Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin elm və təhsil ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır.
Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Müzəffər və qalib xalq olaraq dünyaya Qarabağ həqiqətini çatdırandan sonra elm, təhsil sahəsində də öz sözümüzü inamla deyir və yeni inkişaf mərhələsinə qədəm qoyuruq.
Bu mənada Azərbaycan Dillər Universiteti növbəti tarixi uğura imza atıb. Belə ki, “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi 2026-cı il üçün fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini dərc edib.
Nəticələrə əsasən, Azərbaycan Dillər Universiteti “Müasir dillər” istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151–200 aralığında qərarlaşıb. Universitet eyni zamanda “Linqvistika” sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251–300-cü yerlər qrupunda təmsil olunub.
Bu nailiyyət Azərbaycan Dillər Universitetinin akademik nüfuzu, beynəlxalq elmi əməkdaşlıq istiqamətində fəallığı, alimlərin tədqiqat və araşdırmalarının keyfiyyət göstəricilərinə əsaslanan, müasir təhsil çağırışlarına cavab verən standartlar üzrə əldə olunub.
Azərbaycan Dillər Universiteti QS reytinqlər cədvəlində 6,273 universitet arasında “Müasir dillər” istiqaməti üzrə 50 pillə irəliləməklə, Azərbaycan təhsilində yerini və rolunu bir daha göstərmiş oldu.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi altında əldə olunan növbəti uğur onun strateji idarəetməsinin nəticəsində universitetin akademik nüfuzunun, elmi potensialının və beynəlxalq əlaqələrdə inkişaf perspektivlərini gücləndirdiyini, həmçinin universitetin beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini nümayiş etdirir.
Bu uğur münasibətilə universitet kollektivini təbrik edir, yeni uğurlar arzu edirəm.
Coşqun Dadaşov,
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri

