Azərbaycanın qədim məskənlərindən olan Coratın səsi-sorağı eramızın IV–VII əsrlərindən gəlir. Bura Xəzərin sahilində narın qızılqumları, böyük karvansaraları, barlı bağları ilə tanınan bir məkandır. Abşeron yarımadasını şimaldan gələn quldur gəmilərinin basqınlarından qorumaq üçün XII əsrdə ucaldılmış müdafiə sədləri, qala və qəsrlər arasında Corat qalasının da adı çəkilir. “Cürət qalası” kimi tarixə düşən bu abidənin Simu və ya Simurq adlı bir qəhrəman tərəfindən qorunduğuna dair rəvayət də var.
XII-XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddin “Camiyyəti təvarix” əsərində xatırlanan türk–monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Əlavə edək ki, hazırda dünyada yüzdən çox “Corat” deyilən yer, qəsəbə, insan, hərəkat və s. bildirən ad var. Məsələn, Tailandda Corat qəsəbəsi mövcuddur.
Coratın köhnə bağ yerləri – “Çalour”, “Dəhnə”, “Hacıdərə”, “Astanbəy”, “Möməli yeri”, “Həbib bağı” yaşlı sakinlər tərəfindən xatırlanmaqdadır. Deyilənə görə, “Dadaş bağı” İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub. “Təsdim”, “Qurd dərəsi”, “Dovşan yatağı”, “Sarıqaya” yerləri indi də el arasında olduğu kimi adlandırılır. Tarixi adlar mədəni irsi öyrənmək üçün dəyərli tutarqadır.
Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək Yolunun üstündə yerləşib. Camaat bu yola Karvan yolu, El yolu da deyib. Coratda 7 karvansara fəaliyyət göstərib.
Tarixin “üz qırışları”nı xatırladan kənddə çoxlu qədim abidələr vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, 14-cü əsrə aid hamam, ehsanlıq su quyuları... Təəssüf ki, əksəriyyəti artıq yoxdur. Okean səviyyəsindən 28 metr aşağıda yerləşən Coratın evləri, abidələri ötənlərdə dəfələrlə dəniz sularının altında qalıb. 16-cı əsrə aid Şah Abbas karvansarasının müəyyən qalıqları hifz olunur.
Coratda inşa edilmiş dörd məsciddən ikisi bu günümüzə gəlib çıxmış, digər ikisi 1937-ci ildə dağıdılmışdır. Sakinlər arasında qadın məscidi kimi tanınan məscidlərdən biri Hacı Kiçikbəyin adı ilə bağlıdır. Bu və Hacı Hümbət məscidi kimi tanınan ibadət evi 30-cu illərin “qurbanı”na çevrilmişdir. Cümə və Gülxatun məscidlərinin özünəməxsus memarlığı var. 18-ci əsrdə Hacı Əli adlı bir şəxsin inşa etdiyi Cümə məscidi 2004-cü ildə əsaslı təmir olunduqdan sonra bu gün Coratın gözəl memarlıq nümunəsi kimi göz oxşayır.
Qəsəbədə yerləşən Hacı Məcid hamamı isə XVI əsrin memarlıq nümunəsidir. Kükürdlü suyu ilə məşhur olan hamam hazırda yeraltı abidə kimi qorunub saxlanılır. Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə tikilən 2-ci hamamın tarixi isə XVII əsrdən hesablanır. Günbəzşəkilli olan bu hamam da dövlət tərəfindən mühafizə edilir.
Bu sətirlərin müəllifinin valideynlərinin də uyuduğu Köhnə Corat məzarlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş “qardaş”larının yanına qoyularaq əcnəbi turistlərə nümayiş etdirilib.
Coratda fiziki cəhətdən əngəlli adamların, sonsuz qadınların pənah apardığı Lələ pirinin kəramətinə dair rəvayətlər hələ də dillərdə dolaşır. 1918-ci ildə burada həyatını itirmiş türk əsgərinin məzarı Corat ziyarətgahları arasındadır. Burada Şıx ocağına, Seyyid Mirəziz Baba, Balıqçı Şıx Ağa, Şıx Kamil, Şıx Ağami ocaqlarına ehtiram böyükdür.
Coratı obrazlı şəkildə Sumqayıtın “İçərişəhər”i də adlandırırlar. Bu qəsəbə ötən əsrdə bir neçə dəfə sökülmək və ləğv olunmaq təhlükəsi ilə üzləşib. Qədim qəsəbəni şəhərə qatmaq istəyən “novator” məmurlar burada yeni mikrorayon salmaq eşqinə düşüblər. Amma hər dəfəsində vətənpərvər ziyalılar etiraz səslərini ucaldaraq buna yol verməyiblər. Bir vaxtlar Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci katibi işləmiş Kamran Hüseynov, şəhər icraiyyə komitəsinin sədri olmuş Kamal Axundov, eləcə də qəsəbə sovetinin keçmiş sədri İsgəndər Qasımovun dirənişi sayəsində nadan memarların yanlış planı reallaşmayıb.
Qədim qəsəbə bu gün də böyüyür və gözəlləşir. Tarixi cizgiləri də yüksək etina ilə qorunub saxlanır.
Ə.NƏCƏFXANLI
XQ


