“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda təbiət qoynunda təşkil olunan Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” çərçivəsində avqustun 18-dən 22-dək keçirilən “Müstəqillik tarixi” düşərgəsi müvəffəqiyyətlə başa çatıb.
Respublikanın müxtəlif regionlarından olan 250 gənc 5 gün boyunca bir araya gələrək unudulmaz düşərgə təcrübəsi yaşayıblar. Düşərgənin əsas məqsədi gənclərə Azərbaycan xalqının müstəqillik və ədalət uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsini dərindən öyrətmək, onlarda vətənpərvərlik və dövlətçilik prinsiplərinə sadiqliyi aşılamaq, həmçinin gələcəyin liderləri kimi formalaşmaları üçün zəruri bilik və bacarıqlarını artırmaqdan ibarət olub.
Avqustun 29-dək davam edəcək “Yay Fest 2025” çərçivəsində, ümumilikdə 2000-dən artıq gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib diplomatiya” mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.
Gənclər üçün ənənə halını alan və beşinci dəfədir ki, təşkil edilən “Yay Fest” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
XQ