Göygöl rayonunda son illər turizmin inkişafı ilə bağlı görülən işlər diqqət doğurur. Bu rayonda addımbaşı bir yeniliklə tanış olmaq mümkündür. Rayon icra hakimiyyəti tarixi abidələri, turistlərin marağına səbəb ola biləcək yerləri bərpa edir, ora yeni turist marşrutları açır, iş adamlarına dəstək olur ki, otellər, müasir ictimai iaşə obyektləri tikib istifadəyə versin,xarici qonaqların istirahətinə və əylənməsinə şərait yaratsın. Bir tərəfdən də müxtəlif festivalların, o cümlədən, yaylaq, moruq, konyak və sair bu kimi festivalların təşkili rayon rəhbərliyinin gələcəyə olan hədəflərundən hesab etmək olar. Bu günlərdə daha bir maraqlı obyekt istifadəyə verilib. Bu, rayonun Aşıqlı kəndi ərazisindəki “Helenendorf” restoranıdır. Bu dəfə öz qapılarını tamamilə başqa bir görkəmdə yenidən sakinlərin və qonaqların üzünə açlb. Rayonun həm də qədim adının yaşadılmasını bir növ məqsəd seçən sahibkarlar burada hər cür şərait yaradıblar.
Milli Məclisin deputatı Naqif Həmzəyev özünün facebook səhifəsində yazır: “ Yerli turizmin inkişaf etdirilməsi və iş adamlarımızın dəstəklənməsi əsas hədəflərimizdəndir. “Helenendorf”un yeni konsepsiyası ilə yaxından tanış oldum və bəyəndim. Bu, həm yerli, həm də xarici qonaqlarımız üçün unudulmaz təcrübə yaşayacaqları bir yer olacaq.Bu gözəl addımın dostlarımıza, Gəncəbasar camaatına və bütün şəhərimizə xeyir-bərəkət gətirməsini arzu edirəm.”
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri.