Bu günlərdə Xalq şairi, Əməkdar incəsənət xadimi Cabir Novruzun xatirəsi ehtiramla anıldı. O, bu dünyanın əlifbasının, ilk nəğmənin məhəbbət olduğunu poetik dillə ifadə etmiş, oxucularını da buna inandıra bilmişdi. Onun üçün dünya özü boyda sevgi yuvası idi:
O bu boyda bir cahanı yaradıb,
Yeri, göyü, asimanı yaradıb.
İnsan onu, o insanı yaradıb.
Bu həyatın əlifbası məhəbbət.
Həm var olan, həm yox olan məhəbbət...
Bəlkə də poeziyamızda məhəbbətin belə aydın və yığcam “düsturunu” verən ikinci şeir olmayıb. Həmin misralar illərdir ki, şirin nəğmə kimi ürəklərə nur çiləyir.
Cabir Novruz (12 mart 1933–12 dekabr 2002) poeziyası, məhəbbət və səmimiyyətlə yoğrulub. Bu, şairin ilham pərisinin daim işıqlı ideallarla yaşaması, poeziyasının, şəxsiyyətinin bütövlüyü, təbiiliyi ilə bağlıdır. Müasir dövrdə cəmiyyətimizin belə abırlı yazarlara çox ehtiyacı var. Çünki Cabir Novruz sözləri ilə əməlləri vəhdət təşkil eden bir şəxsiyyət idi.
Onun poeziyası təbii duyğu – düşüncələrdən qaynaqlanıb. Filologiya elmləri doktoru Vaqif Yusifli “Unudulmayan Cabir Novruz” adlı məqaləsində bu barədə belə yazır: “ Cabir Novruzun bütün yaradıcılığında - hər kiçik şeirində və hər böyük poemasında təbiilik ən müqəddəs bir duyğu kimi vəsf olunur. Onun poeziyasında yaxşılıq, pislik, mərdlik, qəhrəmanlıq, gənclik, qocalıq, zəriflik anlayışları da məhz təbiilik prizmasından baxılıb qiymətləndirilir”.
Şair şeirlərinin birində yazır ki, “nə qədər ki, yaşayıram bu cahanda, fərq olmayıb, olmayacaq işlərimlə sözlərimin arasında”...
Cabir Novruzun şeirlərində dünyanın, insanlığın bu günü, sabahı üçün daim narahat və həssas şair ürəyi döyünür:
Dünyada nə olsa - ürəyimdədir,
Bir insan sevinsə, bir gül açılsa,
Bir ömür məhv olsa, bir ev uçulsa,
Bir güllə açılsa - ürəyimdədir.
Şairin poeziyası ədalətə, haqqa, saflığa çağırış ruhludur. O, insanı, onun arzularını, xeyirxah əməllərini daim uca tutur və hər kəsə sağlığında qiymət verilməsini istəyir:
Bir arzum var, ey adamlar, qoyun deyim.
Sağlığında qiymət verin insanlara.
Yaxşılara sağlığında yaxşı deyin,
Sağ olanda yaman deyin yamanlara...
Şair diri üçün iynə boyda yaxşılığı, ölü üçün qoyulan min heykələ dəyişmədiyini bildirir.
Xalq şairi yaradıcılığının bütün dövrlərində Vətənin keşiyində kəsərli qələmi ilə dayanan mübariz bir əsgər idi. Azərbaycanın Qarabağ dərdinə həsr etdiyi “İxtiyarım olsa idi...” poeması və silsilə şeirləri çox təsirli, ağrılıdır. “Özünü qoru, xalqım” şeiri bir qədər kədər notları üzərində köklənsə də, xalqı bir olmağa, işğal olunmuş torpaqlarımızı azad etməyə səsləyir:
Müqəddəs, ulu xalqım
Gözümün nuru, xalqım.
Ən dəhşətli zamandır,
Özünü qoru, xalqım!
Bu o zamanlar idi ki, haqq səsimizi dünya eşitmək istəmirdi. Bu o çağlar idi ki, Azərbaycanın başı üzərindən qara buludlar dağılmaq bilmirdi, hər gün qan-qada ilə üzləşirdik. Vətənin dərdləri onun sinəsində bir düyünə çevrilmişdi. Həssas, kövrək şairin ürəyi ağrılara dözmədi, 69 yaşında dünyasını dəyişdi...
Onun qələmindən çıxan misralardan məhəbbət süzülür və ürəklərdə sevgi çələnginə dönüb, dodaqlarda mahnılara çevrilirdi. Elə buna görə də oxucularının çoxu üçün Cabir Novruz zərif duyğular, məhəbbət şairidir. Onun şeirlərində, belə demək olarsa, məhəbbətin hər çaları var – uğursuz ilk sevgi də, ömrün xəzan çağında vədəsiz gələn, gecikmiş, üzücü məhəbbət də:
Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş budağam, bulanmış suyam...
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.
Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən...
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən...
Şairin şeirlərinə yazılmış çoxsaylı mahnılar uzun illərdir ki, dillər əzbəridir. “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri”, “Məhəbbət”", “Bakının qızları”, “Mənim duyğularım”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Dünya düzələn deyil”, “Böyüməyə tələsmə”, “Bu necə sevgidir”, “Səsim səsinə öyrəşib”, “Ömür keçir” və sair. Bu bəstələr musiqisevərlər tərəfindən bu gün də böyük rəğbət və sevinclə qarşılanır.
O, uzaq bir dağ kəndində, kasıb ailədə dünyaya göz açmışdı. Lakin istedadı və çalışqanlığı ilə həyatda layiqli mövqe tutmuşdu. Əvvəlcə Pedaqoji Texnikumda oxumuş, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, sonra Moskvada Qorki adına Ümumittifaq Ədəbiyyat İnstitutunu bitirmişdi. Əmək fəaliyyətinə 1958-ci ildə “Bakı” qəzetində ədəbi işçi kimi başlamış, “Ulduz” dərgisinin, “Azərbaycan” ədəbi-bədii jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdı. O, 1970-1997-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdu. Əsərləri müxtəlif xalqların dillərinə tərcümə edilib və nəşr olunub. Dünya poeziyasının bir sıra qiymətli nümunələri onun tərcüməsində oxucularımıza çatdırılıb.
Cabir Novruz çox sevilən şair idi. Onun çıxış edəcəyi salonlar daim dolu olardı...
Sonda onu da deyək ki, şairin oğlu Müşfiqlə bir neçə il eyni redaksiyada çalışmışdıq. Cavan, atasına layiq, səmimi bir oğul idi. O vaxt Cabir müəllimlə bir neçə dəfə telefon söhbətimiz olmuşdu... Təəssüf ki, Müşfiq də böyük qardaşları kimi çox tez dünyasını dəyişdi.
Bu qeydləri böyük şairimiz Cabir Novruzun illər əvvəl mənə bağışladığı kitabı təkrar oxuduqdan sonra, vəfa borcu kimi yazdım.
Ruhları şad olsun!
Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

