Təbii fəlakətdən zərər çəkən fermerlərə kompensasiya veriləcək

post-img

Aqrar Sığorta Fondu ötən günlər ölkəmizdə müşahidə olunan güclü yağışlar, dolu və daşqınlarla bağlı fermerlərə müraciət edərək baş verən sığorta hadisələri barədə fonda məlumat verməyə çağırıb. 

Xatırladaq ki, iyun ayının son günlə­rində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, inten­siv yağışlar çaylarda suyun artmasına, sel və daşqınlara səbəb olub. Bununla yanaşı, müxtəlif bölgələrdə çoxsaylı dolu vurma halları da qeydə alınıb. 

Rəsmi məlumatlara görə, iyunda ay­rı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eyni zamanda, ölkə üzrə dolu yağ­ması halları iki dəfədən çox artıb. Belə ki, ötən ilin iyun ayında 18 dolu hadisəsi qey­də alındığı halda, cari ilin eyni dövründə ölkənin ayrı-ayrı bölgələrində 38 belə hal müşahidə olunub. Bundan əlavə, ötən ay ölkə üzrə 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstərici hesab olunur. 

Fondun məlumatında bildirilir ki, iyu­nun son günlərində, xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən və Şamaxı rayonlarında, eləcə də Gəncə şəhərin­də vətəndaşların əmlakına, həyətyanı və əkin sahələrinə, təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatları­na ciddi zərər dəyib. 

Aqrar Sığorta Fondu baş vermiş tə­biət hadisələri ilə bağlı müraciət yayaraq bəyan edib ki, təbii fəlakətlər, dolu, ley­san yağışları, sel-subasma kimi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər görmüş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək. Fond bu səbəbdən sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, onlara dəymiş zərər barədə quruma məlumat verməklə bağlı çağırış edib. 

Fonddan bildirilib ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertlə­ri ərazilərə ezam olunacaq, dəyən zərər qiymətləndiriləcək və qurum tərəfindən fermerlərə kompensasiya ödəniləcək. “Hazırda fondun mütəxəssisləri və aq­rar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığorta ha­disələrini qeydə almaqla məşğuldurlar”,–deyə fonddan bildirilib. Bununla yanaşı, Aqrar Sığorta Fondu bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb. 

Ümumilikdə, cari ilin ötən dövrü ölkə­miz üçün qeyri-sabit hava şəraiti ilə xa­rakterizə olunub. Bölgələrdə yağan ley­san yağışları, sel-subasma, güclü külək, dolu hadisələri nəticəsində ayrı-ayrı fer­merlərə məxsus buğda, arpa, pambıq və tərəvəz sahələrinə, eləcə də meyvə bağlarına ciddi ziyan dəyib. Təbiət ha­disələrindən isə ən çox Gədəbəy, Daş­kəsən, Tovuz, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, İsmayıllı, Goranboy, Şab­ran, Şəki, Qax və Cəlilabad rayonlarının fermerləri ziyan görüblər. Bu səbəbdən ötən müddətdə Aqrar Sığorta Fonduna daxil olan müraciətlərin sayı xeyli artıb. Fonddan aldığımız məlumata görə, son aylar Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından dəymiş ziyanla bağlı daha çox müraciət daxil olub. Müraciətlər, əsasən, fırtına və dolu kimi sığorta predmetləri ilə bağlıdır. Bü­tövlükdə isə, ilin əvvəlindən Aqrar Sığor­ta Fonduna 900-dən çox müraciət daxil olub ki, bunun da yarıdan çoxu may-iyun aylarında qeydə alınıb. 

Aqrar Sığorta Fondundan verilən məlumata görə, 2023-cü ilin ötən döv­ründə qurum tərəfindən ölkə üzrə 400 min hektar əkin sahəsi sığortalanıb. Son zamanlar baş vermiş təbiət hadisələri ilə bağlı müstəqil aqrar sığorta ekspertləri müntəzəm olaraq bölgələrə ezam olunur­lar. Onların iştirakı ilə dəymiş zərərin qiy­mətləndirilməsi aparılır. Hazırda payızlıq və yazlıq əkinlərin biçini davam etdiyi üçün öncədən zərər görmüş əkin sahələ­rində yekun qiymətləndirmə aparılır. Bu proses başa çatdıqdan sonra fermerlərə dəymiş zərərlər ödəniləcək.

Yeri gəlmişkən, ölkəmizdə Aqrar Sı­ğorta Fondunun yaradılmasından son­ra aqrar sığorta xidmətlərinin əlçatan­lığı xeyli artıb. Müqayisə üçün deyək ki, 2020-ci ildə bitkiçilik sığortası üzrə toplanan vəsait cəmi 1700 manat təşkil etdiyi halda, 2021-ci ildə bu rəqəm 6 mil­yon manata, ötən il isə 9 milyon mana­ta çatıb. Bu da fermerlərin və təsərrüfat sahiblərinin Aqrar Sığorta Fonduna olan inamından irəli gəlir. Fonddan verilən məlumata görə, ötən il 2 milyon 400 min manatdan çox sığorta ödənişi həyata ke­çirilib. Bununla yanaşı, il ərzində bağlan­mış müqavilələr üçün 1 milyon manatlıq ehtiyat yaradılıb. 

Fondun məlumatına görə, ölkəmizdə sığortalanan bitkilərin sayı 14-dən 41-ə çatdırılıb. 2021-ci ildə müxtəlif bitki növ­ləri üzrə 27 min müqavilə bağlandığı hal­da, ötən il bu rəqəm 46 min təşkil edib. Bir məqamı da diqqətə çatdıraq ki, 2022-ci ildə bitkiçilik sığortası üzrə 2,6 milyon manat sığorta ödənişi edilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu məb­ləğ cəmi 151 min manat olub. Bu da 55 dəfədən çox artım deməkdir.

Aqrar sığortanın bir istiqaməti də qu­raqlıqla bağlıdır. Qeyd edək ki, cari ilin ötən dövründə müşahidə olunan yağıntılı hava şəraitinə baxmayaraq, qarşıdan bizi isti və quraq yay günləri gözləyir. Azər­baycanda isə kənd təsərrüfatı sahəsində ortaya çıxan əsas risklərdən biri də qu­raqlıqla bağlıdır. Artıq yaxın gələcəkdə ölkəmizdə bu riskin də sığorta xidmət­lərinə daxil edilməsi gözlənilir. Bununla bağlı Aqrar Sığorta Fondu 2023-2025-ci illərdə Azərbaycanda pilot lahiyə olaraq quraqlıq sığortasına başlamaq niyyətin­dədir. Bu məqsədlə hazırda İsveçrə və Türkiyə ilə təcrübə mübadiləsi aparılır. Eyni zamanda, ölkədə yağıntıların qey­ri-bərabər paylanması ilə əlaqədar in­deks əsaslı quraqlıq sığortasının tətbiqi istiqamətində araşdırmalar davam etdi­rilir.

Ümumiyyətlə, Aqrar Sığorta Fondu­nun fəaliyyət göstərdiyi qısa müddət ər­zində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə yayılaraq istehsal həcminin, təxminən, 95 faizini əhatə edib. Qeyd edək ki, dövlət dəstəkli aqrar sığorta ölkə Prezidenti İlham Əliyevin fermerlərə xü­susi diqqət və qayğısının bariz nümunə­sidir. Aqrar sığorta sistemi fermerləri sub­sidiyalarla daim dəstəkləyən dövlətimizin bu sahədə növbəti qayğısı kimi dəyərlən­dirilir. Fermerlərin bu xidmətlərdən istifa­də edə bilməsi üçün hesablanmış sığorta haqqının 50 faizi məhz dövlət büdcəsi hesabına ödənilir. Buna görə də fond fer­merləri bu xidmətdən faydalanmağa və öz məhsullarını qorumağa səsləyir. Belə ki, fermerlərlə imzalanmış aqrar sığor­ta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində 1651 çağrı mərkəzinə, eyni zamanda, məlu­matlandırılmalı olan digər aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat