirilmiş təntənəli yubiley mərasimində söylənənləri, eşitdiklərimi və duyub-düşündüklərimi isə qələmə alsam, bir kitab alınar.

Bircə onu söyləyim ki, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın Firuzə Məmmədlinin istedadlı şair, məhsuldar yazıçı, fədakar alim, görkəmli elm fədaisi olması ilə yanaşı, həm də rəhbərlik etdiyi qurumun intizamlı işçisi, nüfuzlu əməkdaşı, yorulmaz ədəbiyyat adamı, həmkarlarının sevimli ağbirçəyi olması barədə şairin həmyerliləri qarşısında söylədiyi səmimi fikirlər hamını duyğulandırdı və xaçmazlıları isə həm də qürurlandırdı.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin və digər natiqlərin bu zərif vücudlu, incə ruhlu, yazıb-yaratmaq həvəsli xanım-xatın ziyalının həyat və yaradıcılığı haqqında dərin ehtiramla, sevə-sevə danışmaları xəyalımda onun Məhsəti Gəncəvi, Xan qızı Natəvan şeiriyyətinin istedadlı və cəfakeş davamçısı obrazını yaratdı.

Beləliklə, həmin obrazda canlanan fədakar xanımın dupduru gözləri, dərin müşahidəli baxışları, daxili zənginliyini əks etdirən üz ifadəsi, sakit duruşunun arxasındakı qaynarlıq barədə söz açmaq istəyirəm. İnternetə, Viki mənbəyə üz tutdum... Firuzə xanım nə qədər zəngin bir həyat, məhsuldar yaradıcılıq yolu keçib, nə qədər filoloq yetişdirib. Oncildlik "Seçilmiş əsərləri"ndə toplanmış müxtəlif janrlı əsərlər – şeir, hekayə, məqalə, monoqrafik tədqiqat, tərcümə, publisistik yazılar... şair, alim, pedaqoq Firuzə Məmmədlinin ədəbiyyatımız, filologiya elmimiz, ali təhsilimiz üçün göstərdiyi xidmətlərin çevrəsini və çəkisini nişan verir.

Firuzə xanımın tərcümeyi-halını, keçdiyi həyat yolunu, aldığı təltifləri, elmə verdiyi töhfələri öyrəndikcə, həm heyran qalırsan, həm də bunları necə etdiyinə təəccüblənirsən. 15 yaşında ikən əla oxuduğuna və məktəbyanı sahədə yetişdirdiyi yeni alma növünə görə Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülüb. 4 il sonra isə orta məktəbi gümüş medalla bitirib. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

Yubilyar xanım tələbəsi olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində 50 il müəllim işləyib. 1990-cı ildə “Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Dilçilik kafedrasının dosenti olub.

Firuzə xanım yaradıcılığa 1963-cü ildə Xaçmaz rayonunda çıxan "Dostluq" qəzetində çap olunmuş "Ay həkim" şeiri ilə başlayıb, bu günədək qələmi əlindən yerə qoymayıb. 1973-cü ildə ilk şeirlər kitabı – “Gümüşü damla” çapdan çıxıb. Sonra ilaşırı yeni şeir kitabları ilə oxucuların görüşünə gəlib. 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən türkdilli xalqların şeir müsabiqəsində birincilik qazanaraq “Əlişir Nəvai” mükafatına layiq görülüb. Ardınca ölkəmizdə nüfuzlu “Rəsul Rza”, “Nəsimi”, “Qızıl kəlmə” mükafatlarını qazanıb.

Bu nailiyyətləri ömrünün illərinə, aylarına, günlərinə, bəlkə, dəqiqələrinə bölsək, yüksüz, çəkisiz saat, gün tapmaq olmaz. Firuzə Məmmədli 2012-ci ildə ölkəmizdə elm və təhsilin inkişafında göstərdiyi xidmətlərə görə ilə “Tərəqqi” medalı, 2021-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif olunub. O, yaradıcılıq sahəsində Prezident təqaüdçüsü olub.

Firuzə xanımın şair kimi müşahidə qabiliyyəti, alim kimi zəkası güclüdür. İnsan kimi səbirlidir, inadkardır, fəaliyyəti məqsədyönlüdür. 78 il bundan öncə 1-ci sinfə gedərkən əlinə qələm alıb hərfləri yazmağı, tanımağı öyrənməyə başladığı gündən oxuyur, öyrənir, bildiklərini tətbiq edir. Türk, rus, özbək, tacik, fars dillərindən tərcümə etdiyi şeir nümunələri oxucular tərəfindən maraqla qarşılanır. Müxtəlif janrlarda yazdığı əsərləri, ən çox da şeirləri ingilis, rus, özbək, türkmən, gürcü, Ukrayna, polyak, fransız, türk, fars dillərinə tərcümə olunub, Türkiyədə və İranda kitabları çap olunub, şeirinə mahnı yazılıb.

Firuzə xanım vətənpərvər, qəlbi vətən sevdasıyla dolu bir ziyalımızdır. Hələ 1965-ci ildə o, tələbə ikən Bütöv Azərbaycan uğrunda tələbə hərəkatına qoşulub və bu yolda dönməzliyini, iradə və əzmini, mübarizliyini odlu-alovlu çıxışlarında sərgiləyib. Azərbaycanı bütöv görmək, o taylı-bu taylı soydaşlarımızla yenidən eyni bayraq altında birləşib xoşbəxt yaşamaq onu bir ziyalı kimi həmişə düşündürüb və bu arzusuna qovuşmaq üçün həmişə bir əsgər kimi hazır olub.

Bütün bu dediklərim onun bioqrafik səpkili “Nə yaxşı” şeirində bədii-estetik əksini tapıb:

Yaddaşımda nə ki vardı, cəm etdim,
Gündüzləri gecələrə şam etdim.
Vərəqləri qələmimlə şum etdim,
Sözüm bitib-tükənmədi, nə yaxşı!

Çətinliyi dağdan aşan günlərin,
Ümidləri aşıb-daşan günlərin,
Duyğulara süfrə açan günlərin
Varağını bükəmmədim, nə yaxşı!

Qocaman söz ustadımızı, Azərbaycan qadınlığını şərəfləndirmiş şair, alim, pedaqoq Firuzə Məmmədlini bir daha təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Əntiqə QONAQ,
Əməkdar jurnalist



Mədəniyyət