Neçə dövlətə işlədiyi bəlli olmayan avantürist Üsamə Ben Ladenin 22 il bundan əvvəl Nyu-Yorkda əkiz göydələnlərə və Vaşinqtonda Pentaqonun binasına sərnişin təyyarələrinin çarpılmasını təşkil edəndən sonra gündəmə və siyasi leksikona “İslam terrorizmi” ifadəsi gətirildi.
Məqsəd, ABŞ başda olmaqla, Qərbin Şərqə, müsəlman dünyasına hərbi, siyasi və iqtisadi müdaxilələrinə haqq qazandıracaq bəhanə əldə etmək idi. Neftin hesabına inkişaf yoluna qədəm qoymuş ərəb ölkələrinin müstəqil siyasət yürütməyə cürət edən bəzi liderlərinə qarşı hər cür təzyiq və təhdid göstərmək, Ağ evə boyun əyməyən hakimiyyətləri devirmək üçün “İslam terrorizmi”ndən tutarlı “sübut və dəstəvuz” tapmaq qeyri-mümkün idi. Onlara cızdıqları ssenariləri gerçəkləşdirməkdən ötrü korporativ maraqları naminə terroru dəstəkləyən bəzi üzdəniraq müsəlman ölkələri də əlavə “əsaslar” verirdi. Bəli, artıq sübut etməyə ehtiyac qalmayıb ki, öz laboratoriyalarında icad etdikləri “dini-ideoloji məhsullar” böyük güclərin əlində siyasi alətdir.
Stokholmun məntiqsizlik diplomatiyası
Şərqi müsəlman dövlətlərinin birindən qaçqın düşdüyü deyilən İraq əsilli Salvan Momika guya etiraz əlaməti olaraq Quranın vərəqlərini qoparıb, ayaqqabılarını silib, sonra da içinə bekon qoyaraq yandırıb. Bu vəhşilik İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında törədilib. Hadisədən bir müddət öncə bu ölkənin İnzibati Məhkəməsi “İsveç polisinin Quranın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” barədə qərar çıxarıb. Bədnam yerli Femida polisin “təhlükəsizlik riski ilə bağlı narahatlıqlar”ın nümayiş hüququnu məhdudlaşdırmaq baxımından yetərli olmadığını “isbatlayıb”. O, polisin qərarının ifadə azadlığına zidd olduğunu bildirib. İslam dünyasının Qurban bayramını qeyd etdiyi gün müsəlmanların müqəddəs kitabının yandırılması, hər şeydən əvvəl, islamofobiyaya söykənən təxribat aktı idi və indi onun fəlakətli nəticələrini izləməkdəyik. Maraqlıdır ki, İsveç iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinə “sürprizlə” gedir. Yəni, bu hərbi alyansa üzvlükdən ötrü Türkiyənin təsdiqinə ehtiyac duyan Stokholmun növbəti dəfə təxribata evsahibliyi etməsi sağlam məntiqlə də bir araya sığmır. Yaşayış səviyyəsinə görə dünyanın öncül ölkələrindən biri sayılan Skandinaviya “almazı”nın bu diplomatiya ilə nəyə və kimlərə xidmət göstərdiyini anlamaq o qədər də asan deyil.
Fikir azadlığı adı altında alçaqlıq!
Stokholmda Qurana qarşı törədilən vandallıq aktına birinci və kəskin reaksiya Türkiyədən gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının yerli təşkilatları ilə canlı videoəlaqə ilə bayram proqramında deyib: “Polisin gözü qarşısında İslam və insanlıq düşmənləri təxribatlar törədir. İsveçdə Qurban bayramının ilk günü müqəddəs kitabımız Qurana qarşı edilən iyrənc hücum da onlardan biridir. Bu cinayəti törədənlər kimi, söz azadlığı pərdəsi altında buna yol verən və bu alçaqlığa göz yumanlar da öz məqsədlərinə çata bilməyəcəklər. Bildirmək istəyirəm ki, biz Türkiyə olaraq nə təxribat, nə də təhdid siyasətinə boyun əyməyəcəyik. Terror təşkilatları və islamofobiya ilə qətiyyətlə mübarizə apararaq, reaksiyamızı ən sərt şəkildə göstərəcəyik. Biz, nəhayət, Qərbin “təkəbbür abidələri”nə öyrədəcəyik ki, müsəlmanların müqəddəslərini təhqir etmək fikir azadlığı deyil”. R.T.Ərdoğanın bu bəyanatından sonra İsveçin NATO üzvlüyü məsələsinin çox böyük sual işarəsi altına düşəcəyi şübhəsizdir.
Roma Papası: Belə hərəkətlərə nifrət edirəm
Dünya katoliklərinin dini rəhbəri – Roma Papası Fransisk Stokholmda Quranın yandırılmasından hiddətləndiyini, belə hərəkətlərə nifrət etdiyini bildirib. O, “Al İttihad” qəzetinə müsahibəsində bunları söyləyib: “Mən hiddətlənirəm, bu cür hərəkətlərə nifrət edirəm. Xalqların, millətlərin müqəddəs hesab etdiyi istənilən kitaba dindarlara hörmət baxımından ehtiramla yanaşmaq lazımdır. Söz azadlığından heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə olunmamalıdır”.
Roma Papasını da hiddətləndirən hərəkətlərə qoca qitənin inkişaf etmiş bir dövlətində rəvac verilir. Bu cür davranışlar milyarddan çox insanın dini hissiyyatını təhqir etməklə yanaşı, birgə yaşayışa, Avropa dəyərlərinə arxadan vurulan zərbədir. Artıq sirr deyil ki, Avropada yaşayan müsəlmanlar son illər işdə, yolda, ictimai yerlərdə, nəqliyyatda mütəmadi olaraq dini, irqi ayrı-seçkiliklə, İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Müqəddəs kitabımız “Qurani-Kərim”ə qarşı sərgilənən belə təhqiramiz hərəkətlər buna nümunədir.
Putin: Səmavi kitabın yandırılması cinayətdir
Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı günlərində Dərbəndə səfəri zamanı buradakı qədim məscidə baş çəkib. Dövlət başçısı vurğulayıb ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir və müqəddəs səmavi kitabın yandırılması cinayət sayılmır: “İsveçdə Quran yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil”. Bu ismarıcdan sonra o xatırladıb ki, Rusiyada konfessiyalararası nifrətin qızışdırılması qanunla cinayət sayılır. Onun sözlərinə görə, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətləri Rusiya xalqının birliyini möhkəmləndirir.
Daha sonra Rusiya XİN-in dini etiqad azadlığının təmin edilməsi sahəsində əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Gennadi Askaldoviç ölkəsinin Stokholm sindromuna rəsmi münasibətini açıqlayıb. G.Askaldoviç İsveç hakimiyyətinin bu vandalizmi “söz azadlığı və demokratiya” arqumentləri ilə ört-basdır etməyə çalışdığını, onun təxribatçı islamofobiya aktına icazə verməklə ekstremizmə yol açdığını bəyan edib. O, rəsmi Stokholmun dini radikallığa bu cür meyil göstərməsini qətiyyətlə pisləyib: “Dünya ictimaiyyəti dindarların hüquqlarının bu cür biabırçı şəkildə pozulmasına qarşı birgə fəaliyyət göstərməyə borcludur”.
Ciddi etiraz, kəskin notalar
Mərakeş hökuməti İsveçin paytaxtında baş vermiş Quranın yandırılmasına etiraz olaraq öz səfirini Stokholmdan geri çağırmaq qərarına gəlib. Mərakeşin Xarici İşlər Nazirliyi bu qərarını cümə axşamı elan edərək, bu addımın Kralın göstərişi ilə atıldığını bildirib. XİN-in saytında dərc olunan bəyanatda, həmçinin qeyd edilib ki, belə bir hərəkətin, xüsusilə Həcc mövsümü və Qurban bayramı ilə üst-üstə düşməsi bir milyarddan çox müsəlmanın hisslərinə məhəl qoyulmaması məsuliyyətsizlik və düşmənçilikdir. Bu hadisə rəsmi Rabatın ciddi qəzəbinə və hiddətinə səbəb olub. Əslində, səfirin geri çağırılmasını Mərakeşdən müsəlmanların dini hisslərini təhqir edən bu cür hərəkətləri dünya müsəlmanlarının pisləməsinə açıq çağırış və siqnal kimi qəbul etmək olar.
Küveyt də bu vandalizm aktına kəskin etirazını bildirib. Ölkənin Xarici işlər nazirinin müavini Cərrah Cabir əl-Əhməd əl-Sabah İsveçin BƏƏ-dəki səfiri, Stokholmun maraqlarının hər iki ölkədəki təmsilçisi Lisolette Andersona etiraz notasını təqdim edib. Rəsmi Əl-Küveyt İsveç hakimiyyətini mitinqə icazə verməkdə qınayıb və Stokholmu Quranın təhqir olunmasının qarşısını almaq, günahkarları məsuliyyətə cəlb etmək və belə hərəkətlərə haqq qazandırmaqdan çəkindirmək üçün təcili tədbirlər görməyə çağırıb.
Vandalizmə qarşı bütün dinlər həmrəy olmalıdır
Quranın yandırılması təkcə İslam dininə qarşı həqarət sayılmamalıdır. Xristianlar, yəhudilər də bu həssas məsələyə laqeyd yanaşmamalı, vəhşiliyə biganə qalmamalıdır. Axı “Qurani-Kərim” özündən əvvəlki səmavi kitablarda adları keçən müqəddəsləri məhz müqəddəs şəxslər kimi təqdim edən Tanrı kəlamıdır. Azərbaycanda söz azadlığı, inanc sərbəstliyi qanunvericiliklə tənzimlənib. Konstitusiyanın 25-ci maddəsinin üçüncü bəndinə əsasən, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Və bütün bu azadlıqların qorunmasına Azərbaycan hökuməti təminat verir. Radikallara, vandallara, terrorçulara qucaq açmış İsveçdən fərqli olaraq...
Dörd səmavi kitabın hər birində tək Tanrıdan bəhs edilir, elçiləri vasitəsilə insanlara Onun Sözü çatdırılır. Bu Sözə kibrit çaxanın əxlaqı Tanrıya daş atanın dərrakəsi ilə düz mütənasibdir. Hər ikisi mütləq günahlarının cəzasını çəkəcək...
Fikrət SADIXOV,
politoloq
Quranı yandıranların arxasında müəyyən qüvvələrin dayanmadığına inanmıram. Görünür, bu qüvvələr Avropa dövlətlərinin İslam ölkələri ilə münasibətlərinin gərginləşməsində maraqlıdırlar. Əslində, belə hərəkətlərə hökumət yol verməməlidir. Avropanın bəzi liderləri insan haqlarının qorunmasını belə başa düşürlər. Yəni, Quranı yandırmaq, guya, həmin adamın özəl hüququdur və hökumət orqanları buna lazımi şəraiti yaratmalıdır. Amma zaman göstərir ki, bu cür yanaşmalar onların özlərinə zərbə vurur. Yəqin onlar vaxtilə İsveçin Baş naziri Ulof Palmenin terrorçular tərəfindən öldürüldüyünü unudublar. Avropa ölkələri üçün buna bənzər faktlar az deyil. Müsəlman dövlətlərin rəsmiləri, eləcə də ictimai dairələr bu akta öz cavablarını verirlər.
Türkiyə yeganə dövlətdir ki, belə hallara dərhal və çox ciddi şəkildə reaksiya verir. Yadımızdadır ki, Finlandiya və İsveç NATO-ya üzvlük məsələsində Ankaranın etirazı ilə üzləşdilər. Helsinki bununla bağlı yalnız konkret addımlar atandan sonra Türkiyə buna etiraz etmədi. İsveç də bu mövqeyə yaxın idi. Fəqət, görünür, bu məqam kimlərisə qıcıqlandırır.
Reallıq ondan ibarətdir ki, belə halların təkrarlanması dünyada hansısa radikal təmayüllü qüvvələrin daha da azğınlaşmasına səbəb olacaq. Əgər Avropanın başbilənləri buna ciddi reaksiya verməsələr, eləcə də müsəlman dövlətlərin rəsmiləri konkret mövqe ortaya qoymasalar, bu ənənə genişlənə bilər. Avropa ölkələri ilə İslam dünyası arasında münasibətlər gərginləşə və həmin avropalılar üçün pis nəticələrə gətirib çıxara bilər. Onlar bunu yaddan çıxarmamalıdırlar.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”