İtaliyada işgüzar səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, FAO-nun Romadakı mənzil-qərargahında baş tutan görüşdə təşkilatla birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Məcnun Məmmədov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunaraq iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Görüşdə Azərbaycanda aqrar sahənin inkişafının prioritet olduğu vurğulanıb, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi və bu istiqamətdə aparılan islahatlar diqqətə çatdırılıb.
Qu Donqyu Azərbaycanın FAO-nun önəmli tərəfdaşlarından biri olduğunu, ölkəmizlə təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. FAO-nun Baş direktoru Azərbaycanda kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensialın olduğunu deyib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilmiş layihələr və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparıb, Azərbaycanın FAO-da yüksək səviyyədə təmsil olunduğunu, yüksək seçkili orqanların işində fəal iştirak etdiyini bildirib, çoxtərəfli tərəfdaşlıq platformalarında bir sıra beynəlxalq tədbirlərin keçirilməsi perspektivlərini müzakirə ediblər.
Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.