Jurnalist Əsgər Əsgərovun ömrünün 91-ci baharı
Bəzən insan ömrü təkcə yaşanan illərlə deyil, gördüyü işlərlə də yadda qalır, dövrünün salnaməsinə çevrilir. Qədim türk yurdu Ağbaba mahalının Qaraçanta kəndinin yetirməsi, Azərbaycan mətbuatının dəyərli simalarından biri Əsgər Fərhad oğlu Əsgərovun 90 illik ömrü də məhz belə mənalı, zəngin və örnək bir həyat yoludur.
1936-cı il martın 14-də müəllim ailəsində dünyaya gələn Əsgər Əsgərov uşaqlıq illərindən elmə, kitaba və sözə bağlı bir mühitdə böyüyüb. Doğma kəndinin təmiz havası, el-obasının qədim yaddaşı, xalqın yaşatdığı ənənələr onun düşüncə dünyasını formalaşdırıb. Qəlbində həm tarixə sevgi, həm də sözə ehtiram yaranıb.
1960-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən gənc əmək fəaliyyətinə Amasiya rayonunun Yeniyol kənd səkkizillik məktəbində dil və ədəbiyyat müəllimi kimi başlayıb. Lakin onun qəlbində yaşayan söz sevgisi onu bir müddət sonra jurnalistikaya gətirib. Əsgər Əsgərov əvvəlcə “Kolxozçu tribunası” rayon qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayıb, eyni zamanda, yerli radio verilişlərinin təşkilatçı-redaktoru olub.
Buradaca qeyd edək ki, Əsgər müəllim bir nəsildən yetişmiş 3 qələm sahibindən biridir: atası, Ramiz Əsgər və özü. Onun Xalq yazıçısı İsmayıl Şıxlı, Qərbi Azərbaycanın fədakar maarif xadimi Kərim Əsgərov, tanınmış jurnalist Cahangir Əliyev, böyük maarif ocağı olmuş 145 yaşlı İrəvan Müəllimlər Seminariyası haqqında və digər araşdırma-xatirə yazıları geniş oxucu marağına səbəb olub.
90 illik yubileyi günlərində ağsaqqal qələmdaşımızla apardığımız söhbəti təqdim edirik.
– Əsgər müəllim, əlamətdar gününüz mübarəkdir! Sizə möhkəm cansağlığı, daha uzun ömür, tükənməz yaradıcılıq enerjisi arzulayırıq! Bu gözəl bayram günlərində könlünüzdən nələr keçir?
– Diqqətinizə görə sağ olun. “Azərbaycan milli mətbuatının 150 illiyi” medalına layiq görülmüşəm. Qərbi Azərbaycan Amasiya rayon İcmasında yubiley tədbirində Abel Məhərrəmov medalı mənə təqdim etdi. Ünvanıma ən xoş sözlər deyildi. Yazılarım, kitablarım tərifləndi.
– Ağsaqqal həmkarımız kimi, örnək həyat yolu keçmisiniz. “Sovet Ermənistanı” qəzeti uzun müddət sizin tribunanız olub. Sözə, sənətə, mətbuata sevginiz haradandır?
– Məndə qəzetə, mətbuata maraq oyadan əsas şəxs atamın əmioğlusu, mənim ilk müəllimim Kərim Əsgərov olub. O, bizim kəndin dəyərli ziyalısı, tanınmış pedaqoq idi, sonra 15 il Ağbabada “Əmək” rayon qəzetinə redaktorluq edib. Onun sözə, sənətə yaratdığı sevginin sayəsində Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşam.
...1955-ci il idi. APİ-də şifahi imtahanda cavablarım yazıçı İsmayıl Şıxlını və dilçi Abbasqulu Məhərrəmovu tam razı salmışdı. Abbasqulu müəllim cümlə təhlilinə xüsusi diqqət yetirmişdi. İsmayıl müəllimin “fikrinizi deyin” sözünə onun cavabı belə olmuşdu: “Mən razı”. Elə buna bənd imiş kimi, müəllim imtahan vərəqəmə “əla” yamışdı, sonra da stolun üstündəki yazımı (inşa) qiymətləndirmişdi – “əla”.
Tələbəlik illərində Mikayıl Rəfili, Əbdüləzəl Dəmirçizadə, Əhməd Kərədu Zəkizadə, Əkrəm Cəfər, Şıxəli Qurbanov, Həmid Əliyev, Şükür Sadıqov, Sədi Əfəndiyev, Mirzağa və Əbdül Axundov qardaşları, Azər Hüseynov, Paşa Əfəndiyev, Böyükxanım Rəhimova, Nəsib Əlizadə, Kamal Qəhrəmanov əziz müəllimlərim olmuşdular. Beləcə həyat yolum müəyyənləşmişdi.
Mənə “Sovet Ermənistanı” adı ilə çıxan qəzetdə 20 il çalışmaq xoşbəxtliyi (1967–1986) nəsib olub. Şöbə müdiri, məsul katib kimi, fəaliyyət göstərmişəm. Qərbi Azərbaycanın görkəmli qələm sahibləri və ictimai xadimləri olmuş Həbib Həsənov, Məhərrəm Bayramov, Cahangir Əliyevlə birlikdə işləmişəm. Heç cür xəyalıma gətirməzdim ki, hələ 2-3-cü siniflərdə oxuyarkən hər bir evə daxil olan “Sovet Ermənistanı”nı vərəqləyib şəkil və yazılarına maraq göstərən uşaq nə vaxtsa bu mətbu orqanın yaradıcı heyəti cərgəsinə qoşulub çalışacaq. Uzun illər bu mətbuat orqanında çalışdım, yüzlərlə məqalənin, oçerkin və publisistik yazının müəllifi oldum. Moskva İctimai Elmlər Akademiyasını bitirdim.
– Sonra Bakıya köçdünüz...
– Bəli. 1986-cı ildən Bakı şəhərinə köçdüm və Abşeron rayonunda rəhbər vəzifələrdə çalışdım. Dövlət arxivinin müdiri oldum. Azərbaycan Tibb Universiteti “Təbib” nəşriyyatının baş redaktoru kimi çalışdım. Moskvada aldığım əlavə təhsil mənim publisistik düşüncəmi daha da zənginləşdirdi, analitik baxışlarımı genişləndirdi. 1967-ci ildə SSRİ Jurnalistlər Birliyinə, 1986-cı ildə isə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundum. Fəxr edirəm ki, məqalə və oçerklərim “Sovet Ermənistanı”, “Kommunist”, “Xalq qəzeti”, “Azərbaycan gəncləri”, “Kaspi”, “Sovet kəndi”, “Abşeron” və digər nüfuzlu mətbuat orqanlarında dərc edilib. Dil, üslub və tərcümə məsələlərinə həsr olunmuş yazılarımla isə həm jurnalistika, həm də filologiya sahəsində çalışanlara töhfələrimdir.
– Bu günlərdə fəal üzvü olduğunuz Ağbaba icması və media təmsilçiləri 90 illik yubileyinizi qədirbilənliklə qeyd etdilər. Mərasimdə “Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı təntənəli surətdə yaxanıza taxıldı. Bir neçə gündür ki, ömrünüzün 91-ci baharını yaşayırsınız. Bu müdrik yaşda belə qələmi yerə qoymamısınız. Bu yaxınlarda bizim qəzetdə “Ağbaba elinin Təpəköy ağsaqqalı Usub Hacıbalaoğlu” adlı çox maraqlı xatirəniz çap olundu.
– Yubileyimi təntənə ilə qeyd edən doğmalara və dostlara dərin təşəkkürümü bildirirəm. Bu qədirbilənlik mənə yaşamaq-yaratmaq həvəsi gətirdi. Qərbi Azərbaycanla bağlı bitib-tükənməyən söz-söhbətim, tarixi önəm daşıyan xatirələrim var. Dediyiniz yazı da həmin silsilədən bir örnək idi. Bu araşdırmanı mən Sumqayıt Dövlət Universitetinin professoru Aslan Bayramovun təşəbbüsü ilə qələmə almışdım. Qəzetinizin “Qərbi Azərbaycan” rubrikası üçün uyğun bilib sizə də göndərdim.
Yazıda bəhs olunan əsl adı Yusif olub xalq arasında nəvazişlə “Usub baba” çağırılan o müdrik insan Ağbaba elinin tanınmış və dəyərli şəxsiyyətlərindən idi. Mənim dost-doğma ana babam idi. Təkcə Təpəköydə deyil, bütün Ağbabada onun adı-sanı geniş yayılmışdı. Gördüyü işlər, tutduğu xeyirxah əməllər barədə xoş təəssürat yaranmışdı. Belə kişilərdən söhbət açmaqla millətimizin “qaymaq”larını tanıtmaq borcumuzdur.
Düşünürəm ki, bu, təkcə yaradıcılıq deyil, ziyalı məsuliyyəti, tarix qarşısında vicdan borcu və milli yaddaşa sədaqətdir. Fəxr edirəm ki, ömür yolum müəllimlikdən jurnalistikaya, publisistikadan arxiv işinə, tarix araşdırmalarından baş redaktorluğa qədər uzanan mənalı bir ziyalı yoludur.
– Əsgər müəllim, qocaman jurnalist kimi sizin ömrünüz, əsl mənada, sözə sədaqətin, ziyalılığın və tarixə bağlılığın canlı nümunəsidir. Bu gümrahlıqda sizə 70-dən artıq yaş vermək olmaz. Yubileyiniz və 91-ci Novruz bayramınız mübarək, 100 yaşayasınız!
Əli NƏCƏFXANLI
XQ

