Ədəbiyyat və publisistikamızın unudulmaz siması

post-img

Gəray Fəzli – 100

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış siması, populyar nasir və şair, nüfuzlu publisist Gəray Fəzlinin anadan olmasının 100 illiyini ölkənin ədəbi-mədəni ictimaiyyəti sayğı və qədirbilənliklə qeyd edir. Yaşlı nəsil qələm əhli ustad yazarı, onun xeyirxahlığını, istedadlı gənclərə göstərdiyi qayğını xoş xatirələrlə yad edir.

Qələmini nəsrdə, poeziyada, publisistikada, teleradio jurnalistikasında uğurla sınayan Gəray müəllim 1925-ci il noyabrın 14-də anadan olub, Qax rayonunun İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü həmişə faşizm üzərində Qələbə Günü olan mayın 9-da qeyd edərdi. Bunun səbəbi bizə aydın idi. İkinci Dünya müharibəsində dəfələrlə yaralansa da, sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından yaralanmış, məktəb illərində məlahətli səsi ilə mahnılara qanad taxan gəncin təkcə səsi də ömürlük yara almışdı.

Bu, bir xoş təəssürat yazısıdır. Gəray Fəzlinin çoxşaxəli yaradıcılığı, şeir, poema romanları və kinossenariləri barədə yazmaq, ilk növbədə, ədəbi tənqidçilərin, tədqiqatçıların işidir. Bizim nəsil isə ondan boyunlarında yüksək haqq-sayı olmuş böyük dost kimi söhbət açmağa borcludur.

Yaxşı yadımdadır, 1967-ci ilin bir payız günü təhsil aldığım Qəbələ rayonunun Hacallı kənd orta məktəbinə səs yayıldı ki, Bakıdan şair qonaqlarımız gəlir. Məmməd Rahim, Hikmət Ziya və Gəray Fəzlinin gəlişini həyəcanla gözlədik. Görüşdə səsi yaxından zorla eşidilən Gəray müəllimin şeirlərini məktəbimizin əlaçı şagirdlərindən birinin oxuması isə məclisə qəribə, kədərli və izaholunmaz bir ahəng qatdı, müəllifə olan rəğbəti isə ikiqat artırdı.

Direktorumuz Əziz müəllim şairin İkinci Dünya müharibəsində yaralanmasını, boğazından aldığı güllə yarası ilə səs tellərinin ciddi zədələndiyini xatırladanda şairin yanına qaçıb məktəbin həyətindən dərdiyimiz qızılgülləri onun sinəsinə sıxanlar arasında mən də var idim...

Gəray müəllim çox qısa, nəfəsini dərə-dərə danışdı, bizə təhsil uğurları arzuladı. Şeir həvəskarlarını əmin etdi ki, yazsınlar, çap olunmaqda, tanınmaqda onlara yardımçı olmağa hazırdır. Sonralar məktəbimizin yetirməsi Zahid Əfəndizadə haqqında “Azərbaycan gəncləri” qəzetində “Uğurlu yol” təqdimatı yazanda biz Gəray Fəzlinin öz sözünə sadiqliyinin bir daha şahidi olduq.

O yetkin qələm sahibinin imzası orta və yaşlı nəslin yaxşı yadındadır. İkinci Dünya müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı ehtiramla çəkilir – nasir, şair, publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd insan, əsl vətəndaş idi Gəray müəllim. Mən onu sıradan bir şair, söz adamı kimi tanımırdım. Gəray müəllimin bacısı Pəri xanım nəslimizin gəlini – əmim Ələsgərin həyat yoldaşı idi.

Gəray Fəzlinin mənim təhsil almağımda, işə düzəlməyimdə, sonralar yaradıcılıq fəaliyyətimdə müstəsna xidmətləri olub. Ədəbiyyata və jurnalistikaya meylimlə bağlı gəldiyi qənaət mənim bioqrafiyamda əvəzolunmaz izlər qoyub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdim, təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərildim. Onun tövsiyə və məsləhətləri günü bu gün də karıma gəlir - istər yaradıcılıqda, istərsə də məişətdə, kollektivdə, dost-yoldaş arasındakı münasibətlərdə.

70 illik ömründə Gəray müəllim çox məhsuldar yaradıcılıq yolu keçib, şərəfli bir həyat sürüb. Hələ 17 yaşı tamam olmamış ürəyinin hökmü ilə cəbhəyə yollanmış, ağır döyüşlərdən çıxmış, yaralanıb hospitallarda müalicə olunmuşdu. Ordudan tərxis olunduqdan sonra Pedaqoji İnstitutda təhsil almışdı. 1953–1957-ci illərdə Qax rayonunda müəllimlik etmişdi. 1957-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışmışdı.

Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim “Ölkəm”, “Mənim səsim”, “Təzə ünvan”, “İldırımlı dağlar”, “Kəhrəba işığında”, “Səadətin ünvanı”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı”, “Xatirəli dünyam” və s. kitabların müəllifi idi. “Portret cizgiləri” seriyasından sənədli povestlər, oçerklər, sənədli televiziya filmləri üçün ssenarilər yazmışdı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışını tarixi zərurət kimi qarşılayan və alqışlayan Gəray Fəzli “Gecə günəşi” əsərində o böhranlı günlərin bədii salnaməsini yaratmış, daxili düşmənlərin xəyanətini kəskin ittiham etmişdi. AZTV-dəki çoxillik fəaliyyətindən sonra təqaüdə çıxan yetkin publisist kimi o, 1991-ci ildə “Hikmət”, 1992-ci ildə “Axtarış”, 1993-cü ildə isə “Kəndin səsi” qəzetlərinin redaktoru olmuş, “Xalq qəzeti” ilə fəal əməkdaşlıq etmişdi. Onun bu dövrdəki publisistikası milli birliyə, müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa, mənəvi dəyərlərə bağlılığa ucadan çağırış kimi ölkədə gur əks-səda vermişdi.

1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin poema və romanları ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdilər. Şair, yazıçı, ədəbiyyatşünas dostları arasında Ənvər Əlibəylinin, Adil Babayevin, Qabil İmanverdiyevin, İslam Səfərlinin, Əliağa Kürçaylının, İmamverdi Əbilovun, Nəriman Həsənzadənin, Novruz Gəncəlinin, Atif Zeynallının Gəray müəllimə olan hörmət və ehtiramının canlı şahidiyəm. O, şair dostunun xatirinə oğluna Qabil adı vermişdi. Nəriman Həsənzadə Gəray Fəzlinin şərəfinə “İtirilmiş səs” poemasını yazmışdı.

Gəray müəllim məlum səbəbdən zəngin iç dünyasından gələn şeirlərini kürsülərdən oxuya bilməsə də, onun sözlərinə yazılmış mahnıları Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi korifeylər, Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar səsləndiriblər.

Azərbaycan Televiziyası və Radiosunun Fondunda qorunub saxlanan verilişlərdə tez-tez Gəray Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar ifa olunur. Əməkdar jurnalist Flora Xəlilzadə müəllifi olduğu “Yadigarlar” verilişini bütünlükdə Gəray müəllimin yaradıcılığına həsr edib və bu proqram çox maraqla qarşılanıb.

Gəray Fəzli uşaqlıq və gənclik illərini Qaxda keçirib. Sonralar bu rayonun Güllük kəndində müəllim, məktəb direktoru işləyib. Bu yerlər onun üçün çox əziz idi. Tez-tez Qaxa gedər, uşaqlıq xatirələrini zehnində, qəlbində canlandırardı. Bunları niyə xatırladıram? Çox istərdim ki, Gəray Fəzlinin boya-başa çatdığı, pedaqoji fəaliyyətlə məşğul olduğu rayonda şairin adının əbədiləşdirilməsi ilə bağlı növbəti addımlar atılsın. Bu rayonun sakinləri bir daha bilsinlər ki, vaxtilə bu torpağın üstündə addımlayan, çörəyindən, suyundan dadan tanınmış söz adamı Gəray Fəzlinin ruhu bu yerlərdə dolaşır.

Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini açıqlayan misraları bu gün də örnək olacaq bir obrazı təqdim edir:

Özüm də sirrini bilmirəm nədir –
Bir dərya etibar, bir ümman sətir –
Elə bil, tək mənim ürəyimdədir,
Səmadır, səhradır, çəməndir könlüm,
Sevgiyə, sevdaya vətəndir könlüm.

Ona Füzulidən ariflik qalıb,
Leylinin eşqindən zəriflik qalıb,
Hələ çəkilməyən neçə yük qalıb...
Demirəm hər yükü çəkəndir könlüm,
Yalnız el yükünə vətəndir könlüm.

Poetik avtoportretindən də göründüyü kimi, Gəray müəllim genişqəlbli, səxavətli, saf düşüncəli insan idi. Vaxtilə onunla çiyin-çiyinə çalışmış Fikrət Qoca, Cəmil Əlibəyov, Nahid Hacızadə, Tahir Paşazadə, Firudin Ağayev, Həbibə Məmmədxanlı, Emin Mahmudov, Tofiq Rüstəmov, Mailə Muradxanlı, İbrahim Göyçaylı, Ramiz Həsənoğlu, Bünyad Məmmədov, Əmirhüseyin Məcidov, Ələkbər Abbasov, Tahir Aydınoğlu, Qulu Məhərrəmli, Mübariz Süleymanlı, Akif Əli, Rafiq Səməndər, Əli Nəcəfxanlı, Hafiz Baxış, Nadir Diridağlı və digər tanınmış söz adamları, rejissorlar həmişə söhbətlərində, müsahibələrində Gəray Fəzlinin çoxlarına örnək olası nəcib keyfiyyətlərindən, mərd xüsusiyyətlərindən bəhs ediblər.

1995-ci il dekabrın 26-da Gəray müəllim bu dünyaya – əzizlərinə, oxucularına, onu tanıyan, xətrini əziz tutan hər kəsə əlvida dedi. Təbii ki, bu tarix Gəray Fəzlinin mənalı ömür yolunun, zəngin yaradıcılığının nöqtəsi, taleyinin əbədiyyətə qovuşma anı olsa da, 35 ildən bəri xatirələrdə yaşamasının başlanğıcıdır. Gözəl insanın, oxunaqlı romanlar və poemalar müəllifinin, nəğməkar şairin 100 illik yubileyi onun parlaq obrazını yenidən iri planda gündəmə gətirir. Şair bu inamla da yazmışdı:

Əsrlərin arxasından
Gələcəkdir səsim mənim.

Əminik ki, Azərbaycan Yazıçılar Birliyi, teleradio şirkətləri və kanalları, ədəbi nəşrlər yubiliyarın hələ də yaşayıb-yaradan dostlarının təəssüratını tamaşaçılara və oxuculara çatdırmaqla Gəray Fəzli ömrününü yazılmamış–oxunmamış səhifələrini vərəqlədəcəklər. Əsərlərinin latın qrafikası ilə yenidən nəşr edilməsi də unudulmaz ustadımızın ruhunu şad edərdi.

Akif CABBARLI,
Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, yazıçı-publisist

Mədəniyyət