Makronsayağı demokratiya: etirazçılara qarşı zirehli maşınlar və helikopterlər

post-img

Emmanuel Makron prezident seçilər-seçilməz özünü demokratiyanın beşiyi adlandıran Fransa kütləvi etiraz aksiyalarının girdabına düşüb. Bu kütləvi aksiyalar bəzən öləziyir, bəzən isə selin keçdiyi dağ çayı kimi güclənərək məcrasından çıxır, iğtişaşlara çevrilir. Makron ilk dəfə 2017-ci ilin yazında prezident kürsüsünə yiyələnib, 2022-ci il seçkilərində öz postunu qoruyub saxlamağa müvəffəq olub.

2018-ci ilin sonunda ölkədə lideri olmayan “Sarı jiletlilər hərəkatı”nın kortəbii etirazları başlayıb. Qeyd edək ki, nümayiş iştirakçılarının bu hərəkata mənsub olanları müəyyən etmək üçün istifadə etdikləri sarı jiletlilərə görə belə adlandırı­lıb. İlkin olaraq, bu manifestlərə Prezident Makronun karbon yanacağına, əsasən dizelə tətbiq olunan vergini artırmaq niyyəti səbəb olub. Daha sonra iştirakçıların tələbləri geniş spektrli digər sosial və iqtisadi tələblərə çevrilib. Hərəkat tez bir zamanda kütləviləşib və bütün ölkəyə yayılıb. Bir sıra siyasi partiyaların liderləri (o cümlədən solçu Jan-Lük Melanşon, mərkəzçi Jan Lassal və sağçı Marin Le Pen) və siyasi hərəkatlar onu açıq şəkildə dəstəkləyirlər. “Sarı jiletlilər hərəkatı” hazırda da kütləvi aksiyalar yolu ilə tələblərinə nail olmağa çalışır.

“Beşinci Respublika” bu ilin əvvə­lindən – yanvarın 19-dan pensiya islahatı etirazları ilə də çalxalanır. Elizabet Börn hökumətinin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını təklif etməsi tətil və nümayiş dalğasının ölkəni bürüməsinə səbəb olub. Hətta nümayişlərdən əvvəl dövlət atom elektrik stansiyalarında tətil elan edilmiş­di. Bu, Makronun pensiya yaşını artırmaq üçün ikinci cəhdidir. Birinci cəhd 2019-cu ildə edilib və “Sarı jiletlilər”in etirazla­rı, həmçinin 1968-ci ildən bəri keçirilən ən uzun tətillər səbəbindən baş tutmayıb. Pandemiya dövründə isə islahatın həyata keçirilməsi ümumiyyətlə dayandırılıb. Pen­siya islahatları ilə bağlı aylarla davam edən çoxminlik etiraz aksiyaları bitməyə macal tapmayıb, çünki ötən həftədən orada fərqli formatda iğtişaşlar başlayıb. Bunun 2005-ci ildən bəri ən böyük iğtişaşlar olduğu bildi­rilir. Etiraz hərəkatı Parisin 11 kilometrli­yində yerləşən və təxminən 90 min nəfər əhalisi olan Nanter şəhərində başlayıb və digər şəhərlərə yayılıb. Səs-küy qumbara­larından, rezin güllələrdən və gözyaşardı­cı qazdan istifadə edən polislə etirazçılar arasında toqquşma olub. İğtişaşlar zamanı avtomobillər və ictimai binalar yandırılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçılar 4,5 mindən çox avtomobili yan­dırıb, minə yaxın binanı dağıdıblar. Ümu­milikdə 3 minə yaxın adam saxlanılıb. İğtişaşlar getdikcə ölkənin daha çox şəhə­rini əhatə edir. Bəzi bölgələrdə komendant saatı tətbiq edilib. Axşam saat 9-dan sonra ölkədə ictimai nəqliyyatın hərəkəti qismən dayanır. Hakimiyyət pirotexniki vasitələrin və benzinin bankalarda satışına qadağa qo­yub. Həftənin sonunda isə Makron nüma­yişçilərə qarşı təkcə polis xüsusi təyinatlı­larından deyil, həm də zirehli texnikası olan helikopterlərdən istifadə edib.

Nə baş verib?

İyunun 27-də səhər saatlarında moto­sikletdə patrul aparan polislər sənədləri yoxlamaq üçün “Mercedes” markalı avto­mobili saxlayıblar. Sürücü və sərnişinlər yoxlamadan imtina ediblər. Adətən, sürü­cülər bu vəziyyətlərdə tez-tez qaçmağa ça­lışdığından, polislər silahlarla hazır vəziy­yətdə maşının yanında dayanırlar. Sürücü tabe olmaq əvəzinə qaza basanda atəş səsi eşidilib. “Mercedes” bir neçə metr getdik­dən sonra reklam dirəyinə çırpılıb. Sükan arxasında əyləşən Nanter sakini, 17 yaşlı pizza çatdıran, həvəskar reqbi oyunçusu, ananın tək oğlu, Şimali Afrika əsilli Nahel hadisə yerində həlak olub.

Olayı pisləyənlər də var, ona haqq qazandıranlar da

Hadisəyə ilk münasibət bildirənlərdən biri futbol üzrə Fransa milli komandası­nın kapitanı və Parisin “Pari Sen-Jermen” klubunun hücumçusu Kamerun-Əlcəzair əsilli Kilian Mbappe olub. O, “Tvitter” he­sabında yazıb: “Doğma Fransam üçün çox üzülürəm. Vəziyyət qəbuledilməzdir. İndi bütün duyğu və düşüncələrim çox tez uçan mələk Nahelin ailəsinə və yaxınlarına ge­dir”.

Müxalif radikal solçuların lideri Manon Aubri parlamentdə bəyan edib ki, tabe ol­maqdan imtina dərhal heç kim üçün ölüm hökmünə çevrilə bilməz.

Sağçı “Respublikaçılar” Partiyasının rəhbəri Erik Siotti isə bildirib ki, yoxlama hüquqa uyğun olub, polisə tabe olmaqdan imtina ilə bağlı oxşar hallar ölkədə, demək olar ki, hər yarım saatdan bir baş verir. Tez-tez yaralanan hüquq-mühafizə orqanları əməkdaşları var.

Amma sadə fransızlar partiya sədri­ni fakt qarşısında qoyublar. Yeniyetmənin ölümündən dərhal sonra sosial şəbəkədə hadisə şahidinin çəkdiyi video peyda olub. Videoya baxdıqda anlaşılır ki, nə Nahel, nə də sərnişinlər polis əməkdaşlarının həyatı­na təhlükə törətməyiblər. Onlar yolun kəna­rında, avtomobilin solunda olublar və polis onları çətinliklə vurub. Bu arada patrulun isti izlərlə tərtib etdiyi hesabatdan belə çıxır ki, sürücü polisləri avtomobillə vurmağa cəhd edib və onlar yalnız özlərini müdafiə ediblər. Nanterdə əhalinin qəzəblənməsinə və kütləvi iğtişaşların baş verməsinə əsasən hesabatdakı bu yalanlar səbəb olub.

Silahdan sui-istifadə edilib

İyunun 29-da qəsdən adam öldürmə it­tihamı ilə 38 yaşlı polisin həbs müddətini uzadan prokuror silahdan sui-istifadə edil­diyini təsdiqləyib.

Onu da qeyd edək ki, 2017-ci ildə – Fransanın sosialist Prezidenti Fransua Ollandın dövründə polis əməkdaşlarının həyatlarının təhlükə altında olduğu hallar­da atəş açmasına icazə verən qanun qəbul edilib. Ötən il ölkənin avtomobil yollarında aparılan yoxlamalar zamanı 13 sürücü belə şəraitdə həlak olub və polisin hərəkətləri əksər hallarda qanuni hesab edilib.

Nəhayət, Emmanuel Makron dilə gəlib. O, televiziya ilə çıxışında deyib: “Yeniyet­mənin ölümünə heç nə ilə haqq qazandır­maq olmaz. Ümid edirəm ki, ədalət tezliklə öz yerini tapacaq”. Bununla belə Makron qurumlara və respublikaya qarşı zorakılığa heç nə ilə haqq qazandırılmasının mümkün olmadığını vurğulayıb. O, iğtişaşlara son qoymağa çağırıb. Ancaq görünən odur ki, əhali onun çağırışına qulaq asmaqda ma­raqlı deyil.

Daxili işlər naziri Cerald Darmanen isə necə deyərlər, yanan alovun üstünə benzin töküb. O, polis həmkarlar ittifaqı – “Fran­sa Polis Sindikat”ı tvit atdığına görə tənqid edib: “17 yaşlı yeniyetmə cinayətkara atəş açan həmkarlarıma əhsən. Onun avtomo­bilini dayandırmaqla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını qoruyublar. Bu quldurun ölümündə yeganə günahkar övladını tərbiyə edə bilməyən va­lideynlərdir”.

Göründüyü kimi, daim türkofob və is­lamofob əhval-ruhiyyənin hökm sürdüyü Makron Fransasının yürütdüyü təzadlı si­yasət bu dəfə daxili qarşıdurmanı körüklə­yib. Ötən ilin sentyabrında Azərbaycanın Parisdəki səfirliyinə, bu yaxınlarda çəkiliş aparan Azərbaycan Televiziyasının (AzTV) əməkdaşlarına hücum, jurnalistlərin xə­sarət alması, avadanlıqların ələ keçirilməsi və sındırılması, silahla təhdid edilməsi və sair hallar, indi isə silahı olmayan 17 yaşlı Şimali Afrika əsilli yeniyetmənin fransız polisi tərəfindən qətlə yetirilməsi Fransanın yeni müstəmləkəçilik siyasətinin növbəti nümunələridir. Baş verən hadisə həm də Makronun ölkə daxilində ciddi siyasi da­yaqlara malik olmadığını və daha çox er­məni azlığa arxalanan hökumət qurduğunu üzə çıxardı. Onun iğtişaşları yatırmaq üçün etdiyi müraciətlərin qulaqardına vurulması da bunun bariz nümunəsidir.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət