Azərbaycan beynəlxalq kosmik ailənin fəal üzvüdür
Hər il 12 aprel dünya tarixində mühüm bir mərhələnin rəmzi kimi qeyd olunur. 1961-ci il aprelin 12-də sovet kosmonavtı Yuri Qaqarinin kosmosa uçuşu yeni bir tarixin başlanğıcı olmuşdu. Həmin gün insanın ilk dəfə kosmosa uçmasının ildönümü və elm, texnologiya, cəsarət və kəşf ruhunun təntənəsi kimi qəbul edilir.
Aviasiya və kosmonavtika sahəsi bu gün sürətlə inkişaf edir. Müasir dövrdə beynəlxalq qurumlar yeni texnologiyaların köməyi ilə kosmosun daha dərindən öyrənilməsinə çalışırlar. Ay və Mars missiyaları, peyk texnologiyalarının inkişafı, kosmik turizm ideyaları bu sahənin gələcək perspektivlərini daha da genişləndirir. Ölkəmizdə kosmik sahədə Azərkosmos vasitəsilə həyata keçirilən peyk layihələri Azərbaycanın qlobal kosmik sənayedə yerini möhkəmləndirir.
Azərkosmosun Peyk və peyk əməliyyatları departamentinin rəhbəri Rüstəm Allahverdiyev XQ-yə bildirdi ki, ötən əsrin 70-ci illərində kosmonavtika sahəsində mühüm nailiyyətlər əldə edilmiş, ilk kosmonavtlar nəsli formalaşmış, Yerin və yerətrafı fəzanın tədqiqi ilə bağlı çoxsaylı müşahidələr aparılmışdı. Həmin dövrdə dünyada Yerin təbii ehtiyatlarının və ətraf mühitin vəziyyətinin kosmik vasitələrlə daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri ön plana çəkilirdi.
Ölkəmiz də dövrün yeniliklərindən geri qalmırdı. Kosmik məsələlər 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində müzakirə edildi. Qlobal konqresə ev sahibliyi edərək Azərbaycan dünya miqyasında sənaye və elmi bazanı təkmilləşdirmək üçün kosmik elm tədqiqatçılarının “elit klubu”na daxil olmağa hazır olduğu mesajını verdi.
Məhz həmin konqresdən sonra Milli Elmlər Akademiyasında kosmik elm və mühəndislik üzrə yeni istiqamətlər formalaşdırıldı, Şamaxı Rəsədxanası Mars, Venera və digər kosmik cisimlərin öyrənilməsində iştirak etdi. 1987-ci ildə Azərbaycanda anadan olmuş ilk astronavt Musa Manarov Sovet kosmik proqramı çərçivəsində kosmosa uçdu və kosmonavtika tarixində ikinci ən uzunmüddətli (365 gün 23 saat) kosmik uçuşu həyata keçirdi.
Müstəqil Azərbaycanın müasir kosmik yolu 2008-ci ildən start götürdü.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə kosmik sahənin inkişafına xüsusi diqqət ayrıldı. Kifayət qədər kompleks texnoloji xüsusiyyətləri özündə ehtiva edən peyklər bir-birinin ardınca orbitə çıxarıldı. Azərbaycanın ilk peyki olan Azerspace-1-in 2013-cü ildə orbitə buraxılması ilə ölkəmizin kosmik sənayesində yeni mərhələ başladı. Daha sonra 2014-cü ildə Yerin məsafədən müşahidə peyki Azersky, 2018-ci ildə isə Azerspace-2 uğurla orbitə çıxarıldı. Bu peyklərin istifadəyə verilməsi kosmik sahədə insan kapitalının formalaşmasının əsasını qoydu.
Peykləri idarə etmək, həmçinin mühəndislik, infrastruktur, biznes və bazar təhlili, xidmət və həllər, beynəlxalq kosmik hüququn tələbləri, rəqəmsal həllər, rabitə xidmətləri, peyk məlumatları və süni intellekt həlləri üzrə ixtisaslaşdıq. Yeni nəsil kosmik sahə üzrə mütəxəssislər yetişdirdik və bu davamlı prosesdir.
Bu il Agentlik artıq 15 illik fəaliyyətini qeyd edir. Bu müddət ərzində ölkəmiz kosmik sənayenin formalaşmasına töhfə verərək qlobal kosmik xəritədə etibarlı tərəfdaş kimi tanınıb. Azərkosmos Azərbaycanın və regionun ilk peyk operatoru olaraq ölkəmizin texnoloji və iqtisadi inkişafında strateji əhəmiyyətə malikdir.
Hazırda Azərbaycanın peykləri digər dövlətlərə də xidmət göstərir. Peyklərimiz Afrika, Avropa və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri təqdim edir. Yerin məsafədən müşahidəsi xidmətləri vasitəsilə kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə olunması, hasilat sənayesi, nəqliyyat və yol infrastrukturu, müdafiə və təhlükəsizlik, turizm, xəritəçəkmə və şəhərsalma, meliorasiya və su təsərrüfatı, dövlət əmlakının idarə olunması və kadastr sahələrində innovativ layihələr həyata keçirilir.
Artıq Azərbaycan 48 ölkədən biri olaraq öz kosmik resurslarına malikdir və müəyyən tezliklər üzrə orbital mövqeyə sahibdir. İstənilən zaman 46° şərq uzunluğunda orbitə peyk çıxara bilər. Peyk xidmətləri ilə yanaşı, kosmik sahədə intellektual məhsulların ixracına da başlanılıb.
Müsahibimiz qeyd etdi ki, yerli kosmik ekosistemin inkişafı yolunda ən mühüm təşəbbüslərdən biri KOSMİK Akademiyadır. Azərbaycanda kosmik texnologiyalar sahəsində istedadlı gənclərin yetişdirilməsi üçün bir sıra önəmli təşəbbüslər həyata keçirilmişdir. Xüsusilə Azərkosmosun bu sahədəki fəaliyyəti regionda kosmik ekosistemin formalaşmasına və inkişafına mühüm töhfə verir. 2021-ci ildən etibarən, bu fəaliyyətlərə daha strukturlaşdırılmış yanaşma tətbiq etdik və KOSMİK Akademiya fəaliyyətə başladı. Qısa müddət ərzində təşəbbüs minlərlə məktəbli, tələbə və gəncləri birləşdirən bir mərkəzə çevrildi. 2024-cü ildə irəli sürülən bu təşəbbüs artıq özünü iddialı layihələrdə doğruldur.
Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı və Braziliya Kosmik Agentliyinin dəstəyi ilə həyata keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdlərinin hazırladığı “PocketQube” – kiçik ölçülü “Azərbaycanın Zəfəri” peyki 28 noyabr 2025-ci ildə SpaceX raketi ilə orbitə buraxıldı.
Dünya kosmik ailəsinin üzvü olmaq və bu sahədə etibarlı tərəfdaş kimi tanınmaq ölkəmizə qlobal kosmik tədbirlərə ev sahibliyi etmək imkanı verir. Ötən il 24–25 aprel tarixlərində keçirilən Kosmik Texnologiyalar Konfransına ev sahibliyi etdik. Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kosmik qurum rəhbərlərinin növbəti görüşü təşkil olundu. Sayca dördüncü olan bu görüşdə kosmik sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə edildi. Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sahədə texnologiyaların vacib rolunu vurğulamaqla yanaşı, bu sahədə innovasiyaların və tədqiqatların təşviqində regional mövqeyimizi gücləndirmək üçün imkan yaradacaq.
Konfrans kosmos sahəsində 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirdi. Bakı “STC-2025” konfransına Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan iştirakçılar qatıldı. Artıq dördüncü dəfə keçirilən “STC” konfransında kosmik agentliklərin liderləri, dövlət sektoru və özəl kosmik şirkətlərin nümayəndələri, investorlar, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak etdilər. Kosmik Texnologiyalar Konfransı Avrasiya regionunda kosmik sahənin perspektivlərinin müzakirəsi və dialoqu, eləcə də uzunmüddətli tərəfdaşlıqların qurulması üçün tanınmış platformadır. Məqsədimiz regional əməkdaşlığı daha da gücləndirməkdir. Azersky-2 proqramı üzrə işlər davam edir. Yeni telekommunikasiya proqramımız və Azerspace-3 adlı yeni peykin orbitə buraxılması istiqamətində fəaliyyətlər aparılır.
Bir sözlə, Azərbaycanın kosmik sahədə nailiyyətləri artıq beynəlxalq səviyyədə tanınır. Peyklərimiz vasitəsilə geniş çeşidli xidmətlər təqdim olunur, kadrların inkişafı və milli kosmik ekosistemin gücləndirilməsi ölkəmizin texnoloji inkişaf səviyyəsini göstərir. Azərbaycan kosmik texnologiyalarda strateji yanaşma tətbiq edərək həm daxili ehtiyaclarını qarşılayır, həm də qlobal kosmik bazarda mövqeyini möhkəmləndirir.
Mustafa KAMAL
XQ


