AMKA-nın  yubiley tədbiri keçirilib

post-img

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) 40 illik yubileyinə həsr olunmuş “Təhsil alan Gənc Kulinarların VI Respublika Çempionatı” və Assosiasiyanın hesabat–seçki konfransı keçirilib. SEVİNC MALL Ticarət Mərkəzində təşkil olunan mərasimi  təbrik nitqi ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin icraçı direktoru Aygün Əliyeva açıb. O, AMKA-nın kulinariya mədəniyyətimizin qorunması və inkişafı sahəsində gördüyü işləri yüksək qiymətləndirərək, Assosiasiyanı 40 illik yubiley münasibətilə Agentliyin plaketi ilə təltif edib.

AMKA-nın 40 illik yubileyinə həsr olunmuş çempionatında Bakı, Sumqayıt, Bərdə, Tərtər, Qəbələ, Neftçala, Şabran, İsmayıllı və digər bölgələrin ali və peşə təhsili müəssisələrində təhsil alan gənc kulinarlar iştirak ediblər. Yarışlar yüksək peşəkarlıq və yaradıcılıq şəraitində keçib və  12 nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Çempionat gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, milli mətbəx ənənələrinin yaşadılması baxımından xüsusi maraq doğurub.

Sonra AMKA-nın hesabat–seçki konfransı işinə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Beş illik hesabat məruzəsi ilə çıxış edən AMKA-nın prezidenti Tahir Əmiraslanov Assosiasiyanın keçdiyi inkişaf yolundan, həyata keçirilən layihələrdən və beynəlxalq əməkdaşlıqlardan  bəhs edib. Digər məruzəçilərin çıxışları dinlənildikdən sonra AMKA-nın növbəti beş il üçün yeni rəhbərliyi – prezident, vitse-prezident, idarə heyəti, təftiş komissiyası, qəyyum və restoratorlar şurası seçilib. 

Tahir Əmiraslanov yenidən AMKA-nın prezidenti seçilib.

Seçkilərdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib, eyni zamanda AMKA-nın Dövlət Məşğulluq Agentliyi ilə birgə təşkil etdiyi “Aşpaz” və “Qənnadıçı, şirniyyatçı” kurslarının məzunlarına sertifikatlar təqdim olunub. 

Mərasimin təşkilində “SEVİNC MALL” Ticarət Mərkəzi, “TAYQA Ticarət” şirkətinin “HACI” çayları, “Köz Künəfə 1977-dən Hulusi Usta” müəssisəsi, “Peşəkar Qənnadıçılar İctimai Birliyi” və “Gənclərin Töhfəsi İctimai Birliyi” yaxından dəstək göstəriblər.

XQ

 

 

 

 







Mədəniyyət