ABŞ Pprezidenti Donald Tramp ölkəni qanunsuz miqrantlardan təmizləmək vədi istiqamətində daha bir addım atıb. Bu həftə məlum olub ki, ABŞ Dövlət Departamenti 55 milyondan çox vizaya sahib olan əcnəbilərin məlumatlarını yoxlamağı planlaşdırır. Məqsəd – qanun pozuntularını aşkar etmək və ABŞ-a giriş və ya burada qalmaq hüququnu itirənləri müəyyənləşdirməkdir. “Associated Press” xəbər agentliyinin məlumatına görə, Dövlət Departamenti bu yoxlamalarda həm hüquq-mühafizə orqanlarının məlumatlarını, həm də açıq və qapalı mənbələrdən əldə olunan digər bilgiləri nəzərə alacaq. Ən xırda pozuntu – müddəti bitmiş viza, yaxud ABŞ-da terrorçu təşkilat hesab edilən qurumlarla əlaqə – vizanın ləğvi və sahibinin deportasiyası üçün əsas ola bilər.
Bu plan Tramp administrasiyasının miqrasiya siyasətində növbəti sərt addımı sayılır. ABŞ prezidentinin miqrasiyaya qarşı mübarizəni daxili siyasətin əsas istiqamətlərindən birinə çevirdiyi bildirilir. Cəmi iki gün əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti yeni qaydalar dərc edib. Bu qaydalara əsasən, viza və ya vətəndaşlıq üçün müraciət edənlər sosial şəbəkələrdəki paylaşımlarına görə də yoxlanılacaq. Söhbət “antiamerikan baxışlardan” və hətta antisemitizmdən gedir. Xidmətin nümayəndəsi Metyu Trageser bəyan edib ki, ABŞ-da yaşamaq və işləmək hüququ bir imtiyazdır və bu, ölkəni hörmətsizlik edənlərə verilməməlidir.
Yeni yanaşma ABŞ-da təhsil alan əcnəbilərlə bağlı əvvəllər qəbul edilmiş qaydaları da xatırladır. İyunda Fələstini dəstəkləyən tələbə aksiyalarından sonra Dövlət Departamenti universitetlərə qəbul üçün müraciət edən əcnəbi tələbələrin də sosial şəbəkələrdəki fəaliyyətini izləməyə başlamışdı. Miqrasiya siyasəti üzrə ekspertlər hesab edirlər ki, nəzərdə tutulan 55 milyon vizə sahibinin əksəriyyəti ölkə hüdudlarından kənarda olduğu üçün real yoxlamalardan kənarda qalacaq. ABŞ-da hazırda onların yalnız üçdə biri yaşayır. Ekspert Culiya Celletin sözlərinə görə, hakimiyyət resurslarını ABŞ-a heç vaxt daxil ola bilməyəcək şəxslərin yoxlanmasına sərf etmək istəməyəcək.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, ötən il ölkədə 12,8 milyon daimi yaşama icazəsinə (kart) sahib şəxs, 3,6 milyon nəfərdə isə müvəqqəti viza olub. Tramp hakimiyyətə gələndən bəri ABŞ İmmiqrasiya və Gömrük Xidməti kütləvi deportasiya kampaniyasına başlayıb. “New York Times” yazır ki, avqustun əvvəlinə qədər ABŞ-da gündə orta hesabla 1,5 min adam deportasiya olunub. Ümumilikdə Tramp prezident seçiləndən bəri ən azı 180 min insan ölkədən çıxarılıb.
Müşahidəçilərin sözlərinə görə, Tramp administrasiyasının hazırkı miqrasiya siyasəti ABŞ-ın daxili və xarici gündəmini dəyişən amilə çevrilib. Deportasiyalar yaxın illərdə davam edəcək, lakin hədəflənən 1 milyon miqrantın hər il ölkədən çıxarılması real görünmür. Ən real ssenari – deportasiyaların hər il 400–500 min səviyyəsində davam etməsi, sosial şəbəkələrdə və ictimai fəaliyyətlərdə “loyallıq testinin” isə miqrantların ölkədə qalmaq imkanlarını ciddi məhdudlaşdırmasıdır. Bu siyasət ABŞ-ı həm daxildə, həm də beynəlxalq müstəvidə yeni siyasi mübahisələrin mərkəzinə gətirəcək.
ABŞ ilə müqayisədə Çin miqrasiya məsələsində qapalı siyasət aparır və xarici işçi qüvvəsinə çox az yer ayırır. Amma ölkədən çıxan çinli miqrantların sayı sürətlə artır. Yaponiya isə demoqrafik böhran səbəbindən miqrant işçi qüvvəsinə müəyyən yumşalma etsə də, hələ də sərt viza rejimini saxlayır. Buna görə də ehtimal edilir ki, ABŞ-ın sərt miqrasiya siyasəti ilə müqayisədə Asiya ölkələri daha çox iqtisadi maraqlara əsaslanacaq. Onlar işçi qüvvəsi çatışmazlığına görə müəyyən açılımlara məcbur qalacaq, ABŞ isə tam əksinə, “filtrasiya və deportasiya” xəttini gücləndirəcək.
Səbuhi MƏMMƏDOV
XQ