O zaman düşmən öz döyüşçülərini onlara bənzəməyə çağırmışdı
Aprelin 10-da İkinci Fəxri xiyabanda 1997-ci ilin aprel ayında Xocavənd istiqamətində icra olunan xüsusi döyüş tapşırığı zamanı düşmənlə qeyri-bərabər döyüşdə misilsiz qəhrəmanlıq göstərərək şəhid olmuş kəşfiyyatçılarımızın xatirəsinə həsr edilən anım mərasimi keçirildi. Bu, hərb tarixində silinməz izlər qoyan, fədakarlığı ilə xalqın yaddaşında əbədiləşən cəsur oğullarımızın ruhuna ehtiramın ən ali ifadəsi kimi yadda qaldı.
1997-ci il aprelin 7-də cəbhənin Xocavənd rayonu istiqamətində düşmən arxasına keçən 8 nəfər – leytenantlar Elxan Ağayev və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov Füzuli rayonunun Horadiz istiqamətindən təmas xəttini keçir və təxminən 40–50 kilometr yol qət etməklə döyüş tapşırığını yerinə yetirirlər. Azərbaycanın xüsusi təyinatlı kəşfiyyatçı qrupu döyüş tapşırığını yerinə yetirdikləri üçüncü gün mühasirəyə düşür.
Ermənistan silahlı birləşmələri ilə qeyri-bərabər döyüşə girən qrupun 1 üzvü ağır yaralanır. Silahdaşlarından 1 nəfərin həlak olduğunu zənn edən digər 7 nəfər döyüş sursatları tükəndiyindən düşmənin əlinə sağ keçməmək üçün qumbara ilə özlərini partladırlar. Huşsuz vəziyyətdə əsir götürülən kəşfiyyatçı isə 23 aylıq əsirlikdən sonra ulu öndər Heydər Əliyevin sayəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə geri qaytarılır.
8 nəfər polad iradəli oğul – hər biri bir ananın son ümidi, hər biri bir evin çırağı olan igidlər ölümün gözünə dik baxarkən, əslində, bizə ölməzliyin nə olduğunu öyrətdilər. Düşmənin “təslim ol!” nidasını, əsir düşmək zillətini şəhadət şərbəti ilə dəf etdilər. Dumanlı Xocavənd dağlarını titrədən bu oğullar millətin qeyrətini canlarından üstün tutdular.
Üç gün–üç gecə o dağlarda zaman dondu, sanki, təbiət də bu azadlıq və ölüm savaşını izləməyə başladı. Xocavəndin sıldırım qayaları, dumanlı dərələri o ana qədər belə igidliyə şahidlik etməmişdi. Hər tərəfdən keçilməz mühasirəyə alınmış, sayca cəmi 8 nəfər olan kəşfiyyatçıların üzərinə bütöv ordu, ağır texnika və ölüm saçan silahlar yeridilsə də, onlar ac-susuz, iliyə işləyən soyuğun kəsdiyi o daşlıqlarda sanki ətdən və qandan deyil, poladdan yoğrulmuş dirəniş göstərdilər.
Mərmiləri tükənəndə, qalan son güllənin səsi dağlarda əks-səda verib kəsiləndə düşmən qələbə çaldığını zənn edirdi. Amma bilmirdilər ki, Azərbaycan əsgəri üçün qələbə şərəfini son nəfəsinə qədər qorumaqdır. Onlar keçmişin intiqamı və gələcəyin ümidi ilə böyüyən mərd oğullar idilər.
Bu səbəbdən sursatın bitməsi sonun başlanğıcı deyil, əbədiyyətə atılan ilk addım oldu. Hər birinin qəlbindəki sarsılmaz inam sıldırım qayaların əzəməti ilə birləşərək düşmənin canına lərzə saldı. Onlar şəhadəti ali məqam kimi qarşıladılar. Güllələr susanda başlayan ağır sükut tarixin yaddaşına qızıl hərflərlə yazılacaq qəhrəmanlıq dastanı oldu.
İllər keçsə də, baxışlarındakı kədərli qürur ifadəsi zərrə qədər solmayan, hər kəlməsində nisgilin ağrısı hiss olunan polkovnik Xətai Baxışov da anım mərasimində iştirak edirdi. Onun simasında həm rəhbərlik etdiyi əsgərlərin itkisindən doğan ata nisgili, həm də sarsılmaz qəhrəmanlığın şahidi olmağın vüqarı vardı.
Polkovnik bildirdi ki, bu kəşfiyyat qruplarının icra etdiyi döyüş tapşırıqları ordumuzun qürur məsələsi idi:
– Həmin günlərin ağırlığını və o qəhrəmanlığın miqyasını təsvir etməyə bəzən kəlmələr aciz qalır. O zamanlar Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı hərbi hissənin fəaliyyəti tamamilə məxfi saxlanılırdı. Əməliyyatın strateji məqsədləri barədə bu gün belə danışmaq qadağandır.
Biz xüsusi texniki qurğular vasitəsilə düşmənin radio danışıqlarını izləyirdik. Qeydə alınan hər cümlə kəşfiyyatçılarımızın göstərdiyi igidliklərdən xəbər verirdi. Gündə üç dəfə Müdafiə Nazirliyinə məruzə edərdim. Alınan məlumatlar sübut edirdi ki, kəşfiyyatçılarımız düşmənə sarsıdıcı zərbələr endirirlər.
Erməni komandanlığı öz əsgərlərinə Azərbaycan kəşfiyyatçısını nümunə göstərmiş, onları xüsusi ehtiramla dəfn etmişdi. Sonradan Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə mənə çatdırılan o dəhşətli şəkillərə baxanda ürəyim parça-parça oldu. Onların sinələri elə açılmışdı ki, sanki, qan rəngli qərənfil ləçəkləri vətən torpağına səpələnmişdi.
Həmin qanlı döyüşdən ağır yaralı və huşsuz halda əsir götürülən çavuş Aqil birinci qrup Qarabağ əlilidir. Erməni polkovniki onun gözlərindəki qətiyyəti, ölümü gülərüzlə qarşılayan iradəni görəndə heyrətini gizlədə bilməmişdi. O, Aqilin qarşısında dayanıb, bəlkə də həyatında ilk dəfə gördüyü bu mənəvi ucalığı anlamağa çalışaraq soruşmuşdu: “Sizi o torpaqlarda, analar necə böyüdürlər ki, bu şirin canınızı vətən naminə qurban verməyə bir an belə tərəddüd etmirsiniz? Necə olur ki, əsarətin zillətindənsə, şəhadətin ağrısını, ölümü bu qədər təmkinlə seçirsiniz?”
Bu, düşmənin Azərbaycan əsgərinin ruhu qarşısında acizliyinin etirafı idi. Həmin igidlərin göstərdikləri misilsiz fədakarlıq yağı düşməndə elə bir sarsıntı yaratmışdı ki, erməni komandanlığı öz əsgərlərində döyüş ruhunu dirçəltmək üçün başqa yol tapa bilmirdi. Onlar bizim 7 şəhid kəşfiyyatçımızın məzarı başında öz əsgərlərinə andiçmə mərasimi keçirirdilər. Bəli, onlar öz gənclərinə qəhrəmanlıq dərsi vermək üçün məhz bizim şəhidlərin müqəddəs ruhuna pənah aparmışdılar. Düşmən anlayırdı ki, məzarı üzərində and içiləcək qədər uca olan bu ruhun qarşısında heç bir qüvvə duruş gətirə bilməz.
Kəşfiyyat qrupunun o müdhiş gecədən sağ çıxan yeganə şahidi, ömrünü vətən yolunda fəda etmiş çavuş Aqil Əhmədov gözlərindəki sönməz alovla qəhrəman silahdaşlarının xatirəsini bir daha canlandıraraq söylədi:
– Biz millətimiz, müqəddəs torpağımız və şanlı bayrağımız naminə canımızdan keçməyə hazır idik və həmin gün bunu sübut etdik. O qanlı döyüşdə mən ağır yaralandım, şəhadət şərəfi mənə nəsib olmadı. Uzun müddət bunun ağrısını qəlbimdə daşıdım. Sonradan məlum oldu ki, yağı gülləsi ürəyimlə ciyərimin tam yaxınlığından keçibmiş. Huşumu itirməzdən əvvəl dağları lərzəyə gətirən partlayış səsini eşitdim.
Əsarətdə olduğum günlərdə ermənilərdən öyrəndim ki, 7 döyüş qardaşım eyni anda, bir-birinə sarılaraq özlərini əl qumbarası ilə partladıblar. 1 il 11 ay o cəhənnəm əzabına sinə gərdim və nəhayət, ümummilli lider Heydər Əliyevin sarsılmaz iradəsi və misilsiz səyləri nəticəsində yenidən vətənə qovuşdum. Bu gün qəlbim, bir az da olsa, təskinlik tapır. Çünki illər sonra qardaşlarımın qanı yerdə qalmadı, intiqamımız layiqincə alındı. Artıq əminəm ki, Xocavənd dağlarında canını qurban verən 7 igidin ruhu şaddır.
Kəşfiyyat qrupunun fədailəri arasında bir taleyin dərdi daha ağır, daha nisgilli idi. Qrupun ailəli olan yeganə üzvü Vüqar Yarəhmədov şəhadət şərbətini içəndə arxasında gözüyaşlı ömür-gün yoldaşı və atasının ölümündən sonra dünyaya gələcək can qoyub getmişdi. Onun əbədiyyətə qovuşmasından cəmi iki ay sonra dünyaya gələn körpəyə atasının adını verdilər. Adı ilə bərabər, atasının vüqarını, mətanətini və vətən sevdalı ruhunu da miras alan kiçik Vüqar böyüdükcə daxilindəki o qəhrəmanlıq çağırışına biganə qala bilmədi.
İllər sonra Vüqar atasının yarımçıq qalan izini tamamlamağa qərar verdi. Anasının və nənəsinin onsuz da illərdir kədərdən yorulmuş ürəyinə yenidən təşviş salmamaq üçün onlardan gizli, xəbərsiz könüllü olaraq kəşfiyyat qrupuna yazıldı. Taleyin hikmətinə bax ki, atası kəşfiyyatçı kimi tarix yazmışdı, oğlu isə o tarixin davamçısı olmaq üçün eyni yola baş qoydu. O, atasının üzünü heç vaxt görməsə də, ləyaqətini çiyinlərində daşıyır.
Qəhrəmanlıq sonradan seçilən tale deyil, ruhun əzəldən gələn harayı, yaradılış qayəsidir. Elə insanlar var ki, onlar dünyaya göz açdıqları andan şəhadət və zəfər eşqi ilə nəfəs alırlar.
Bu tarixi döyüşün qəhrəmanlarından olan şəhid Vüqar Yarəhmədovun anası Elza Yarəhmədova ilə həmsöhbət olduq. Elza ana oğlunun uşaqlıq illərindən, vətən sevgisindən və keçdiyi şərəfli ömür yolundan bəhs etdi:
– Atam İkinci Dünya müharibəsində kəşfiyyatçı olub. Həmişə müharibədən, tapşırıqları yerinə yetirməsindən danışırdı. Vüqar ona böyük maraqla qulaq asırdı və elə uşaqlıqdan hərbə böyük marağı yarandı, Vüqarın qəlbinə hərb sevdasını o salmışdı. Biz isə ailədə tək oğlan olduğu üçün onu hərbdən uzaqlaşdırmağa çalışırdıq. Hər ana istəyər ki, balası yanında olsun, təhlükədən uzaq dursun. Amma Vüqar bu peşənin vurğunu idi. Deyərdi ki, ana, kəşfiyyatçı 15 dəqiqənin içində tapşırığı yerinə yetirib geri dönür, qayıda bilməsə, düşmən əlinə keçməmək üçün özünü məhv edir. Sanki Vüqarın ürəyinə dammışdı ki, onu belə bir tale gözləyir və buna görə də çox tələsirdi.
Bəlkə də özündən sonra bir yadigar qoyub getmək istəyirdi və ona görə də tez evləndi. Toyunda hərbi paltarda oturmaq istəyirdi, lakin onu fikrindən daşındıra bildik. Martın 30-da sonuncu dəfə görüşdük. Yola salanda xeyli Novruz şirniyyatı qoydum. Dedi ki, sən əməliyyat olunanda gələcəm. Aprelin 10-da mən əməliyyata getdim, Vüqar da şəhid oldu. Şəhid olanda qumbaranın halqası dişində idi.
Oğlumun şəhid xəbərini məndən bir aya yaxın gizlətdilər. Aprelin 19-da xəstəxana palatasında televizora baxırdım. Jurnalistlər Heydər Əliyevə şəhidlərlə bağlı sual verəndə o dedi ki, müharibə gedən dövlətdə şəhidlər olar. O cümlə elə bil ürəyimə ox kimi sancıldı. Yoldaşımdan soruşdum ki, Vüqar niyə gəlmir? Axı bilirdi anası əməliyyat olunacaq. Özümə yer tapa bilmirdim. Məni aldadıb deyirdilər ki, cəbhə bölgəsindədir, Şamaxıya, Xaçmaza gedib.
Vüqar əsgərlərini öz canından çox istəyirdi. Gedəndə deyirdi ki, ana, əgər sənə əziyyət deyilsə, çoxlu yeməklər bişir, mənim əsgərlərim sağlam qidalanmalıdır. Axırıncı gün atası ondan bir sözünün olub-olmadığını soruşanda yenə “Şamaxıya gedirik” deyib gizlətmişdi. Getməmişdən qabaq vağzaldakı ticarət mərkəzindən əsgərləri üçün hədiyyələr almışdı.
Hərbi ali məktəbdə oxuyanda Qafqazlı olduğu üçün ona söz atanların cavabını verdiyinə görə onu xaric etmişdilər. Atası deyirdi ki, bəlkə qismətdir, elə Rusiyada qalıb başqa işlə məşğul olasan. Amma Vüqar razı olmadı, Moskvadakı səfirliyə, hərbi attaşeyə qədər çıxdı və yenidən bu sənətə qayıtdı. O, məktəbin tarixində qovulub yenidən bərpa olunan ilk tələbə oldu. Qayıdandan sonra cəmi 7 ay cavan leytenant kimi işləyə bildi. Həmişə çox gülərüz, mehriban idi. Lətifə danışmağı, karikatura çəkməyi və şeir yazmağı çox sevirdi.
Şəhid Dinar Mustafayevin bacısı Şəfəq xanım da ürəkparçalayan xatirələrini bizimlə bölüşdü:
– Bizi o ağrılı gündən 29 il ayırır. Lakin zaman ağrını azaltmır. Biz onun yoxluğundan sonra anladıq ki, nəfəs almaq hələ yaşamaq deyilmiş. 20 illik qısa ömür sürsə də, Dinar zamana sığmayan əbədiyyət qazandı, öz canını Vətən torpağına qatdı.
Biz Qərbi Azərbaycandan, öz dədə-baba yurdumuzdan didərgin düşüb Şəmkirin Ələsgərli kəndində məskunlaşanda, o, yurd itkisinin acısını hələ uşaq ikən yaşamışdı. Bəlkə də buna görə idi ki, onda düşmənə qarşı nifrət və doğma torpağa bağlılıq on qat, yüz qat daha güclü idi.
Dinarın şəhadət xəbəri mənə hər kəsdən əvvəl, yuxumda əyan olmuşdu. O gecə yuxumda radionun səsini eşitdim, diktor həyəcanla xəbər verdi: “Füzuli uğrunda gedən ağır döyüşlərdə Mustafayev Dinar İbrahim oğlu qəhrəmancasına həlak oldu”. Elə bir nalə çəkib oyandım ki, hər kəs də mənimlə birgə yuxudan ayıldı. Anama yuxumu danışanda, “bala, qardaşına uzun ömür vermisən” desə də, qardaşım artıq şəhadət zirvəsinə ucalmışdı. Bütün qohum-əqraba bilsə də, bizə deməyə cəsarət etmirdilər.
Oktyabrın 6-sı idi. Dedilər ki, Dinar yaralanıb, onu Bakıya gətirirlər. Amma ürəyimə dammışdı, bu, yaralanmaq deyildi. O zülmət gecəni yol boyu necə keçdik, bir Allah bilir. Sumqayıta çatanda mən qardaşımın tabutdakı soyuq cismini gördüm. Dinar artıq şəhidlik zirvəsinə ucalmışdı.
Zaman keçsə də ağrılar dinmir. Lakin bu ağrılar həm də azadlığımızın və mənəvi ucalığımızın bədəlidir. Şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiramla əyirik, onlar cismən aramızdan getsələr də, qoyub getdikləri şərəfli iz hər zaman yolumuzu işıqlandıracaq. İllərlə həsrətin dumanına bürünmüş o uca zirvələrdə artıq kədərin deyil, zəfərin mehi əsir. O gün 7 kəşfiyyatçımızın qanı ilə möhürlənən torpaqlarda bu gün biz artıq boynubükük deyil, alnıaçıq və qürurla addımlayırıq. Onların can qoyduğu, hər qarışını müqəddəs əmanət kimi qoruduğu torpaqlar indi azadlığın ən uca kürsüsüdür.
Hazırladılar:
Fidan ƏLİYEVA,
Cavid QAÇAYEV (foto)
XQ





