Qarabağ Universiteti Türk dünyasına qucaq açdı

post-img

Xankəndidə keçirilmiş VII Türkoloji Yay Məktəbi ali təhsil sahəsində əməkdaşlığa töhfədir

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq fəaliyyətinin ən mühüm layihələrindən olan Qarabağ Universiteti bugünlərdə daha bir beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi, Türk dünyasının ortaq elmi gələcəyinin növbəti təməlləri Xankəndi şəhərində atıldı. Elm və Təhsil Nazirliyi, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 10-16 avqust tarixlərində keçirilən VII Türkoloji Yay Məktəbi bu ali təhsil ocağının akademik əməkdaşlığının genişləndirilməsinə də böyük töhfə oldu.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan 32 gənc alim və doktorantın qatıldığı bir həftəlik yay məktəbi çərçivəsində türkologiyanın dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları istiqamətləri üzrə intensiv dərslər təşkil olundu. Dərslər 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssis tərəfindən keçirildi.

Yay məktəbinin Xankəndi şəhərində keçirilməsi, Qarabağ Universitetinin müəllim və doktorant əməkdaşlarının proqramda fəal iştirakı 7-ci dəfə təşkil olunan beynəlxalq tədbiri xüsusilə əhəmiyyətli hadisəyə çevirdi, Qarabağ Universitetinin elmi fəaliyyətinin beynəlxalq səviyyədə nümayiş etdirilməsinə də növbəti imkan yaratmış oldu.

VII Türkoloji Yay Məktəbinin avqustun 11-də baş tutan açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker çıxış etdilər.

Şahin Bayramov iştirakçıları salamlayaraq, belə nüfuzlu və davamlı bir layihənin Qarabağ Universitetində keçirilməsinə görə bütün tərəfdaş qurumlara təşəkkürünü bildirdi. O, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, suverenliyinin təmin olunmasından sonra Qarabağda həyata keçirilən quruculuq işlərinin ən mühüm layihələrindən birinin Qarabağ Universitetinin yaradılması olduğunu vurğuladı. Qeyd etdi ki, bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına verdiyi yüksək dəyərin bariz göstəricisidir. Yay məktəbinin müxtəlif dövlətlərdən gələn alimlərin fərqli tədqiqat baxışlarını gənclərə təqdim etmələri ilə yanaşı, Türk dünyasında türkçülüyün güclənməsinə töhfə verəcəyi vurğulandı.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev çıxışında VII Türkoloji Yay Məktəbinin azad Xankəndində yerləşən Qarabağ Universitetində keçirilməsini böyük qürur və xoşbəxtlik kimi qiymətləndirdi. Tarixi fakt və hadisələrə toxunan Ş.Mustafayev Qarabağın işğaldan əvvəl də elmin, mədəniyyətin və incəsənətin beşiyi olduğunu vurğuladı. O, builki yay məktəbini ortaq tarixi köklərə, dilə, mədəniyyətə sahib olan Türk dünyasının elmi inteqrasiyasını gücləndirən, qarşılıqlı anlaşmanı və bilik mübadiləsini təşviq edən mühüm akademik platforma kimi dəyərləndirdi.

Alanya Alaaddin Keykubat Universitetinin pedaqoji fakültəsinin dekanı Özgür Kasım Aydemir Türk dünyasında ortaq əlifba mövzusunda çıxış edərək bildirdi ki, bu məsələnin ilk rəsmi müzakirəsi 131 nümayəndənin iştirakı ilə 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən I Türkologiya Qurultayında baş tutub. Natiq vurğuladı ki, “türk dili isə türk millətinin sivilizasiya dünyasının qalasıdır”.

Yay məktəbində Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov “Türk dünyasında ortaq əlifba problemi”, Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə isə “Qarabağın paleoekosisteminin insanın təkamülündəki rolu” mövzularında mühazirələr oxudular. Tədbir növbəti elmi məruzələrlə davam etdi və Qarabağ Universitetinin İncəsənət fakültəsinin əməkdaşlarının çıxışları ilə yekunlaşdı.

Qonaqların mədəni istirahətləri də diqqətdən kənarda qalmamışdı. Belə ki, proqrama uyğun olaraq iştirakçılar üçün gəzinti təşkil edildi, gənc türkoloqlar Şuşaya və İsa bulağına səfər edərək Azərbaycanın zəngin tarixi və mədəniyyət irsi ilə yaxından tanış oldular. Bundan əlavə, iştirakçılardan ibarət 9 komanda – “Dədə Qorqud”, “Manas”, “Orxon-Yenisey”, “Oğuz”, “Altay”, “Alpamış”, “Xəzər”, “Göytürk” və “Turan” arasında bilik yarışı keçirildi.

Maraqlı mübarizənin nəticələrinə uyğun olaraq “Göytürk” komandası birinci, “Manas” ikinci, “Dədə Qorqud” isə üçüncü yerin qalibi oldu və müvafiq sertifikatlarla təltif olundular. Yay məktəbinin sonunda iştirakçılara Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə sertifikatları təqdim edildi.

VII Türkoloji Yay Məktəbi iştirakçıları tədbir haqqında və Qarabağda keçirdikləri xoş anların təəssüratlarını “Xalq qəzeti” ilə də bölüşdülər.

Talqat Moldabay (Qazaxıstan):

– VII Türkoloji Yay Məktəbi sayəsində Qarabağ Universitetindəyəm və bundan böyük məmnunluq duyuram. Dünyada öz yazısı olan azsaylı xalqlardan biri türk xalqıdır. Biz bilirik ki, ortaq türk yazısı ilə bağlı ilk araşdırmalar Azərbaycanda aparılıb. Belə ki, bu prosesə 1926-cı ildə keçirilən ilk Türkoloji Qurultayda başlanılıb. Bu gün də biz Qarabağ Universitetində həmin ənənənin davamı olaraq dünya türkologiyasında türk yazısının – Göytürk yazısının əhəmiyyətini və onun türk dünyasındakı yerini öyrənməyə çalışdıq. 5 il əvvəl Xankəndidə olacağımızı və belə bir proqramda iştirakımızı heç təsəvvür edə bilməzdik. İndi bu fürsət bizə nəsib olub, azad və yenidən qurulan Qarabağdayıq. Qazaxıstan və bütün türk dünyasının ürəyi hər zaman Azərbaycan xalqı ilə birlikdə döyünüb və Qarabağın yenidən bərpasına yaxından şahidlik etməkdən çox xoşbəxtik.

Zagarperenlei Tumenbayar (Monqolustan):

– İştirak etdiyimiz VII Türkoloji Yay Məktəbi xüsusilə gənc alimləri bir araya gətirən çox önəmli layihədir. Bu tədbirin Azərbaycanın Qarabağ bölgəsində keçirilməsi mənim üçün böyük əhəmiyyət kəsb edir və bu xəbəri ilk dəfə eşitdiyim zaman çox sevindim. Çünki bu torpaqlara gəlməyi arzulayırdım. Qarabağ türk dünyası üçün çox önəmli bir bölgədir. Ümid edirəm ki, gələcək illərdə daha gözəl layihələrdə və proqramlarda yenidən bir araya gələcəyik.

Dilnavoz Abdulazizova (Özbəkistan):

– Türkoloji yay məktəbində iştirak etmək mənim üçün həqiqətən böyük qürur və sevinc mənbəyidir. Biz fərqli ölkələrdən gəlsək də, ortaq dilimiz, mədəniyyətimiz və tariximiz var. Bu yay məktəbi sayəsində biz yalnız bilik əldə etmədik, eyni zamanda yaxşı dostluqlar qazandıq. Burada olmaq, bu torpaqları görmək və hiss etmək mənim üçün olduqca qiymətlidir. Bu şəraiti yaradan hər kəsə təşəkkür edirik.

Mehmet Oğuz Şavlı (Türkiyə):

– Qarabağ bütün türk xalqları üçün əhəmiyyətli bir coğrafi məkanda yerləşir. Bu yerlərin tarixi keçmişi və yaşanılan hadisələr hər birimizin yaddaşındadır. Bu gün Qarabağda infrastruktur sürətlə inkişaf edir. Şəhərdə və binalarda bu inkişaf açıq şəkildə görünür. Buraya gəldiyimiz andan etibarən müşahidələrimiz bunu göstərir. Qısa müddət ərzində Qarabağın bu dərəcədə inkişaf etməsindən təsirlənirik. Buna görə də məsul şəxslərə təşəkkürümü bildirirəm. İnanıram ki, Qarabağ böyük bir sülh simvolu olacaq. Kimliyimiz türkdür, qəlbimizdə isə Qarabağdır!

Gülnar Tağıyeva (Azərbaycan):

– Builki proqram çərçivəsində Türk dünyasının tarixi, incəsənəti, mədəniyyəti və arxeologiyası ilə bağlı dəyərli alimlərdən çox mühüm dərslər aldıq və bu bizim üçün böyük əhəmiyyət daşıyır. Digər dövlətlərdən olan iştirakçılarla dostluq əlaqələrimiz yarandı. Bununla yanaşı, yay məktəbinin məhz Xankəndidə keçirilməsi də bizim üçün önəmlidir, çünki biz burada canlı tarixin şahidi oluruq.

Qeyd edək ki, Türkoloji Yay Məktəbi indiyədək Türkiyə, Qırğızıstan və Qazaxıstanda təşkil edilib. Qarabağ Universiteti bu ənənənin davamlılığını təmin etmək məqsədilə gələcəkdə də Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası ilə Türk dünyasının ortaq irsinin araşdırılması, öyrənilməsi və təbliği istiqamətində birgə layihələr həyata keçirməyi planlaşdırır.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi



Sosial həyat