Tarixçi-alim İlber Ortaylı: Naxçıvanın bu qədər özünəməxsus olduğunu düşünməmişdim

post-img

Türk Tarix Qurumunun fəxri üzvü, tanınmış tarixçi və yazıçı İlber Ortaylı Naxçıvan Dövlət Universitetinin Kembric Məktəbində media nümayəndələrinə müsahibə verib. “Xalq qəzeti" həmin müsahibəni təqdim edir:

- İlk dəfə Naxçıvandasız, indiyədək bir çox yerlərdə olmusunuz, bura sizdə necə təəssürat yaratdı?

- Mən Naxçıvanın bu qədər özünəməxsus olduğunu düşünməmişdim. Bu yerlər orta əslərin izlərini daşıyır. Tikilən bağçalı evlər möhtəşəmdir. Ordubada getdim, ora daha çox ənənəvi, gözəl bir bölgədir, çox nizam-intizam var. Ən çox da mənə təsir edən uzaq kənddə musiqi məktəblərinin olmasıdır. Universitetdə də iki dənə akedemik səviyyədə musiqi məktəbi var. Musiqi ölkəsi olduğu bəllidir. Hər halda burada vaxt yaxşı və maraqlı keçir. 

- Azərbaycan tarixi, Naxçıvanın tarixi ilə bağlı kitab yazmağı düşünürsünüzmü?

– Burada qalsam, yazaram. Amma burada tarixçilərin özləri yazırlar. Mənə də bir neçə kitab gəldi, baxdım. Burada məşhur ailələr var, məsələn, Kəngərlilər, o barədə yazılıb. Biri binalar, körpülər haqqında yazıb ki, bu çox önəmlidir. Çünki bura karvan yoludur. Hətta Osmanlının ilk dövründə bura ilə sıx əlaqələr olub, memarlar Osmanlıya gedib. Həmin dövrün araşdırıldığı əsərlərdə bu bağlantı qeyd edilməlidir.

- Türkiyədə məktəblərdə ortaq türk tariximiz şagirdlərə öyrədilirmi? 

– Bununla bağlı çatışmazlıqlar var. Məlumatsızlıqdan irəli gələn bir çatışmazlıq var. Məsələn, ədəbiyyat dərsində Şah İsmayıl Xətai yoxdur, belə olmaz. Sonra 19-cu əsr təcəddüt (yeniləşmə) ədəbiyyatında Azərbaycan şairləri, “Füyuzat” axını yoxdur. Bunlardan bir parça olmalıdır. Tarixdə də əskikliklər var. Məsələn, İran inqilabı deyirlər, amma onu iranlılar yox, Azərbaycan edib. Bunu bilən yoxdur, nə olduğunu bilmək və söyləmək üçün də buranı öyrənmək lazımdır.

– Sizcə, gələcəkdə süni intellekt təhsil sisteminə təsir edəcəkmi? 

– Təhsil sisteminə təsir edər, misal üçün kitabxanaçılıq xidməti edər. Süni intellekt oradan buradan sənədləri, məlumatları bir yerə toplayır. Ancaq özün hazırlamadıqdan sonra nə faydası var ki, onu oxuya bilmirlər. Yoxsa məzmunu sən həll etməsən, o nə edəcək ki?

– Azərbaycan ədəbiyyatı Türkiyədə bilinir?

– Biz məmləkətimizdə xalq ədəbiyyatı deyə heç “Hophopnamə”ni oxumadıq. Bu çox önəmlidir və o təcəddüt (yeniləşmə) ədəbiyatında da olmalıdır. Məsələn, 19-cu əsrdə kimlər var, demək olar ki, çoxunu bilmirik. Mirzə Fətəli Axundzadənin bir parça əsərini səhnədə görmədik. Teatr tarixində müasir teatrın başlanğıcı kimi Şinasinin “Şairin evlənməsi” pyesi ilə kifayətlənmək olmaz. Burada böyük ədəbiyyat var, onların hamısını incələyib öyrənmək lazımdır. Onlar məktəblərdə dərsliklərə salınmalıdır ki, millət maraqlansın, oxusun. Axundzadəni, Nəcəfzadəni, Vəzirovu heç kim tanımır, haqqında bilmir, ancaq bilməlidirlər.

– Naxçıvan uzun müddət blokada şəraitində qalmasına baxmayaraq, təhsil sistemi inkişaf edib, hər kəs oxuyub, bunu necə dəyərləndirərdiniz? 

– Bəli, belə strateji bölgələrdə insanlar daha çox oxuyur və əzmkar olurlar. Tarixboyu bu belə olub. Buradan insanlar ya savaşçı, ya da alim olaraq çıxır. Çünki belə yerlərdə insanlar çox çalışqan olurlar. Qadınlar da çox yaxşı oxuyar, təhsil alır. Fərqli nümunələr var. 

– Naxçıvan Dövlət Universiteti ilə bağlı necə təəssüratlarınız yarandı?

– Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq. Görünür, çox gözəl və hərtərəfli universitetdir.

– Son olaraq oxuculara, xüsusən də tələbələrə nələri tövsiyə edərsiniz?

– Mən gəzməyi tövsiyə edirəm. Çünki həyatı öyrənmək üçün bu lazımdır. Bir daha bu təcrübəni yaşaya bilməzlər. Səyahət bəzi ölkələrdə çətindir deyə gənc ikən bunu etmək lazımdır.

 

Müsahibə