Ümid körpüsü üzərində ucalan sarsılmaz dostluq

post-img

Azərbaycan ümummilli lider Heydər Əliyevin həyatının mənası idi. Doğulub böyüdüyü Naxçıvan onu Azərbaycan sevgisi ilə böyük siyasətə qanadlandırmışdı. Ulu öndər keçən əsrin 90-cı illərində blokada şəraitində yaşayan Naxçıvanın əhalisi ilə birgə ağır, məşəqqətli həyat yaşayanda çıraq işığında, lampa közərtisində Azərbaycanın gələcəyini düşünmüş, müstəqil dövlətimizə vəfa borcunu verməyi qarşısına məqsəd qoymuşdu.

Bu dahi insanın zamanın ağır sınağı dövründə Əli Naci Tuncərlə qarşılaşması da həmin illərin tale yazısıdır. Sonralar bu dostluğun izi ilə görkəmli dövlət xadimi Əli Naci Tuncəri görmək, onunla söhbət etmək üçün çəkiliş qrupu ilə qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə getdim. Əli Naci bəyin iş otağında diqqətimi ilk çəkən divardakı saat oldu. Burada saat Bakı vaxtı ilə işləyirdi. Divardakı tablolar da Heydər Əliyev və Əli Naci Tuncərin münasibətlərinin aynası idi.

Əli Naci Tuncər 1939-cu ildə Trabzonun Çaykara rayonunun Taşören kəndində doğulub. Ankara Universitetinin hüquq fakültəsinin məzunudur. Türkiyənin 10-cu Prezidenti Əhməd Necdət Sezərlə tələbə yoldaşı olub. Doğru Yol Partiyasından Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib. Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəlin baş nazir və prezidentlik illərində onun baş məsləhətçisi vəzifəsini icra etmişdir.

Əli Naci Tuncərlə video-müsahibənin mətnini “Xalq qəzeti”nin oxucularına təqdim edirik.

– Əli Naci bəy, Heydər Əliyevlə necə tanış oldunuz, dostluğunuzun təməl körpüsünü necə və nə vaxt qurdunuz?

– Mənim ürək dostumun adını tutub gələn hər kəsə könül qapılarım açıqdır. Mən ixtisasca hüquqşünasam. Ankaranın baş prokuroru işləmişəm. Ədliyyə Nazirliyində yetişmişəm. Ali Məhkəmənin üzvü olarkən, o zamankı Doğru Yol Partiyasının rəhbəri olan Süleyman Dəmirəl hələ baş nazir seçilməmişdən əvvəl məni yanına dəvət etdi. O mənə dedi ki, sən seçkilərə qatılacaqsan. Böyük Millət Məclisinə millət vəkili seçilmək üçün namizədliyimi versəm də qalib gəlmək üçün səs toplaya bilmədim. Amma Süleyman Dəmirəlin rəhbərlik etdiyi Doğru Yol partiyasında onunla birgə çalışırdım.

Süleyman Dəmirəl seçkilərdə qalib gəlib baş nazir oldu. Bir gün məni yanına çağırıb dedi ki, sənin Qarsa getməyin lazımdır. Mənim çox hörmətli qonağım – Heydər Əliyevi qarşılayıb, Ankaraya gətirməlisən. Baş nazirin şəxsi təyyarəsi ilə Qarsa gəldim. O zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev haqqında ətraflı məlumat topladım. Öyrəndim ki, bu insan keçmiş Sovetlər Birliyində ən yüksək vəzifələrə yüksəlmiş, hətta Sovet dövlətinin başında duran 3–4 nəfərdən biri, Siyasi Büronun üzvü, DTK generalı olub. Fikirləşdim ki, mən təkrar millət vəkili seçkilərinə qatılsam, Sovet DTK generalı ilə görüşüm seçkilərdə qalib gəlməyimə mane ola bilər. Elə bu səbəbdən təkrar Süleyman Dəmirələ müraciət etdim. Baş nazir dedi ki,

Heydər Əliyevi mənim yanıma gətirməyindən mətbuatın xəbəri olmamalıdır. Sən get onu qarşıla, görəcəksən ki, o, necə bir insandır, onu tanıyandan sonra özün ondan ayrılmayacaqsan.

Heydər Əliyevlə birgə Naxçıvanda çıraq işığında görüşümü, onunla bağlı qiymətli xatirələrimi İhsan Doğramacı Vakfının Heydər Əliyev haqqında nəşr etdirdiyi “Böyük dövlət adamı” kitabında qələmə almışam. Bu kitab Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr olunub.

Beləliklə, mən Heydər Əliyevi Qarsdan Ankaraya gətirdim. Həmin anlar fotolarda əksini tapıb. Otağımın divarlarına baxanlar Heydər Əliyevlə görüşlərimin fotolarda necə əbədiləşdiyini görə bilərlər.

Heydər Əliyevlə ilk dəfə qarşılaşdıqdan sonra ondan ayrılmaq istəmirdim, sanki onu illər idi ki, tanıyırdım. Bu necə bir böyük insan, böyük ürək sahibi imiş?!

Heydər Əliyev həyatın hər üzünü görmüşdü. Qarşısına çıxan çətinliklərə adi bir həyat hadisəsi kimi baxırdı. Sözün boyük mənasında o, başdan-ayağa Həyat idi. Hər dəfə onunla söhbətdən sonra təəccübümü gizlədə bilmirdim: İlahi, insanda bu qədər yaşamaq, yaratmaq eşqi ola bilərmi? Mən onun özünə də deyirdim ki, siz düşüncənin, zəkanın, mənəviyyatın, insanlığın Xəzinəsisiniz! Hər kəlməsində hikmət, aforizm var idi. İnsanın qəlbini oxuyurdu. O, ən yüksək həyatdan ən aşağı yaşama qədər bütün imtahanlardan keçmişdi. Qarşımda həyatın acılarından polad kimi sərtləşən, fəqət sınmayan böyük şəxsiyyət görürdüm.

Heydər Əliyevi tanıyıb onu sevməmək mümkün deyildi. Ciddi olanda da, əmr verəndə də, zarafat edəndə də o, Dahi idi.

Heydər Əliyevlə Süleyman Dəmirəlin görüşündən sonra, Naxçıvandakı bütün danışıqlara məni göndərirdilər. Ona görə də, Heydər Əliyevlə çox tez-tez təmasda olurdum.

– “Ümid” körpüsünün layihəsini Heydər Əliyev hazırlamışdı. Bu körpü “Həsrət” körpüsü adını almışdı. Yadımdadır, Heydər Əliyev Süleyman Dəmirəllə layihəni müzakirə edərkən dedi ki, bu körpü bizi bir-birimizə bağlayacaq. Beləliklə, Naxçıvanla Türkiyə arasında Heydər Əliyevin səyi ilə ilk əbədi körpü tikildi. Təntənəli açılışda mən də iştirak edirdim.

– Mən də həmin tarixi günlərdə Azərbaycan radiosunun əməkdaşı kimi iştirak etmişəm. Türkiyə jurnalistləri ilə xatirə şəkli də çəkdirmişəm.

– Şadam ki, siz bizim “Həsrət” körpüsündəki izdihamı görmüsünüz. Həmin gün Heydər Əliyevin sevincinin həddi-hüdudu yox idi. Onun gözlərindəki həyəcanı gördüm, o, bir az da doluxsunmuşdu, kövrəlmişdi. Beləliklə, Naxçıvanla Türkiyə arasında böyük layihələr həyata keçməyə başladı. O körpü könülləri bir-birinə bağladı. İqtisadiyyat sürətlə inkişaf etməyə başladı.

Bir kədərli hadisə haqqında da danışmaq istəyirəm. Bu dünyanın möcüzəsini kimsə bilməz... Naxçıvana getmişdim, gördüm ki, Heydər Əliyev çox sıxıntı içindədir. Öyrəndim ki, çörək çatışmır. Un yoxdur. Heydər Əliyevlə birgə nahar edəndə gördüm ki, o, çörəyin böyük hissəsini mənim qabağıma qoyub. Bu hadisə mənə çox təsir etdi. Heydər bəy dedi ki, çıraq işığında isinən camaatı çörəklə imtahan etmək olmaz, bizə kömək lazımdır. Mən bu barədə təcili olaraq Süleyman Dəmirələ məlumat verdim. O valilərə göstəriş verdi ki, Naxçıvana kömək etmək lazımdır. Naxçıvana yaxın olan Qars, İğdır, Ağrı, Ərzurum valilərinə təlimat verildi ki, maşınlara un yükləyib tez Naxçıvana göndərsinlər. Baş nazirə dedim ki, orada əhali çoxdur, bir həftə içində un qurtarır.

Təcili olaraq, Ekzimbankdan Naxçıvana 20 min dollar kredit ayırdıq. Bunun 10 min dolları ilə əhalinin 6 aylıq ehtiyacının qarşısını ala bildik. Sonrakı 10 min dolları isə geri almadıq. Biz qardaş ölkə olaraq Naxçıvana bu yardımı etdik, həmin borcu da bağışladıq.

Sonra mən Naxçıvana tez-tez getdiyimə görə, elektrik işığının da olmamasının şahidi olurdum. Camaat, xüsusilə, kəndlərdə yaşayanlar soyuqdan qızınmaq üçün ağacları kəsib yandırırdı. İnsanlar suyun olmamasından belə əziyyət çəkirdilər. Əhali çox ağır, məşəqqətli günlər yaşayırdı. Heydər Əliyevlə gecələr çıraq işığında oturub bu vəziyyətdən çıxış yolları axtarırdıq. Məhz bu dahi insanın sayəsində İğdırdan Naxçıvana işıq xətti çəkdirdik. Gümüşgöldən də bir xətt çəkildi və qısa bir vaxtda çətinliklər aradan qalxmağa başladı.

Heydər Əliyev Türkiyəyə ziyarət edəndə onunla mətbuat işçilərinin görüşünü təşkil etdim. İstanbuldakı bütün görüşlərdə təşkilatçılıq işlərinə rəhbərlik edirdim. Mən hər toplantıda Heydər Əliyevi Naxçıvan Cümhuriyyətinin rəhbəri kimi təqdim edirdim. Bir gün məni Xarici İşlər Nazirliyindən aradılar. Dedilər ki, siz Heydər Əliyevi cümhurbaşqanı kimi təqdim etdiyinizə görə Moskva bizə etirazını bildirib. O, Ali Məclis sədridir, cümhurbaşqanı deyil. Mən də bu etiraza cavab olaraq bildirdim ki, bizim –Türkiyə dövlətinin də zəmanət verdiyi Ankara anlaşması ilə Naxçıvan muxtar cümhuriyyət adlandırılmışdır. Cümhuriyyətin başında olan insan cümhurbaşqanı sayılır.

– Siz, yəqin ki, Qars müqaviləsini nəzərdə tutursunuz?

– Bəli,1923-cü ildə imzalanan Qars müqaviləsində Türkiyənin də təminatı vardır. Həmin anlaşmada Naxçıvan muxtar cümhuriyyət adlanır. Mən öz mövqeyimi beynəlxalq hüquq qaydalarına əsasən, müdafiə etdim və sonda qalib çıxdım.

Heydər Əliyev mənimlə tez-tez əlaqə saxlayırdı. O böyük insan mənim hər bir sözümə, davranışıma dəyər verirdi. Mənimlə məsləhətləşmələr aparırdı. Yeni Azərbaycan Partiyasının qurulmasında da onun dəvətini qəbul etdim və partiyanın iclaslarında iştirak etdim. Axşamlar baş-başa qalırdıq. Bizim dostluğumuz belə başlandı və davam etdi. Yəni Heydər Əliyevi tanıyıb ondan qopmaq, onu sevməmək mümkün deyildi. Onun simasında Azərbaycan mənim 2-ci Vətənimdir.

Bir gün axşam ondan soruşdum ki, siz Sovetlər İttifaqında bir neçə ali rəhbərdən biri olmusunuz, hətta elə zamanlar olub ki, ölkənin 1-ci şəxsi olmaq şansınız olub. Moskvada da qalıb yaşaya bilərdiniz. Naxçıvana niyə gəldiniz? – Bu qədər problemlərə necə dözürsünüz? Sualım onu, sanki, uzaq bir səfərə apardı. Mən onun baxışlarında dərin bir kədər oxudum. Əziz dostum danışmağa başladı: “Türk qardaşların bizim ağrı-acılarımızdan xəbəri olmayıb. Uzaqdan həqiqəti görmək mümkün deyil. Atam Əlirza fəhlə işləyirdi. Oxudum, təhsil aldım. Çalışa-çalışa Sovet imperiyasının Siyasi Bürosuna qədər bir yol keçdim, harada və hansı mərtəbədə olmağımdan asılı olmayaraq, kimliyimi, milli düşüncəmi, azərbaycanlı olmağımı heç vaxt unutmadım. Bir də hər zaman düşüncəmdə bu oldu ki, mənim xidmətim, ilk növbədə, Azərbaycana olmalıdır. Azərbaycan sözü mənim üçün o qədər müqəddəsdir ki, onun qiymətini, dəyərini həyatım boyu ürəyimdə, əməlimdə yaşatmışam. Azərbaycan dilinin varlığı, dövlət səviyyəsində işlənməsi, xüsusi status alması naminə mübarizədən çəkinməmişəm”.

Bəli, əziz, qiymətli dostum mənə çox həqiqətləri anladırdı. Sovetlərin başında duranlardan biri də Mixail Qorbaçov olmuşdur. Onun Heydər Əliyevə qarşı ədalətsiz mövqe nümayiş etdirməsi ilə bağlı eşitdiklərimdən dəhşətə gəldim. Dedi ki, Sovet İmperiyasının yıxılacağını hiss etmişdim: “Qanlı 20 Yanvar hadisəsi baş verən günün səhərisi Moskvada Azərbaycan nümayəndəliyinə gəldim, kütləvi informasiya vasitələri qarşısında Qorbaçov hakimiyyətinin əlinin qana batmasını bütün dünyaya bəyan etdim. Bilirdim ki, özümün və övladlarımın həyatı təhlükə qarşısındadır. Amma xalqımın taleyi olan bir məsələdə susa bilməzdim. Bakıya gəldim. Burada hakimiyyətdə olanlar Moskvadan qorxaraq mənim Azərbaycana qayıtmağımdan narahat olmağa başladılar. Vəziyyətin mürəkkəbləşdiyini, siyasi ab-havaya yönləndirildiyini görüb doğulduğum Vətənimə – Naxçıvana gəldim”.

Bizim dostumuz İhsan Doğramacının qurduğu Vəqfin təşəbbüsü ilə Heydər Əliyevlə canlı olaraq əlaqələri olan məşhur insanların xatirələrindən ibarət “Böyük dövlət adamı” kitabı hazırlananda mənə də müraciət olundu və mən Böyük İnsan haqqında vəfa borcumu ağ kağızlara köçürdüm. Bütün bu səhifələr ömrümün çıraq işıqlı günlərindən xəbər verir. Bu kitabda İhsan Doğramacı, Süleyman Dəmirəl və başqa dəyərli insanlar, Heydər Əliyevlə birgə keçirdiyi görüşlər, onların dostluğu əksini tapıb. Mən onunla ilk tanışlığımdan başlayan tarixi qələmə alsam, xatirələrim 4–5 kitaba sığmaz, Türkiyə tarixində yeganə dövlət adamıyam ki, Heydər Əliyevlə demək olar ki, hər gün telefon əlaqəsi saxlamışam, onun bir çağırışına Naxçıvana uçmuşam.

Süleyman Dəmirəlin Baş nazir və prezidentlik illərində onun baş məsləhətçisi olduğuma görə, bu səlahiyyətləri mənə vermişdi. Hərdən fikirləşirəm ki, İlahi, Sən məni bəşəriyyətin qibtə etdiyi böyük dövlət xadimi ilə ürək- könül bağı qurmağa sövq etdin. Heydər Əliyevlə gecələr çıraq işığında baş- başa qalıb söhbət etmək Tanrının mənə misilsiz mükafatıdır. Onu tanıdıqca kəşf edirdim. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, onunla bir yerdə olduqda, dərdləşdikdə İnsanlığını kəşf edirdin. Hafizəsi o qədər güclü idi ki, bir hadisəni mənə danışanda onun saatını, tarixini də deyirdi. Rusiyanın bütün siyasət adamları haqqında mükəmməl bilgiləri var idi, hətta Türkiyəni, onun siyasət adamlarını, diplomatlarını o qədər dərindən tanıyırdı...

– Heydər Əliyev kimi bir şəxsiyyətlə belə bir ünsiyyətiniz sizə nə verdi?

– İlk olaraq, sədaqətli bir Dost qazandım. Adım çəkiləndə belə tanınmış siyasətçilər onun necə reaksiya verməyinin şahidi olublar. Onunla mənim aramdakı bağlılıq çox sınaqlardan çıxdı, hər ikimiz bir-birimizi qoruduq. Mən ondan etibarı, vəfanı hər addımda uca tutmağı, qətiyyəti öyrəndim. Siyasət aləmində Türkiyənin yollarını əbədi olaraq Azərbaycana bağladı. Bir mühüm faktı deyəcəm. Biz Türkiyədə elə təsəvvür edirdik ki, 70 il əsarətdə qalan, diktə ilə idarə olunan Azərbaycan sovetlər zamanında türklüyündən, varlığından, dinindən, dilindən ayrı düşüb, amma yollar açılanda bunun əksini gördük.

Bütün ömrünü Sovet dövlət aparatında keçirən, DTK generalı olan Heydər Əliyevin ana dilinə, dininə, türkçülüyünə bağlılığını, inancını müşahidə edəndə nəinki mən, bütün Türkiyə, siyasətçilər çaş-baş qalmışdı. Bizim düşüncəmiz hara, gördüklərimiz hara...

Heydər Əliyevdə elə bir Vətən sevgisi gördüm ki, onu illər boyu bizim dövlət adamlarında da duymaq istəmişəm. Heydər Əliyevdən eşitdiyim və qələmə aldıqlarımdan yenə də sizlərə anlatmaq istəyirəm. O, deyirdi: “İmperiyanın içində işləmək siz təsəvvür etdiyinizdən də ağır idi. Amma mən ruhən özümdə elə bir güc toplamışdım ki, ağlımda olanları həyata keçirməyə, istədiyimə çatmağa çalışırdım. SSRİ bütün respublikalara, o cümlədən Azərbaycana büdcə ayırırdı. Çalışırdım ki, xalqım üçün cox imkanlar yaradım, buna görə də daha çox maliyyə vəsaitinin verilməsini istəyirdim. Buna mənim xalqımın haqqı var idi. Biz Sovetlər birliyinin büdcəsinin formalaşmasına çox pay verdik. Ona görə də imkan düşən kimi, Azərbaycanın büdcəsinə maliyyə vəsaitini artırmağa çalışırdım. Bütün bu mübarizələrimin sayəsində Bakıda nəhəng zavodların tikilməsinə nail oldum. Hara gedirdimsə, Azərbaycanı düşünürdüm. Bir də mən azərbaycanlı balalarının Rusiyanın ali təhsil ocaqlarında təhsil alması, dünyagörüşünün mükəmməl formalaşması üçün çox çalışırdım. Moskvada olanda da tez-tez onlarla görüşə gedərdim və hər dəfə deyirdim ki, unutmayın, siz gələcəkdə böyük adamlar olacaqsınız və ən əsası yadda saxlayın ki, siz azərbaycanlısınız”.

Heydər Əliyevi dinlədikcə gözlərimin yaşardığını görüb o da doluxsundu və qəhərlənərək dedi: “Əli Naci, mən azərbaycanlı balalarının potensialını kəşf etməklə yanaşı, onların son dərəcə mədəni insanlar kimi yetişməsinə çalışırdım. Onların hamısını övladlarım bilirdim. Kremldə işlədiyim illərdə bu gənclərin hər birinin haqqında tərtib olunmuş kitabçanı saxlayırdım. Yazı masamda saxladıqlarımın ən qiymətlisi həmin qeydiyyat kitabçam idi. Hətta ən ağır günlərimdə Kremli tərk edərkən həmin bloknotu özümlə götürmüşdüm. O gənclər əkdiyim ağacın meyvələri idi. Zaman göstərdi ki, mən səhv etməmişəm. Müstəqil Azərbaycanın milli kadrları kifayət qədər idi. Deməli, mənim arzularım həyata keçmişdi”.

Heydər Əliyev Azərbaycanın Prezidenti seçiləndə onu təbrik etməyə gəldim. Aparatın yaxınlığında qonaq evində qalırdım. Bir gün axşam Heydər Əliyevlə söhbət edirdik. Dedi ki, bura L.İ.Brejnevin sovetlər ittifaqına rəhbərlik etdiyi zaman tikilmişdi. Brejnev Bakıya gələndə bu qonaq evində qalmışdı. Bir gün onunla yuxarı mərtəbəyə qalxanda dedi: – Qonaq evinin tikintisi aparılarkən divara bayrağımızın ulduzunu həkk elətdirmişəm.

Bəli, Heydər Əliyev bir cəsarət fenomeni, Vətən aşiqi olan Dövlət adamı idi. Sovet dönəmində belə bir milli addım atmaq böyük cəsarət tələb edirdi. Onun türkçülük sevgisi ilə bağlı şahidi olduğum bir hadisəni də danışmaq istəyirəm: “Naxçıvanda bir axşam qonaq evində idik. Oğlu İlham Əliyev də bizimlə bir yerdə idi. Süfrə hazırlandı. İki nəfər də müğənni gəldi, onlar həm də saz çalırdılar. Diqqətimi o cəlb etdi ki, Heydər Əliyev və İlham Əliyev də onların ifa etdikləri mahnıların sözlərini əzbər bilirdilər. Heydər Əliyev kimi Dahinin gücü onda idi ki, o, milli kökündən heç zaman ayrılmadı, imperiyanın içində belə. Heydər Əliyev Zərifə xanım kimi köklü Azərbaycan ailəsi ilə həyatını qurdu. Oğlunu, qızını yenə də azərbaycanlı ailələri ilə evləndirdi. Sovet İmperiyasının içində bir millətin milli heysiyyətini qorumaqdan güclü nə ola bilərdi?

Heydər Əliyev haqqında xatirələrim danışmaqla qurtarmaz. Onun ruhu daima mənimlədir. Hər il Heydər Əliyevin doğum və anım günlərində əziz Dostumu ziyarət etmək üçün Bakıya gəlirəm. Azərbaycan mənim ikinci Vətənimdir!

Söhbəti hazırladı:
Kəmalə ABDİNOVA
XQ



Müsahibə