Saxtakarın gözü düzü əyri görür...

post-img

İrəvanın bu baxışı regionda sabitliyi hədəfə alıb

Azərbaycan xalqının tarixinə dair həqiqətlərin saxtalaşdırılması cəhdləri, xüsusilə Ermənistanın davam etdirdiyi təhrif siyasəti regionda sülh və ədalətin bərqərar olmasına süni maneədir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbul şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul olunmuş sənədlərlə bağlı Ermənistan XİN-in səsləndirdiyi əsassız və təxribatçı bəyanatlar məhz bu siyasətin nəticəsidir.

Rəsmi İrəvanın sənədlərin mahiyyətini təhrif etməsi, Qərbi Azərbaycana qayıdış və Xocalı soyqırımı ilə bağlı qərarları “ərazi iddiası” və ya “təhrif olunmuş şərh” kimi qələmə verməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür. Bu, açıq şəkildə göstərir ki, rəsmi Ermənistan hələ də tarixi həqiqətlərlə üzləşməkdən və insan hüquqlarının bərpası ilə bağlı öhdəliklərini yerinə yetirməkdən yayınır.

Azərbaycan xalqının Qərbi Azərbaycana, yəni indiki Ermənistan ərazisindəki tarixi yurdlarına qayıdış tələbi heç bir halda “ərazi iddiası” deyil. Yüz minlərlə azərbaycanlının zorla və sistemli şəkildə doğma torpaqlarından qovulmasının nəticələrinin aradan qaldırılması və onların pozulmuş hüquqlarının bərpası beynəlxalq hüquqa tam uyğundur. 

Yada salaq ki, Hayastanın XX əsrin müxtəlif dövrlərində həyata keçirdiyi etnik təmizləmə və kütləvi deportasiya siyasəti nəticəsində azərbaycanlılar, o cümlədən İrəvan şəhərinin, Göyçə, Zəngəzur və digər bölgələrin əzəli sakinləri öz yurd-yuvalarından zorla çıxarılıb. Məsələn, 1905–1907 və 1918–1920-ci illərdə, xüsusilə 1918-ci il mart qırğınları zamanı azərbaycanlılar kütləvi şəkildə qətlə yetirilib, kəndlər yandırılıb, əhali didərgin salınıb. 

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qəbul etdiyi 4083 saylı qərar və 1948-ci ilin martın 10-da imzalanmış 754 saylı əlavə qərar bu planın növbəti mərhələsi oldu. Sənədlərə əsasən, Ermənistan SSR-dən 150 minə yaxın azərbaycanlı məcburi şəkildə Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürüldü. Səssiz, lakin amansız etnik təmizləmə prosesi baş verdi. İnsanlar yüz illər boyu yaşadıqları ata-baba ocaqlarını tərk etməyə məcbur edildi, onların əmlakı, tarixi və dini abidələri ya dağıdıldı, ya da mənimsənildi.

1987-ci ildən Dağlıq Qarabağ ətrafında cərəyan edən məlum hadisələrdən sonra Ermənistan SSR-in ərazisində azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə prosesi misilsiz qəddarlıq və vəhşiliklə həyata keçirilməyə başlandı. 250 mindən artıq soydaşımız öz yurdlarından qovuldu. Bir zamanlar indiki Ermənistanda əksəriyyət təşkil edən Azərbaycan əhalisi etnik təmizlənməyə məruz qaldı. Bu, zorakılıq, kütləvi deportasiyalar, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində baş verdi. Bu faktlar sənədləşdirilib və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bundan başqa, bölgənin toponimikası dəyişdirilərək erməniləşdirilib.

*** 

Azərbaycanın Qərbi Azərbaycana qayıdış tələbinin tam əsaslı və ədalətli olduğunu, bunun beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpasına xidmət etdiyini həmin tarixi sübutlar təsdiqləyir. Bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım XQ-yə dedi ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı onların beynəlxalq hüquq çərçivəsində fundamental hüququdur: “Bu, BMT Nizamnaməsinin, İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin və Qaçqınların Hüquqları ilə bağlı beynəlxalq konvensiyaların təsdiq etdiyi hüquqi prinsipdir. Bəyannamənin 13-cü maddəsinin 2-ci bəndinə görə, “hər bir şəxsin öz ölkəsinə qayıtmaq hüququ vardır”. İƏT-in sözügedən qətnaməsi məhz bu hüquqi və tarixi reallığı təsdiqləyir.

Ermənistanın bu tələbi “ərazi iddiası” kimi təqdim etməsi reallığın kobud şəkildə təhrifidir və rəsmi İrəvanın beynəlxalq hüquqa hörmətsiz yanaşmasının bariz ­nümunəsidir”.

Erməni vəhşiliyi Azərbaycan ərazisində də davam edib. Baş verən hadisələrin xarakteri və ardıcıllığı göstərir ki, bu siyasət Ermənistanın dövlət səviyyəsində planlaşdırılıb. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və işğal nəticəsində 20 min azərbaycanlı öldürülüb, 50 min nəfər yaralanıb və ya əlil olub. Bundan əlavə, 4 minə yaxın Azərbaycan vətəndaşı hələ də itkin düşmüş hesab olunur. Eyni zamanda, 700 mindən çox azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb və etnik təmizləməyə məruz qalıb. Avropa Şurası Parlament Assambleyasının 2015-ci ildə qəbul etdiyi 1416 saylı qətnamədə Ermənistanın hərbi əməliyyatlarının “dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan genişmiqyaslı etnik qovulma və mono-etnik ərazilərin yaranmasına səbəb olduğu” xüsusi qeyd edilib.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan ingilis jurnalisti Tomas de Valla müsahibəsində cinayəti açıq etiraf edib: “Bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə oldu ki, etnik təmizləmə baş verdi. Başqa cür ola bilməzdi”. Serj Sarkisyan Xocalı faciəsinə toxunaraq deyib ki, əgər mülki əhali orada qalırsa, deməli, onlar da hərbi əməliyyatların bir hissəsidir.

Bu etiraf Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdə mülki əhalini açıq şəkildə hədəf seçdiyini və qəsdən kütləvi qırğınlar törətdiyini sübut edir.

Hayastanın törətdiyi vəhşiliklərin ən dəhşətlisi isə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində baş verib. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıları Xocalını mühasirəyə alaraq dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədiblər. Nəticədə 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb və əsir götürülüb. Bu dəhşətli qətliam dünya ictimaiyyəti tərəfindən insanlığa qarşı törədilmiş ağır cinayət kimi tanınıb. Beynəlxalq təşkilatların hesabatlarında və nüfuzlu ölkələrin parlamentlərinin qəbul etdiyi sənədlərdə soyqırımı faktı öz əksini tapıb. 

Tarixi saxtalaşdıran, faciələri inkar edən və məsuliyyətdən yayınmağa çalışan Ermənistan sülh prosesinə real töhfə vermək əvəzinə, bölgədə etimadsızlıq və qarşıdurma mühitini dərinləşdirir. Ermənistan XİN-in “İstanbul Bəyannaməsi” və İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını bunun sübutudur. Deputat F.Yıldırım deyir ki, sənədlərin məzmununu təhrif etmək, tarixi faktları saxtalaşdırmaq cəhdi İrəvanın sülh prosesinə xələl gətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətini göstərir: “Unutmaq olmaz ki, sülh yalnız tarixi həqiqətlərin tanınması və pozulmuş hüquqların bərpası əsasında mümkündür. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr, beynəlxalq hüququn, insan hüquqlarının və tarixi faktların açıq şəkildə təsdiqidir. Ermənistanın bu sənədi saxtalaşdıraraq “ərazi iddiası”, “təhrif” kimi təqdim etməsi isə reallıqdan uzaq olmaqla yanaşı, ictimai rəyə təsir göstərmək məqsədi daşıyan manipulyasiyadır”.

Qarsdakı Qafqaz Universitetinin professoru Oktay Kızılkaya hesab edir ki, Rusiya imperiyasının bütün səylərinə baxmayaraq, ermənilər uzun müddət Qərbi Azərbaycan ərazisində çoxluq təşkil edə bilməyib: “Bunu 1909-cu ilin statistik məlumatları da sübut edir. Rəqəmlərə əsasən, həmin ərazilərdə əhalinin 54,2 faizini etnik azərbaycanlılar təşkil edirdi. Hesablamalara görə, yüz minlərlə azərbaycanlı həmin ərazilərdə deportasiya qurbanı olub. Azərbaycanlıların Ermənistana qayıdışı mədəniyyətlərarası mübadilə üçün təkan olacaq, xalqlar arasında əlaqələrin qurulmasına töhfə verəcək, Ermənistanın özündə sakinlərin rifahını yaxşılaşdıracaq, sosial inkişafa təkan verəcək. Yəni, bu prosesdən ermənilər də faydalanacaq. Bu, tarixi reallıqdır”.

Sonda qeyd edək ki, Azərbaycan bu məsələlərdə prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bakı hesab edir ki, regionda davamlı və dayanıqlı sülhün yeganə yolu tarixi ədalətin və beynəlxalq hüququn bərpasıdır. Bu isə bir neçə fundamental məsələ ilə bilavasitə bağlıdır. Birincisi, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və beynəlxalq təminatlarla qayıdışı təmin edilməli, ikincisi, Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı, bu cinayətə görə məsuliyyət daşıyan şəxslər ədalət qarşısında cavab verməlidirlər. Üçüncüsü isə Hayastan beynəlxalq hüquqa və tarixi faktlara hörmət etməli, saxtakarlıq və ictimai rəyə təsir göstərmək cəhdlərinə son qoymalıdır. Əks halda, regionda davamlı sülhün və sabitliyin təmin olunması çətinləşəcək.

P.ƏFƏNDİYEV 
XQ

 





Siyasət