Erməni baş nazirin dedikləri və ... gizli saxladıqları
Baş nazir Nikol Paşinyan Ermənistanın 29 min 743 kvadratkilometr ərazi ilə məhdudlaşmamalı olduğu barədə bəyanatların təhlükəli olduğunu deyib. Əslində, N.Paşinyan parlamentdəki brifinqdə bir sıra başqa məsələlərə də toxunub və onlardan söz açacağıq. Amma ilk növbədə, buna diqqət yetirməyi zəruri sayırıq.
Brifində N.Paşinyana ünvanlanan sual belə olub: “Hakim “Vətəndaş sazişi” partiyasının nümayəndələri nə üçün bildirirlər ki, bəzi müxalif qüvvələr hakimiyyətə gəlsələr, yeni müharibə başlayacaq?”. Məsəsə ondadır ki, Ermənistanın 29 min 743 kvadratkilometr ərazi ilə məhdudlaşmamalı olduğunu deyib sərsəmləyən ölkənin ikinci prezidenti Robert Koçaryan idi. O, mövqeyini əsaslandırmaq məqsədilə cəfəngiyyata da varmışdı... R.Koçaryan “Vətəndaş sazişi” partiyası nümayəndələrinin apardığı təbliğatın yanlışlığını sübuta yetirmək istəmişdi. Axı Paşinyan başda olmaqla, hakim partiyanın təmsilçiləri pencəklərinin yaxasına Ermənistanın xəritəsinin əksini tapdığı döş nişanlarını taxırlar. Deməli, Paşinyan brifinqdə yalnız suala deyil, həm də Koçaryana cavab verib. Onun cavabı isə belədir: “Əgər hansısa siyasi qüvvə deyirsə ki, Ermənistan 29 min 743 kvadratkilometr ərazi ilə məhdudlaşmamalıdır, bu, faktiki olaraq, qaçılmaz müharibə deməkdir. Yəni mübahisə ediləcək xüsusi bir məsələ yoxdur”.
Həqiqətən, Ermənistan hazırda malik olduğu ərazi ilə kifayətlənmək istəməsə, Azərbaycanla yeni müharibəyə başlayacaq. O müharibəyə ki, bu dəfə ölkənin varlığına son qoyacaq, onu xəritədən siləcək, sinəyə taxmağa döş nişanı da qalmayacaq. Əlbəttə, Koçaryan və onun kimilər durumun fərqində deyillər, çünki kölədirlər. Belələri üçün Ermənistan adlı dövlətin mövcudluğu ilə varlığını itirməsi arasında heç bir fərq yoxdur. Təki, xaricdəki ağalarının sifarişləri yerinə yetsin. Nəzərə alaq ki, Koçaryan və Sarkisyandan ibarət xunta rejimi 30 ilə yaxın müddətdə Ermənistanı quberniya canişini kimi idarə edib, hər cür quldurluq əməlləri törədib. İndi həmin quldurlar yenidən köhnə dövrə qayıtmaq istəyirlər. Anlaya bilmədikləri bir şey var: Azərbaycan illər əvvəlki Azərbaycan deyil. Ermənistanın baş nazirinin brifinq zamanı üzərində dayandığı ikinci məsələyə keçid alaq.
* * *
Bəli, Azərbaycan ötən əsrin əvvəllərindəki Azərbaycan olmadığından Ermənistan qarşısında işğalçılığa tamamilə son qoymaq tələbini irəli sürür. Daha doğrusu, ölkəmiz qonşusunun bütün təcavüzkar təmayüllərdən uzaq durmasının vacibliyi prinsipiallığını qoruyur. Ona görə də rəsmi Bakı bu qənaətdədir ki, Ermənistan konstitusiya dəyişikliyinə getməlidir. Hay iqtidarı dəfələrlə bu tələbə qarşı çıxdığını bəyan etsə də, onun son dövrlərdəki ritorikası başqa mətləblərdən xəbər verir. Yəni Ermənistanda yeni əsas qanunla bağlı müzakirə gedir, hətta onun mətni də hazırdır. Paşinyan isə brifinq zamanı bildirib ki, konstitusiyanın qəbulunun yalnız bir yolu var – ümumxalq səsverməsi, yəni referendum.
Təbii, yeni konstitusiya referendum yolu ilə qəbul edilməlidir. Deməli, Paşinyan ölkədə seçki ilə yanaşı, referendum gündəminin olduğunu rəsmən təsdiqlədi. O, eyni zamanda, bir sıra məqamlara diqqət yetirərək nəticəyə gəlib. Məsələn, baş nazir qeyd edib ki, qüvvədə olan konstitusiyaya əsasən bəzi maddələr parlamentdə səsvermə yolu ilə (2/3 səs çoxluğu ilə – red.) dəyişdirilə bilər. “Bizim komandada da konstitusiyanın müəyyən maddələrinə dəyişiklik etmək səlahiyyətinin parlamentə verilib-verilməməsi ilə bağlı müzakirələr aparılır”, – deyən Paşinyan, həmçinin vurğulayıb ki, düzəlişlər və dəyişikliklər yalnız xalq tərəfindən edilməlidir. Yəni Nikolun gəldiyi nəticə budur.
Əlbəttə, başlıca məqam Ermənistan konstitisiyasının ölkənin işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qalxmasından gedir. O bəyannamə ki, orada Azərbaycanda mövcud olmuş qurumun – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin adı yer alır. O ərazi ki, özündə münaqişə məntiqini saxlayır və iki müharibəyə, çoxsaylı insan itkilərinə, məhrumiyyət və məşəqqətlərə səbəb olub. Məhz buna görə rəsmi Bakı Ermənistanın rəsmən münaqişə məntiqindən uzaq durmasını tələb edir.
Onu da deyək ki, Ermənistan hakimiyyətinin nümayəndələri yeni konstitusiya ilə bağlı zaman-zaman səsləndirdikləri və ölkənin əsas qanununda Azərbaycana qarşı, guya, ərazi iddiasının olmadığına dair fikirləri təkrarlamaqdan, daha doğrusu, bunu daim təkrarlamaq zərurətindən xilas olacaqlar. Əlbəttə, o yeni konstitusiya ilə ki, orada qonşulara qarşı ərazi iddiasını nəzərdə tutan heç bir müddəa, yaxud istinad qalmayacaq.
* * *
N.Paşinyanın Ermənistan parlamentindəki brifinqi zamanı dediyi fikirlərə nəzərən üçüncü məqama diqqət yetirək. Nəzərə alaq ki, o, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü ilə bağlı bütün təfərrüatların ictimaiyyətə açıqlandığını və heç bir gizli məqamın olmadığını bildirsə də, bəlkə özü də fərqinə varmadan çox vacib nüansı diqqətə çatdırıb. Nikol Kreml rəhbəri ilə işçi nahar zamanı onunla növbəti yüksək səviyyəli görüşün iyunun ikinci yarısına planlaşdırıldığını deyib. Yəni parlament seçkilərindən sonraya. İstər-istəməz, sual yaranır: Paşinyan seçkidə qələbəyə əmindirmi ki, görüş planlaşdırır? Yaxşı, tutalım o əmindir, bəs Putin? Burada gizli məqam axtarmaq mümkündür, amma hələlik məsələnin üzərinə getməyə lüzum görmürük.
Tutaq ki, Paşinyanın partiyası parlament seçkilərində qalib gəldi və o, yenidən baş nazir oldu. Görəsən, Nikol iyunun ikinci yarısında Putinlə nə barədə söhbət edəcək? Bilinmir. Əsas odur ki, Paşinyan Rusiyanın arxasınca və ya ölkəyə zidd heç bir iş görmədiyini vurğulayır. Bu yerdə azərbaycanlı politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun bir neçə gün əvvəlki açıqlaması yada düşür. Cənab Zülfüqarov demişdi ki, Paşinyan Moskvaya Rusiyanı TRIPP-də iştiraka dəvət üçün gedib.
Əlbəttə, birmənalı şəkildə deyə bilmərik ki, keçmiş XİN rəhbərinin fikirləri reallıqla uzlaşır. Amma istər-istəməz, şübhələr yaranır və ortaya suallar çıxır: Paşinyan Moskvaya nə üçün getmişdi? Bəlkə Nikolun Putinlə söz güləşdirməsi yalnız görüntü xarakteri daşıyırdı və gerçək mahiyyət tamamilə başqadır? Suallar çoxluğunda isə yada TRIPP düşür. O TRIPP ki, özündə Naxçıvana maneəsiz yol məntiqini birləşdirir və hazırda bu layihə ilə bağlı məsələ diqqəti Ermənistan dəmir yolları şəbəkəsinə yönəldir.
* * *
Məlum olduğu kimi, Ermənistan ərazisindəki dəmir yolları üzərində nəzarət konsessiya müqaviləsi ilə Rusiya şirkətinə məxsusdur. O da məlumdur ki, Moskvanın TRIPP-ə yanaşması məhz bu müqaviləni xatırlatmaq üzərində qurulub. Rusiya tərəfi “Cənubi Qafqaz Dəmir Yolları”nın (CQDY) sözügedən konsessiya müqaviləsinin şərtlərini, o cümlədən investisiyalarla bağlı öhdəlikləri məsuliyyətlə yerinə yetirdiyi qənaətindədir. Çünki Ermənistanın dəmir yolları sisteminə, habelə vaqon-lokomotiv parkına 30 milyard rubldan çox, təxminən 400 milyon dollara yaxın investisiya yatırılıb. Üstəlik, Rusiya Ermənistan dəmir yolu sisteminin 1200-dən çox daşınmaz əmlakı və 12500-dən çox daşınar aktivi üçün məsuliyyəti öz üzərinə götürüb. Habelə son 20 ildə sözügedən konsessiya müqaviləsi sayəsində Ermənistan büdcəsinə vergi şəklində 15 milyard rubldan çox, təxminən 200 milyon dollara yaxın vəsait daxil olub və 520 kilometrdən çox dəmir yolu təmir edilib.
Yəni bütün bunları açıqlayan rəsmi Moskva saziş öhdəliklərini yerinə yetirdiyini, hətta lazım olduğundan da artıq işlər görüldüyünü bildirir. Paşinyan isə Moskva səfərindən qayıdar-qayıtmaz demişdi ki, ölkəsi dəmir yollarının idarə olunmasına dair Rusiya ilə bağlanmış konsessiya müqaviləsini vaxtından əvvəl ləğv etmək üçün hüquqi mexanizmlərə malikdir. Xatırdaladaq ki, Rusiya rəsmiləri daha əvvəldən belə bir mexanizmin tətbiqindən irəli gələn təzminatın Ermənistan və dostları tərəfindən ödənilə bilməyəcəyini vurğulayıblar.
Bəli, ayının min oyunu bir armudun başında olduğu kimi, Rusiyanın da Ermənistan dəmir yolları xüsusunu qabartmasının məramı TRIPP-ə qarşı çıxmaqdır. Təbii ki, məsələ yalnız qarşı çıxmaq kimi qiymətləndirilə bilməz. Çünki indiki çətin vəziyyətində Kreml qlobal kommunikasiya habında iştirakı istəyər. Amma hansı şərtlərlə iştirakı, başlıca sual budur. Rusiyalı siyasi ekspertlər bildirirlər ki, Moskvanın məqsədi Cənubi Qafqazda üçüncü qüvvələrin dominantlığına imkan verməməkdir. Yəni onların baxışlarına inansaq, Rusiya özü dominantlıq iddiasında deyil, ancaq bərabərtərəfli əməkdaşlığa can atır. Ümumən bu mövzuya dair suallar açıq qalır. Həm də ona görə açıq qalır ki, TRIPP-dən söz düşəndə Rusiya özünün Ermənistandakı hərbi mövcudluğunu yada salır. Bəli, Rusiya rəsmiləri bildirirlər ki, TRIPP-in keçəcəyi ərazilərdə rus hərbçiləri var. Deməli, Moskva Cənubi Qafqazdakı mövcudluğun hərbi seqmentindən başqa nə isə düşünmür. Söhbət TRIPP-dən gedirsə, hazırkı status baxımından rus hərbçiləri yolkəsən qiyafəsindədirlər. Elə isə daha bir sual yaranır: Rusiyada ölkələrinin region üzrə nəqliyyat kommunikasiyalarının açılmasında maraqlı olduğunu dilə gətirənlər hansı formulu nəzərdə tuturlar? Formul ya yoxdur, ya da gizlidir.
Gizlilikdən söz düşmüşkən, brifinq zamanı Rusiyadan heç bir gizli iş tutmadığını dilə gətirən Paşinyan Qazaxıstanın xarici işlər nazirinin Ermənistana səfəri zamanı ölkənin dəmir yolu şəbəkəsinin yeni konsessiya idarəçiliyinə verilməsi məsələsinin müzakirə olunub-olunmayacağı barədə sualı belə cavablandırıb: “Qazaxıstan artıq ötən ilin avqust ayından “Tramp marşrutu”na marağını gizlətmir. Lakin Qazaxıstan bu marağı göstərən yeganə ölkə deyil. Belə ölkələr çoxdur və biz, o cümlədən Qazaxıstan, təkliflə çıxış etməliyik. Bu ölkələr Ermənistan ərazisindən keçən tranzit marşrutlardan öz ixrac, idxal zəncirlərində, eləcə də təqdim etdikləri nəqliyyat xidmətlərində istifadə etməyə hazır olmalıdırlar”.
Göründüyü kimi, Paşinyan mümkün qədər çalışır ki, TRIPP siyasi layihə mahiyyətindən uzaq tutulsun. Rusiyanın mövqeyi isə budur ki, rəsmi İrəvanın dəmir yolu şəbəkəsinin idarəçiliyinin həm Rusiya, həm də Ermənistan üçün dost olan ölkəyə verilməsi məsələsini müzakirəyə çıxarması yolverilməzdir. Məsələn, ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun fikrincə, Ermənistan hakimiyyətinin istəyi mövcud sferada Rusiyanı əvəzləmək cəhdidir və belə bir cəhd ona baha başa gələr: “Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləməyə çalışması yanlış düşünülmüş qərardır. Onların qurduğu sistem “bir gecənin içində çökə bilər”.
* * *
Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal. Sonda ümumiləşdirmə apararaq Paşinyanın hazırkı durumunun məhz bu deyimi yada saldığını bildirək. Əlbəttə, Nikolun təzyiqlərə sinə gərməsi, o cümlədən Azərbaycanla sülh və sülhün başlıca komponenti olan TRIPP yolunda irəliləməsi mümkündür. Amma bunun üçün keçiləcək hədd, aşılacaq sədd var. Paşinyan vətərəfdarları iyunda keçiriləcək parlament seçkilərindən qalib ayrılmalıdırlar. Hazırda hay hakim komandasının qarşısında duran ən mühüm vəzifə budur. Bu, elə bir vəzifədir ki, ondan bütövlükdə Cənubi Qafqaz regionunun gələcək axarı, ən əsası, Ermənistanın mövcud trayektoriyada təmsilçiliyi asılıdır.
Ə.CAHANGİROĞLU
XQ

