Vaşinqton raundunun səmərəsizliyi: Bakı gücə, İrəvan illüziyaya doğru

post-img

Ötən həftə Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatındakı ən mühüm hadisə iyunun 27-29-da Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçirilmiş görüş idi.

Kollektiv Qərb formatının Vaşinq­ton raundu çərçivəsindəki sayca ikinci belə görüşün təşkili ABŞ-ın vasitəçilik missiyasının ardıcıllığının nəticəsi kimi qiymətləndirilə bilər. Əslində, qarşılıqlı təmasın ən pozitiv məqamı da elə bu­dur. Amma, təəssüf ki, başqa hansısa müsbət meyildən söz açmaq mümkün deyil.

Nəzərə alaq ki, tərəflər okeanın o tayında Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin vasitəçiliyi ilə bu il mayın 1-dən 4-dək olan müddətdə də bir ara­ya gəlmişdilər. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pa­şinyan arasında mayın 14-də Brüsseldə Avro­pa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin va­sitəçiliyi ilə keçirilmiş və Bakı üçün nikbinlik doğurmuş görüş də məhz həmin Vaşinqton təmasının nəticəsi kimi qiymətləndirilmişdi. Bu fonda baş nazir N.Paşinyanın Qarabağ da daxil olmaqla 86,6 min kvadratkilometr ərazidə Azərbaycanın suveren hüquqlarını tanıdığını bildirməsi başlıca məqam kimi gö­türülmüşdü. 

Ümumən, Nikol ötən müddətdə bir neçə dəfə eyni ifadəni gündəmə gətirmişdi. Elə təəssürat yaranmışdı ki, iki Cənubi Qafqaz ölkəsi arasında sülh müqaviləsinin bağlan­ması yolunda hər hansı maneə qalmayıb. Lakin hər şeyin heç də asan başa gəlmədiyi də məlum olmuşdu. Belə görünmüşdü ki, erməni liderin dildə söylədiyini imzası ilə təsdiqləməsi mümkünsüzdür. Ən azı hələlik belə qənaətə gəlməyə əsas var. 

***

Söhbət rəsmi İrəvanın Qarabağ ermə­nilərinin hüquq və təhlükəsizliyi məsələsini qabartmasından, bununla bağlı ayrıca bey­nəlxalq mexanizmin yaradılması iddiasını irəli sürməsindən gedir. O iddiadan ki, onun qəbulu Azərbaycan üçün yolverilməzdir. Çünki rəsmi Bakı bölgənin erməni əhalisini öz vətəndaşları sayır və hesab edir ki, vətən­daşlarının hüquq və təhlükəsizliyi müstəvi­sində hansısa fərqli siyasi metodologiyanın tətbiqi yolverilməzdir. Yeri gəlmişkən, qeyd edək ki, Ermənistana Qarabağ erməniləri ilə əlaqədar ayrıca mexanizmin mövcudluğu gələcəkdə bölgəyə dair yeni avantürist plan­lar hazırlamaq üçün, bir növ, tutacaq yeridir və ölkəmizin rəhbərliyi bunu dərk edir. 

...İrəvanın müxtəlif bəhanələrlə sülh pro­sesindən yayındığı ortadadır. Əslində nazir­lərin Vaşinqton görüşü ərəfəsində də belə bir hal baş verdi. Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri təxribat törətdilər. Məlum olduğu kimi, bölgənin separatçı rejimi özü­nü ayrıca dövlət kimi aparır və Azərbaycanla Ermənistan arasında əldə ediləcək razılaşma­lara demarş mövqeyini ortaya qoyur. İyunun 26-dakı təxribat da bunun aşkar nümayişi idi. Əlbəttə, burada söhbət təkcə həmin re­jimin Bakı-İrəvan mümkün razılaşmasına qarşı çıxmasından getmir. Nəzərə alaq ki, dünya erməniliyi də Qarabağ mövzusunda dirəniş göstərməkdədir və bu dirəniş İrəva­nın mövqeyindəki destruktivliyi şərtləndirir. Baxmayaraq ki, iki tərəf arasında gərginliyin olduğuna dair görüntü var... 

***

Bəli, XİN rəhbərlərinin Vaşinqton təması fonunda Qarabağ cəbhəsində gərginliyin ya­şanması, qarşı tərəfin törətdiyi təxribatlar da­nışıqların pozitiv nəticələr verəcəyinə şübhə yeri qoyurdu və şübhələr özünü doğrultdu. Üç gün davam etmiş növbəti raund tərəflərin bir-biri ilə razılaşmadığı məqamları tam aş­kar şəkildə ortaya çıxarması ilə yaddaqalan oldu. 

Ümumən, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ABŞ-da keçirilmiş görü­şündə rəsmilərin Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, qoşunların çıxa­rılması, Qarabağ erməniləri mövzularında razılığa gəlməmələrində xarakterik məqam budur ki, İrəvan Qarabağ erməniləri məsələ­sini bütövlükdə Qarabağ münaqişəsi kimi təqdim edir. Yəni, Ermənistan üçün, bu, 44 günlük müharibəyə qədərki Dağlıq Qarabağ münaqişəsinin həlli məntiqi ilə eynidir. Sa­dəcə olaraq həmin vaxt ərazi məsələsi öndə indi, indi əhali. Nəticədə Paşinyan administ­rasiyası “Qarabağ xalqı”nın təhlükəsizliyi və hüquqlarının təmin edilməsi üzrə beynəlxalq dialoq mexanizmi”ni irəli sürür. 

Bakı isə “Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqlarının təminatları üzrə beynəlxalq dialoq mexanizminin yara­dılmasını” qəti şəkildə rədd edir. Çünki bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi üzərində suverenliyini məhdudlaşdırır. Azərbaycan Qarabağın ermə­nilər məskunlaşan hissəsinin reinteqrasiyası­nı, onun sakinlərinə Azərbaycan Konstitusi­yası çərçivəsində hüquq və təhlükəsizliyinin təminatını təklif edir.

Haşiyə çıxaq ki, Ermənistanın siyasi pro­vakasiyasına rəvac verən bir məqam da var. Məlumdur ki, iyunun 22-də Avropa Şurasının Parlament Assambleyası Laçın yolu ilə bağlı ermənipərəst qətnaməsi çıxarmışdı. Həmin qərəzli sənəddə də Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dair beynəlxalq mexanizmin yaradılmasının vacibliyi vurğu­lanmış və mövcud istiqamətdə Azərbaycana çağırış ünvanlanmışdı. Göründüyü kimi, Er­mənistan həmin müddəanı Vaşinqton raun­duna daşımaq cəhdi göstərib və danışıqların uğursuzluğunu təsdiqləyən məqamlardan biri məhz budur. 

***

İkinci məqama keçid alaq. Ermənistan 1990-cı illərin əvvəllərində ələ keçirdiyi yeddisi Qazax rayonunun və biri Naxçıvan Muxtar Respublikasının olmaqla, səkkiz azərbaycanlı kəndi öz əlində saxlamaqdadır. Məsələyə sərhədlərin delimitasiyası və de­markasiyası müstəvisində diqqət yetirilmək­dədir. Bu baxımdan Ermənistan SSR-ə məx­sus bir kəndin də Bakının nəzarətində qaldığı iddiası var. Ermənistan rəhbərliyi, həmçinin bildirir ki, Azərbaycan qoşunları 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında sər­həddə baş verən toqquşmalar zamanı onun ərazisinə “daxil olub”. Azərbaycan tərəfi bu iddiaların əsassız olduğunu irəli sürür, çünki sərhədin delimitasiyası aparılmayıb. Prosesi uzadan isə İrəvandır...

***

Əslində, qeyd etdiyimiz məqamlar, bü­tövlükdə, Azərbaycan-Ermənistan nizam­lamasının vacib elementlərini təşkil etmək­dədir. Bu baxımdan daha bir vacib məqam var ki, o da Zəngəzur dəhlizi məsələsidir. Ölkəmiz dəhliz məntiqinə söykənməklə, Azərbaycan, Rusiya və Ermənistan lider­lərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol kimi əksini tap­mış bu məsələyə geopolitik obraz qazandırıb. İrəvan bunu qəbul etmir. Əvəzində biz onun eyni addımı Laçın yolu ilə bağlı atdığını gö­rürük. Yəni, erməni rəsmilər tərəfindən Laçın yoluna dəhliz statusu qazandırmaq cəhdi ilə, onun Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyində başlıca yer tutduğu vurğu­lanır. Buna görə Ermənistan Azərbaycanın Həkəri çayı üzərində qurduğu sərhəd nə­zarət-buraxılış məntəqəsinin guya qanunsuz olduğunu vurğulayır. 

Qeyd edək ki, sonuncu məsələ nazir­lərin ABŞ-dakı may danışıqlarından sonra daha çox qabardılmağa başlayıb. AŞPA-nın haqqında söz açdığımız qətnaməsi isə İrə­vanın illüziyalarına yeni rəng qatmaqdadır. Vaşinqton danışıqlarının iyun raundunun səmərəsizlik səbəblərindən biri də Ermənis­tanın həmin illüziyanı danışıqlar masasına gətirmək istəməsi ilə bağlıdır. 

***

Bəs, kollektiv Qərb vasitəçiliyi forma­tındakı Vaşinqton raundunun səmərəsizliyi hansı nəticələr doğura bilər? Bu kimi suallar ekspertləri düşündürməkdədir. Əlbəttə, Azər­baycan öz mövqeyində qətidir. Ölkəmizin ekspertləri də vurğunu buna yönəldirlər. Ma­raqlıdır ki, Bakının mövqeyindəki qətiyyəti­ni erməni politoloqlar da önə çəkirlər. Onlar bu barədə danışarkən, daha çox Ermənistanı gözləyən yeni fəlakət ssenarisinin xəyali tra­yektoriyasını cızmaqla məşğuldurlar. 

Amma bu sayaq deyimlər ölkənin taleyi­ni düşünməyi yox, daha çox hazırkı iqtidarın hakimiyyətdən uzaqlaşmasını hədəf seçir. Təxminən belə: Paşinyan hakimiyyətdə ol­masa, hər şey düzələcək. Halbuki, elə deyil və bu illüziyanın erməni siyasi dairələrinə hakim kəsilməsi təhlükəli tendensiya forma­laşdırmaqdadır. Belə çıxır ki, Nikolun yerinə gələcək hansısa başqa şəxs itirilmişləri bər­pa edəcək. Sual olunur: həmin xəyali qüvvə bunu hansı siyasi-diplomatik və hərbi poten­sialla edəcək?.. Erməni siyasi istebleşmenti özünün illüziyaya qapılma bacarığını ortaya qoyur, nəinki praqmatikliyi. Bütün bunlar Ermənistan hakimiyyətinin davranışlarına da təsirini göstərir. Vaşinqton raundunun səmərəsizliyi fonunda Bakının daha qətiyyət­li addımlara, sülhə məcburetməyə getməkdən başqa yolu qalmır. 

Vaşinqton raundunun hazırkı səmərəsiz­liyi təəssüratı fonunda Azərbaycan və Ermə­nistan liderlərinin Qərb formatı çərçivəsində planlaşdırılan növbəti görüşləri üçün müza­kirə gündəliyinin konkretlik qazanmadığını da söyləmək mümkündür. Bu təəssürat isə Qərbin sülh təşəbbüslərinin faydasızlığına dair Rusiyada rəsmi qaydada səslənmiş fi­kirlərin doğruluğunu təsdiqləyən amil kimi nəzərdən keçirilə bilər. Müvafiq olaraq, on­suz da passiv mövqe tutan Moskvanın daha da passivləşməsi, üçtərəfli Bəyanat məntiqi­ni ehkamlaşdıraraq, Cənubi Qafqazda möv­cudluğunu daha da gücləndirmək istəmə­si proqnozlaşdırılandır. Deməli, Qarabağ müstəvisində gələcəkdə təxribatlar arta bilər və deməli, Azərbaycanın güc nümayişi üçün durumun formalaşması da mümkündür. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət