İrəvanda “uğursuz qocalar” döyüşə hazırlaşır

post-img

Ter-Petrosyanın EMKP sədri seçilməsi müxalif düşərgənin qəflətdən ayılmadığını göstərir

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yenidən Erməni Milli Konqresi Partiyasının sədri seçilib. Bu barədə Hayastan mətbuatı məlumat yayıb. Müvafiq qərar partiyanın dekabrın 14-də baş tutan IV qurultayında 29 üzv arasında keçirilən gizli səsvermə nəticəsində qəbul olunub. Qurultay nümayəndələri Ter-Petrosyanın siyasi qüvvənin lideri kimi qalmasını dəstəkləyərək, onun partiya sədri kimi səlahiyyətlərini təsdiqləyiblər.

Qeyd edək ki, Erməni Milli Konqresi ölkənin müxalif siyasi partiyasıdır. Təşkilat 2008-ci ildə L.Ter-Petrosyanın rəhbərliyi ilə 13 müxalifət partiyasının seçki bloku kimi yaradılıb və Erməni Milli Konqresi adlanırdı. Məqsəd həmin il keçirilən prezident seçkilərində iştirak etmək idi. Hərəkat 2013-cü ildə seçki blokunun bazası əsasında vahid siyasi partiyaya çevrilib və onun adı da dəyişdirilərək Erməni Milli Konqresi Partiyası adlandırılıb.

Levon Ter-Petrosyanın yenidən Erməni Milli Konqresi Partiyasının sədri seçilməsi ilk baxışdan sıradan partiyadaxili qərar təsiri bağışlaya bilər. Lakin bu hadisə daha geniş kontekstdə Ermənistan müxalifətinin real vəziyyətini, siyasi alternativsizlik problemini və cəmiyyətdə dərinləşən lider boşluğunu açıq şəkildə ortaya qoyur. Partiya qurultayında Ter-Petrosyanın yenidən sədr seçilməsi, əslində, yeni mərhələnin başlanğıcı deyil. Bu, daha çox köhnə siyasi xəttin davam etdirilməsi, vaxtilə formalaşmış, lakin artıq öz aktuallığını itirmiş modelin qorunub saxlanması cəhdidir. Erməni Milli Konqresi Partiyası uzun müddətdir ki, Ermənistan siyasətində aparıcı rol oynamır və onun ictimai təsir imkanları xeyli zəifləyib.

* * *

Qurultaydan sonra verilən açıqlamalar Ter-Petrosyanın 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirakı ehtimalını gücləndirdi. Əslində, bu mövzu yeni deyil. Bununla bağlı lap əvvəldən məlumatlar dolaşırdı. Məsələn, hələ bu ilin sentyabr ayında partiya sədrinin müavini Levon Zurabyan Erməni Milli Konqresi Partiyasının 2026-cı il seçkilərində iştirak etmək niyyətində olduğunu dolayısı ilə təsdiqləmişdi. Sədr müavini partiyanın seçkilərlə bağlı digər siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğunu da bildirmişdi: “Erməni Milli Konqresi Partiyası əsas rola can atmır, digər qüvvələrlə əməkdaşlığa da hazırdır”.

Bütövlükdə, Ter-Petrosyanın iddiasından asılı olmayaraq onun gələnilki seçkilərdə şansının yüksək olduğunu söyləmək mümkün deyil. Burada birinci və ən açıq amil yaş məsələsidir. Cəmi bir neçə həftədən sonra – 2026-cı il yanvarın 9-da Ter-Petrosyan 81 yaşını tamamlayacaq. Bu yaşda siyasətçinin uğur qazanacağı az inandırıcıdır. Hər halda, Ter-Petrosyan elə yüksək qabiliyyətə malik deyil ki, məsələn, Almaniya Federativ Respublikasının ilk federal kansleri Konrad Adenauer kimi ahıl çağında – 73 yaşında siyasi hakimiyyətə gəlsin və 87 yaşına kimi ölkəni idarə etsin. Ermənistan kimi dinamik, eyni zamanda, dərin siyasi böhran içində olan ölkədə elektorat daha çevik, aktiv və gündəmin tələblərinə uyğun lider axtarır. Yaş təkcə bioloji göstərici deyil, həm də siyasi–psixoloji faktordur.

İkinci mühüm məqam onun siyasi irsidir. Ter-Petrosyanın hakimiyyət illəri Ermənistan üçün uğurlu dövr kimi xatırlanmır. Onun idarəçiliyi Ermənistan üçün yaxşı heç nə ilə yadda qalmayıb. Ölkə Birinci Qarabağ müharibəsindən qalib ayrılsa da, 1990-cı illər ölkənin tarixində iqtisadi iflas, sosial çətinliklər, enerji böhranı və kütləvi miqrasiya ilə yadda qalıb. Həmin illərin simvolu olan siyasi fiqurun bu gün çıxış yolu kimi təqdim edilməsi cəmiyyətin geniş təbəqələri üçün inandırıcı deyil. Əlavə olaraq qeyd etmək lazımdır ki, məhz Ter-Petrosyan dövründə dövlət institutları zəif formalaşdı, siyasi məsuliyyət mexanizmləri isə faktiki olaraq işləmədi. Onun rəhbərliyi illərində qəbul edilən bir çox qərarlar qısamüddətli siyasi maraqlara hesablandığı üçün uzunmüddətli nəticələr doğurmadı. Cəmiyyətdə ədalət və bərabərlik gözləntiləri reallaşmadı, sosial uçurum daha da dərinləşdi. Bu dövrdə yaranan idarəçilik ənənələri sonrakı illərdə də sistemli problemlərin əsasını qoydu. Məhz buna görə Ter-Petrosyanın siyasi irsi bu gün ümid deyil, daha çox xəbərdarlıq kimi dəyərləndirilir.

Üçüncü faktor müxalifət düşərgəsinin dərin parçalanma içində olmasıdır. Erməni Milli Konqresi Partiyası nə kütləvi elektorat bazasına malikdir, nə də digər müxalif qüvvələri ətrafında birləşdirə biləcək mərkəz rolunu oynaya bilir. Zurabyanın “hakimiyyəti təkbaşına dəyişə biləcək qüvvə yoxdur” etirafı, əslində, müxalifətin öz acizliyini dolayısı ilə təsdiqləməsidir. Bu etiraf fonunda Ter-Petrosyanın “mühüm rol” iddiası daha çox nəzəri xarakter daşıyır. Bundan başqa, müxalifət daxilində şəxsi ambisiyalar və liderlik rəqabəti ümumi strategiyanın formalaşmasına imkan vermir. Ayrı-ayrı qruplar arasında etimadsızlıq o qədər dərinləşib ki, hətta taktiki əməkdaşlıq belə real nəticə vermir. Erməni Milli Konqresi Partiyası bu parçalanmanı aradan qaldıra biləcək siyasi çəkidən və təşkilati resurslardan məhrumdur. Belə şəraitdə Ter-Petrosyanın adı birləşdirici faktor yox, əksinə, mübahisəli keçmişi xatırladan simvol kimi çıxış edir. Nəticədə müxalifət cəmiyyətə alternativ yol deyil, yalnız daxili ziddiyyətlərin davamını təklif etmiş olur.

Dördüncü və əsas məsələ siyasi gündəmin dəyişməsidir. Ermənistan bu gün 1990-cı illərin ritorikasını yox, postmüharibə dövrünün reallıqlarını yaşayır. Təhlükəsizlik, regional kommunikasiyalar, iqtisadi adaptasiya və xarici siyasətdə balans axtarışı əsas mövzulara çevrilib. Ter-Petrosyan isə bu yeni gündəmin memarı kimi görünmür. Onun çıxışları və siyasi mövqeyi daha çox keçmiş debatların davamı təsirini bağışlayır. Üstəlik, Ermənistan cəmiyyətində prioritetlər köklü şəkildə dəyişib və seçici emosional çağırışlardan çox konkret çıxış yolları gözləyir. Yeni siyasi gündəm çevik diplomatiya, praqmatik iqtisadi qərarlar və təhlükəsizlik risklərinin real qiymətləndirilməsini tələb edir. Ter-Petrosyan isə bu istiqamətdə nə aydın yol xəritəsi, nə də inandırıcı proqram təqdim edə bilib.

Bütün bunların fonunda Ter-Petrosyanın yenidən sədr seçilməsi müxalifətin yenilənməsi yox, əksinə, durğunluğunun göstəricisi kimi qiymətləndirilə bilər. Ermənistan siyasətində yeni mərhələnin açılması üçün yeni simalar, yeni ideyalar və dəyişən regional reallıqlara uyğun siyasi baxışlar lazımdır. Köhnə liderlərin geri dönüşü isə real alternativ formalaşdırmır, daha çox emosional nostalgiya yaradır…

* * *

Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Ter-Petrosyanın yenidən Erməni Milli Konqresi Partiyasının sədri seçilməsi ölkə siyasətində sistem böhranının açıq əlamətidir. Onun sözlərinə görə, müxalifət yeni liderlər və müasir platformalar ortaya çıxara bilmədiyi üçün siyasi səhnədən, faktiki olaraq, çəkilmiş fiqurlara yenidən müraciət edir. Bu isə seçici üçün real seçim imkanını daha da daraldır: “Ter-Petrosyanın əsas problemi onun keçmişlə assosiasiya olunmasıdır. O, Ermənistan cəmiyyətində nə gələcək layihəsinin müəllifi, nə də böhrandan çıxışın simvolu kimi qəbul olunur. Əksinə, onun adı daha çox itirilmiş imkanlar, daxili qarşıdurmalar və dövlət institutlarının zəif formalaşdığı dövrlə bağlı xatırlanır. 2026-cı il seçkilərində Ter-Petrosyanın iştirakı daha çox simvolik xarakter daşıyacaq. Bu iştirak siyasi nəticədən çox, müxalifətin mövcudluğunu xatırlatmaq cəhdidir. Lakin Ermənistanın qarşısında duran problemlər simvolik addımlarla deyil, yeni siyasi düşüncə ilə həll oluna bilər. Mövcud mənzərə göstərir ki, köhnə liderlərin geri dönüşü bu boşluğu doldurmaq gücündə deyil”.

Siyasi ekspert onu da vurğuladı ki, cəmiyyətin əhəmiyyətli hissəsi artıq siyasi eksperimentlərdən və keçmiş fiqurların yenidən dövriyyəyə buraxılmasından yorulub. Onun fikrincə, bu cür addımlar müxalifətin intellektual və kadr potensialının nə dərəcədə məhdud olduğunu da açıq şəkildə nümayiş etdirir. İ.Hüseynov hesab edir ki, seçici davranışına təsir göstərmək üçün təkcə tanınmış ad kifayət etmir, konkret proqram və inandırıcı komanda tələb olunur: “Ter-Petrosyan faktoruna ümid bağlanması müxalifət daxilində yeni simaların önə çıxmasını ləngidir. Nəticə etibarilə, bu yanaşma Ermənistan müxalifətinin uzunmüddətli perspektivdə zəifləməsinə xidmət edir”.

Səxavət HƏMİD
XQ



Siyasət