Qələbəmizin memarlıq təcəssümü
Qarabağımız, Şərqi Zəngəzurumuz sürətlə dirçəlir, azadlığına qovuşmuş yurd yerlərimiz gündən-günə abadlaşır. Bugünlərdə doğma sakinlərini qarşılamaqla “Böyük Qayıdış”ın növbəti ünvanına çevrilmiş Xankəndinin də siması dəyişməkdə, gözəlləşməkdədir. Görülən işlərdən, həyata keçirilən bərpa-quruculuq layihələrindən bu tarixi şəhərimizin sanki üzü gülür, burada yaşayanlara, çoxsaylı qonaqlarına qürur dolu anlar, fəxarət duyğuları bəxş edir.
İndi Xankəndinin gəzməli, görməli məkanları sırasına ötən ilin sonlarında Prezident İlham Əliyev tərəfindən açılışı edilmiş Zəfər parkı da daxil olub. Qısa müddətdə, cəmi 11 ayda inşa edilmiş park həm gözəlliyi ilə göz oxşayır, həm də əksər elementləri ilə rəşadətli ordumuzun mənfur düşmən üzərində qazandığı şanlı qələbələri gözlər önünə gətirir.
44 gün 44 metr yüksəklikdə
Parkın girişindən 44 metr hündürlüyündəki Zəfər tağına doğru irəlilədikcə üzərinə quraşdırılmış lövhələrdə Vətən müharibəsinin gündəlik gedişi və 2023-cü ildə keçirilmiş antiterror tədbirlərinin nəticələrini əks etdirən məlumatlar, azad olunmuş yaşayış məntəqələrinin adları yazılmış 44 pilləli pilləkənin yanından ötürsən. Hər pillənin yanında dayanıb Zəfər tariximizin qızıl hərflərlə yazılmış səhifələrini yenidən vərəqləmək isə xalqımızın tarixi ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını xatırladır.
Parkın tikintisi zamanı ziyarətçilərin xoş istirahətləri üçün hər şey nəzərə alınıb. Ərazidə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, həmçinin işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı park yerindəki mövcud ağaclar qorunmaqla, ümumilikdə 500-dən çox ağac, 11 mindən artıq kol bitkisi və müxtəlif güllər əkilib. Quraşdırılmış oturacaqlarda indi günün əksər saatlarında əyləşib Zəfərimizin Xankəndidəki yeni simvolunu heyranlıqla seyr edən ziyarətçiləri görmək mümkündür.
Rəmzi olaraq 44 metr hündürlükdə tikilmiş Zəfər tağının terrasına çıxmaq üçün tağın hər 2 tərəfində müasir lift quraşdırılıb. İçəri daxil olub əvvəlcə 9-cu mərtəbədə yerləşən “Zəfər qalereyası” sərgi-nümayiş zalına qalxdıqda, sanki sirli bir aləmə düşürsən. Qalereyada nümayiş olunan şəkillər insanı həyəcan dolu, sevincdən göz yaşları tökdüyümüz o möhtəşəm günlərə qaytarır. Burada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərinin, şəhər və qəsəbələrdə üçrəngli bayrağımızı ucaltmasının bəxş etdiyi qüruru yenidən yaşamaq mümkündür.
Daha bir mərtəbə yuxarı qalxdıqda isə bir anda özünü hər tərəfdən əsrarəngiz gözəlliklərə açılmış terrasda tapırsan. Elə bir yerdə ki, terrasın seyrangahından baxanda gördüklərini sözlə ifadə etmək asan deyil. Sanki təkcə Xankəndi deyil, Şuşa əlini uzatsan çatacaq məsafədə yaxınlaşır, dağlar boydaşına çevrilir. Buranın havası da bir başqa fərqli, bir başqa təmiz və zirvələrdə qəhrəmanlarımızın düşmən qarşısında qeyrətlə, əzmlə dayandıqları səngərlərdəki kimi daha soyuqdur. Ancaq bu soyuq insanı nəinki üşütmür, əksinə, damarlarında qanını coşdurur...
Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya da inşa olunub. Həmin “8”-i terrasın özündə dayanaraq görmək olmur, təxmin edə bilərsən. Çünki Qələbə bayramımızın tarixi rəqəmini daha yuxarıdan, azad Vətənimizin azad göylərindən görmək mümkündür.
Yeni ziyarətgahımız
Bu il öz sərt üzünü göstərmiş qışın soyuğuna baxmayaraq, Zəfər parkının qonaqları çox olur. Xankəndi sakinlərinin, burada yaşayıb işləyənlərin, turist kimi işğaldan azad edilmiş torpaqlarımıza üz tutanların əksəriyyəti, ilk növbədə, parkı ziyarət edirlər. Elə bizim parkla tanışlığımız zamanı da gəlib-gedənlər az deyildi. Ziyarətçilər arasında çoxluq təşkil edən gənclərdən bir neçəsinə yaxınlaşıb Zəfər parkı haqqında təəssüratlarını soruşduq.
Qarabağ Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin 1-ci kurs tələbələri Nəzrin Əsgərli və Fatimə Muradzadə ilk dəfə gəldikləri parkda qürur hissləri keçirdiklərini bildirdilər. Dedilər ki, sanki 2020-ci ildə baş vermiş Vətən Müharibəsini burada anbaan yenidən yaşadıq. Fəxr edirik ki, qəhrəman oğullarımız sayəsində azad edilmiş Xankəndidəyik. Burada yaşamaq, təhsil almaq, şəhərin gözəl yerlərini görmək bizim kimi minlərlə gəncə qismət olub.
Həyat yoldaşı və oğlu ilə birlikdə Zəfər tağına yaxınlaşan Pərviz Fərzəliyev isə Bakıdan Xankəndiyə qonaq gəldiyini, fürsətdən istifadə edib parkı ziyarət etmək istədiklərini dedi:
Bu bizim ilk səfərimizdir. Xankəndinin ab-havası, təmizliyi, gözəlliyi, təbiəti bizi heyran edib. Zəfər parkı da möhtəşəmdir. Parkın ərazisini gəzdik, həm zövq aldıq, həm də qürur duyduq. İndi də terrasa qalxıb ətrafı seyr edəcəyik. Bundan sonra Xankəndiyə tez-tez gəlməyi planlaşdırırıq.
Sözsüz, havalar isinəndə Zəfər parkında daha qələbəlik olacaq, Zəfərimizin möhtəşəm rəmzinə çevrilmiş bu parkın ziyarətçiləri də gündən-günə artacaq!
Mahir RƏSULOĞLU,
“XQ”nin Qarabağ müxbiri, Xankəndi


