Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə yer alaraq mühüm uğura imza atıb. Universitet bu nüfuzlu beynəlxalq reytinqdə 1 sahə üzrə təmsil olunub.
AzMİU-nun əldə etdiyi diqqətçəkən nəticə isə Dizayn sahəsi üzrədir. Belə ki, universitet bu istiqamətdə reytinqə daxil olan ölkə üzrə yeganə ali təhsil müəssisəsi kimi çıxış edir. Bu göstərici AzMİU-nun dizayn təhsili sahəsində formalaşdırdığı güclü akademik baza, yaradıcı yanaşma və müasir tədris mühitinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
Ümumilikdə, 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Cari ildə reytinqə daxil olan universitetlərin sayı təxminən 2 dəfə, təmsil olunan sahələrin sayı isə 4 dəfə artıb. Azərbaycan universitetlərinin nəticələrində müşahidə olunan bu müsbət dinamika ölkədə ali təhsilin keyfiyyətinin yüksəldiyini və beynəlxalq rəqabət qabiliyyətinin artdığını göstərir.
Qeyd edək ki, Azərbaycan bu reytinqdə təmsil olunan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir və cari ildə əldə olunan nəticələrin dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.
Dünyanın 100-dən artıq ölkəsini əhatə edən və 1900-dək ali təhsil müəssisəsinin iştirak etdiyi QS sahələr üzrə reytinqi 5 geniş sahəni və 55 ixtisas istiqamətini əhatə edir. Qiymətləndirmə zamanı akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalələrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq göstəriciləri əsas meyarlar kimi nəzərə alınır.
AzMİU-nun bu uğuru universitetin beynəlxalq akademik mühitdə mövqeyinin gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların mühüm nəticəsi kimi qiymətləndirilir.
XQ

